Kann Film Festivalının ən yaxşısı - Ömür ağacı
23 May 2011 Bazar Ertəsi 13:17
Terrens Malikin filmi Ömür ağacı “Qızıl Palma budağı”na layiq görülüb.
64-cü Kann Film Festivalının qaliblərinin adları açıqlanıb. ANS PRESS-in festivalın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, mükafatların təqdimetmə mərasimində münsiflər heyətinin sədri Robert De Niro çıxışında “Yaxşı filmlər arasında seçim etmək çox çətin idi” deyib.
Kann Festivalının əsas mükafatı sayılan “Qızıl Palma budağı” qəddar ata və evin böyük oğlu arasındakı münasibətlərdən bəhs edən “Ömür ağacı” filminə verilib. Baş rollarda Bred Pitt və Şon Penin çəkildiyi filmin rejissoru Terrens Malikdir.
Qaliblər arasında türk rejissoru Nuri Bilge Ceylan da var. Kənd həkiminin cinayət işini aparan hakimin 12 saatlıq hekayəsindən bəhs edən “Bir zamanlar Anadoluda” filmi ilə kinofestivala qatılan Nuri Bilge Ceylan “Böyük Jüri” mükafatına layiq görülüb. Filmdə baş rolları Yılmaz Ərdoğan, Taner Birsəl, Məhəmməd Uzunər ifa edib.
“Böyük Jüri” mükafatının digər qalibi “Velosipedli uşaq” filmi ilə Şon-Pyer Dardenn olub.
“Ən yaxşı rejissor” nominasiyasında danimarkalı rejissor Nikolas Uindinq Refn qalib oldu. Refn festivala bir kaskadyorun həyatından danışan “Sür” filmi ilə qatılıb.
“Ən yaxşı ssenari” mükafatı yəhudi rejissor Jozef Sezarın “Qeyd” filminə görə verilib.
“Ən yaxşı aktrisa” mükafatı “Melanxoliya” filmində baş rolun ifaçısı Kristian Dansta verilib. Qeyd edək ki, filmin rejissoru Danst Lars fon Trayer nasist fikirlərinə görə bir neçə gün öncə kinofestivaldan kənarlaşdırılmışdı.
“Ən yaxşı aktyor” mükafatına isə Jan Dyujarden “Aktyor” filmindəki ifasına görə layiq görülüb. “Jüri mükafatı”na fransız rejissor Mayvenin “Polis” filmi sahib çıxıb. Qısametrajlı filmlər kateqoriyasında “Qızıl Palma Budağı” bu il Marina Vrodanın “Keçid” filminə verilib. Bu kateqoriyada “Jüri mükafatı” Uannes Destupun “Badrakje 46” filminə verilib.
İranlı rejissor Məhəmməd Rəsulov “Xüsusi baxış” proqramında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Rejissorun “Əlvida” filmi İrandan çıxmaq üçün viza almağa çalışan Tehranlı hüquqşünasın həyatından bəhs edir.
Qeyd edək ki, Məhəmməd Rəsulov və digər iranlı rejissor həmkarı Cəfər Pənahinin filmləri kinofestivala qatılsa da, ölkəsində həbsdə olduğu üçün mükafatlanma mərasimində iştirak edə bilməyiblər.
Kinofestivalın “Qızıl Kamera” mükafatı isə Pablo Giorgeliyə 85 dəqiqəlik “Las acacias” filminə görə verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: