Kamil Cəlilov Şöhrət Ordeni ilə təltif olundu
02 Fevral 2013 Şənbə 06:33
Kamil Cəlilov Şöhrət Ordeni ilə təltif olundu. Bu təltif Xalq artistinin ad günü ilə bağlı olub.
Prezident İlham Əliyev Azərbaycanda ifaçılıq sənətinin inkişafındakı xidmətlərinə görə Kamil Cəlil oğlu Cəlilovu “Şöhrət” ordeni ilə təltif edib. Modern.az-ın məlumatına görə, bu təltif K.Cəlilovun ad günü ilə bağlı olub. Bu günlərdə onun 75 yaşı tamam olub.
Kamil Cəlilov 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib. Onun uşaqlığı da bu kənddə keçib. Orta təhsilini Bakıdakı 176 saylı məktəbdə alıb. Eyni zamanda 1 saylı musiqi məktəbində oxuyub. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağaraçı, sonra qarmonçu olub.
Kamil Cəlilov Azərbaycanda mahir qaboy ifaçısı kimi tanınır. Onun qaboyda ifa etdiyi muğamlar sırasında "Bayatı-Kürd", "Segah", "Zəminxarə", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Humayun" və ritmik muğamlardan "Qarabağ şikəstəsi" daha populyardır.
DOSTLARINLA PAYLAŞ: