İzmit şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılır
12 May 2011 Cümə Axşamı 18:54
Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dindarla media nümayəndələri arasında görüş keçirilib. İzmit şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılır.
APA-nın məlumatına görə, toplantıda bildirilib ki, TADF 2006-cı ildə yaradılıb. Qurumun Türkiyədə Azərbaycan lobbiçiliyinin formalaşmasında və inkişaf etməsində böyük xidməti olub.
Azərbaycan diasporunun Türkiyədəki fəaliyyətindən danışan B. Dindar deyib ki, rəhbərlik etdiyi qurum 20 Yanvar faciəsini, Xocalı soyqırımını, Azərbaycanın müstəqillik, qurtuluş günlərini və digər əhəmiyyətli tarixi günləri gündəmə gətirərək qeyd edir. Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi iş aparıldığını söyləyən TADF sədri İzmit şəhərində inşa edilən Azərbaycan Mədəniyyət Mərkəzi haqqında da məlumat verib. Onun sözlərinə görə, Kocaeli şəhər bələdiyyəsinin Azərbaycana hədiyyə etdiyi torpaq sahəsində inşa edilən mərkəzdə böyük kitabxana yaradılacaq. Mərkəzin binasında hazırda təmir işlərinin görüldüyünü nəzərə çatdıran B. Dindar, açılışın yaxın günlərdə baş tutacağını açıqlayıb.
Görüşdə media mənsublarına B. Dindarın “Gördüklərim” kitabı da təqdim edilib. Kitabda müəllifin Türkiyə və Azərbaycanın tarixi ilə bağlı yazıları yer alıb. APA
DOSTLARINLA PAYLAŞ: