İpək Yolu musiqi festivalı başa çatdı
05 İyul 2013 Cümə 01:53
Musiqisevərlər Şəkidə xarici ölkələrin milli musiqi, rəqs, folklor nümunələri ilə yaxından tanış olub.
Azərbaycan Respublikası Mədəniyyət və Tirizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı başa çatıb. İyunun 28-də başlanan və bir həftə davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları və yerli sakinlər bir sıra xarici ölkələrin milli musiqi, rəqs, folklor nümunələri ilə yaxından tanış olub, Azərbaycanın musiqi və teatr kollektivlərinin çıxışlarını izləyiblər. AzərTAc xəbər verir ki, iyulun 4-də XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı və Şəki Musiqi Kollecinin xor kollektivi tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış ediblər. Kollektivin bədii rəhbəri və dirijoru Xalq Artisti, professor Ağaverdi Paşayevdir.

Qeyd edək ki, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə Azərbaycan bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov və başqaları rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Afaq Məlikova və onlarla görkəmli rəqs ustaları yetişib. 2000-ci ildən ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir.

Festivalın yekun konsertinin proqramına Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” və “Çənlibel xoru”, Tofiq Quliyevin “İlk bahar”, “Sənə da qalmaz”, Cahangir Cahangirovun “Füzuli” kantatasından ikinci hissə, Kamal Heydərovun “Xalq Heydər söyləyəcək” və digər tanınmış bəstəkarların əsərləri, habelə xalq mahnısı “Qara gilə”, “Gözəl Vətən” xoreoqrafik suitası, “Ay ləli” və digər xalq rəqsləri daxil edilib. Konsert tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın keçirilməsində yaxından iştirak edən Şəki Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin rəhbəri Dünyamin Xəlilov çıxış edərək “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olduğunu diqqətə çatdırıblar.

Festival bayram atəşfəşanlığı ilə başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar