İordaniyada Azərbaycan: Xəzərin gəlini və neft ölkəsi adlı kitab nəşr olunub
16 İyun 2011 Cümə Axşamı 14:16
İordaniyanın nüfuzlu yazıçı-publisisti Sultan Hattabın Azərbaycan haqqında ərəb dilində yazdığı “Azərbaycan: Xəzərin gəlini və neft ölkəsi” adlı yeni kitabı çıxıb.
 Azərbaycanın İordaniyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, nəfis tərtibatda nəşr olunmuş və geniş oxucu kütlələri üçün nəzərdə tutulmuş 386 səhifədən və 9 fəsildən ibarət kitabda Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, siyasi kursu, iqtisadiyyatı, son illərdə əldə olunmuş nailiyyətləri, Dağlıq Qarabağ münaqişəsi və s. haqqında ətraflı məlumat verir. Bununla yanaşı, kitabda kiçik və böyük ölçüdə 150-dən artıq fotoşəkil yer alıb, müxtəlif dövrlərə aid xəritələr əks etdirilib.

Kitabın hazırlanması üçün müəllif bir neçə dəfə Azərbaycanda olub, bölgələrə səfər edib, Şəhidlər Xiyabanını, Qubadakı kütləvi məzarlığı ziyarət edib. S. Hattab kitab yazmaq barədə ideyanın necə yarandığı barədə sualı belə cavablandırıb: "Mən Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi ilə tanış olduqda, onun düşdüyü çətinliklərdən necə məğrurluqla çıxdığını, ölkə rəhbərliyinin daxildə, bölgədə və dünya miqyasında yeritdiyi siyasətini təhlil etdikdə xalqınıza münasibətdə hiss etdiyim ehtiram hissi daha da gücləndi. Son illərdə inkişaf etməkdə olan Azərbaycan-İordaniya münasibətləri, ölkələrimizin oxşarlığı və yaxınlığı, ölkə başçılarımızın səmimi dostluq münasibətləri isə məndə belə bir kitabın yazılması ideyasının doğmasını labüd edib”.

Yaxın vaxtlarda kitabın həm İordaniyada, həm də Azərbaycanda rəsmi təqdimetmə mərasiminin keçirilməsi nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar