İlk sevda yolunda...
31 İyul 2010 Şənbə 11:50
Xalq artisti Ələddn Abbasovun "El" jurnalına müsahibəsi.
Çox cavan vaxtımda, on beş yaşım olar-olmazdı gəldim bura - Gəncə teatrına. Səhnəyə həvəsim böyük idi. Burada sanki hər şey qəribə, qarşısıalınmaz cazibəylə məni özünə çəkirdi. Mən də, düzü, ondan qaçmaq, uzaqlaşmaq niyyətində deyildim. Könüllü olaraq, bu cazibəyə doğru gedirdim.
- Ailənizdə sizə qədər teatr sənətinə bağlanan olmamışdı?
- Yox, qətiyyən. Mən birinciydim.
- Bəs necə oldu, aktyorluq həvəsinə düşdünüz?
- Orta məktəbdə oxuyanda bizi teatr tamaşalarına baxmağa gətirirdilər. Yəqin ki, yoldaşlarımın əksəriyyəti daha çox səhnədə gördüklərinə aludə olur, seyr etdikləri qəhrəmanların həyatı, aqibəti barədə düşünürdülər. Mən isə həm də o rolları ustalıqla oynayan aktyorları görürdüm. Onların ifaları barədə fikirləşirdim. Çox xoşuma gəlirdi. Ürəyimdə deyirdim ki, Vallah, böyüyəndə mən də aktyor olacağam, nə olur-olsun…
- O vaxtadək başqa sənət barədə düşünməmişdiniz?
- Qətiyyən. Aktyor olmaq ilk sənət eşqimiydi. Amma elə başlanğıcından bilirdim ki, bu istək mənə asan başa gəlməyəcək. Atam köhnə kişilərdən idi. Teatr adı gələndə dəli olardı. Aktyor olmaq istədiyimi eşitsəydi, deyərdi: "Nə teatr, ə? Nə artist? Mənim oğlum getsin artist olsun?!". Qardaşlarım var idi. Hamısı məndən yaşca böyük idilər. Biri həkim oldu, biri professor, o biri müəllim… O vaxt hərəsi bir yol tutmuşdu, kimisi hələ oxuyur, kimisi artıq sənət sahibiydi. Mən ailəmizin sonbeşiyi, beş qardaş, iki bacının lap kiçiyi idim. Evimiz şəhərin mərkəzində - Gəncə küçəsindəydi. Anam evdar qadın idi. Ömründə bazar-dükana getmək nə olduğunu bilməzdi. O ki ola teatr… Çox-çox sonralar - baş rolunun ifaçısı olduğum "Dəli Kür" filmi Gəncədəki "Nizami" kinoteatrında ilk dəfə nümayiş etdiriləndə bacım anamı aldadıb: "Ay ana, gəl mənimlə gedək, səni bir yaxşı yerə aparacağam", - demişdi. Kinoteatrın qapısından içəri girəndə anam soruşub: "Bura haradır? Sən məni hara gətirmisən? Burda nə işimiz var? Tez ol çıxaq, məni apar evə". Bacım görüb ki, anamı saxlaya bilməyəcək, məsələni açıb: "Ana, indi Ələddin kinoda oynaya-
caq. Otur, ona baxaq". Anam daha heç nə deməyib. Zalda bacımın yanında oturub filmin başlanmasını gözləyib. Məni ekranda Cahandar ağa rolunda görəndə anam karıxıb. Əyilib bacımın qulağına pıçıldayıb: "A Gülzar… Necə də dədəsinə oxşayır. Dədəsi də elə eynən belə at minir, belə paltar geyinirdi".
-Atanız da Cahandar ağa kimi kişilərdən olub?
- Bəli. Atam da o cür kişilərdən idi. Ağırtəbiətli, sözünün qabağına söz deməyə kimsənin cürəti çatmayan kişilərdən. Onu təkcə öz uşaqları yox, bütün nəslimizdə hamı "baba" deyə çağırırdı. Mənə elə gəlir ki, Cahandar ağa rolunu o qədər özümünküləşdirməyimin, ona o cür doğmalaşmağımın səbəbi xarakterimdə, daxili aləmimdə olan nəsildəngəlmə hisslərlə, duyğularla bağlıydı.
- On beş yaşında gəldiniz teatra. Bəs bundan atanız nə zaman xəbər tutdu?
- Atamın xeyli müddət bundan xəbəri olmadı. Mən gecələr tamaşalara görə evə gec qayıdanda anamdan soruşurdu: "Ay uşaq, bu gədə hardan gəlir?". Anam tez əl-ayağa düşürdü: "A kişi, mən nə bilim? Görəsən, dostlarıyla hara gedir də". Anam teatra getdiyimi, tamaşalarda oynadığımı bilirdi, ancaq atama demirdi. Qorxurdu, o bilsə, aləmi bir-birinə vuracaq: "Nə? Teatr nədir? Mənim ailəm hara, teatr hara?". Elə şey olardı? Başlanğıcında bilsəydi, heç qoyardımı bir də teatra ayaq basım?
Teatrda isə işlərim rəvan gedirdi. Əvvəlcə tamaşalarda epizodik rollarda oynayırdım. Cəfər Cabbarlının "Sevil" pyesində Sevilin oğlu və di-
gər tamaşalarda bu cür uşaq surətləri ilə səhnəyə çıxırdım. Yavaş-yavaş teatra, səhnəyə, tamaşaçılara alışırdım. Getdikcə mənə böyük rollar etibar etməyə başladılar. Onların da öhdəsindən gəlirdim. O zaman artıq orta məktəbi bitirmişdim. Teatrda işləyirdim. Yaxşı vaxtlar idi…
Bir gün gözləmədiyim halda məni Şəhər Komitəsinə çağırdılar. Xeyli söhbət elədilər. Dedilər ki, hazırlaş, səni Saratova oxumağa göndəririk. Orada MVD üzrə kurs bitirib, orqan işçisi kimi Azərbaycana qayıtmalıydım. Evə fikir-xəyal içində döndüm. Atama dedim:
- Ay baba, məni Şəhər Komitəsinə çağırmışdılar. Göndərirlər Saratova, MVD kursu oxumağa.
- Hara? Nə MVD kursu, ə? Nə işin var sənin orda?
- Nə bilim, ay baba, hökumətdi də. Mənə dedilər, hazırlaş, göndərəcəyik, gedib orada oxuyub gələ-
cəksən.
Atam bir xeyli susub diqqətlə üzümə baxdı. Sonra sərt səslə dedi:
- Hazırlaş, gedirik kəndə. Xalanın yanına. Orda işim var, həm də xalan xəstədir.
Xalam Yevlax rayonunun Ürüşağa kəndində yaşayırdı. Atam məni götürüb apardı ora. Xalamgildə dedi:
- Burada qalacaqsan! Ta ki o oxumağa göndərilmək məsələsi bitəcək, kim gedəcək, kim qalacaq bəlli olacaq, ondan sonra çıxarsan üzə. İndiyədək istəmirdim. İndi deyirəm, get o teatrdır, mən nə bilim nədir, orada işlə, amma MVD kursu oxumağa getmə!
- Deməli, teatrda işlədiyinizi bilirmiş...
- Hə, sonradan öyrənibmiş. Amma hələ susurmuş. İndi seçim qarşısında qalmışdı. Ya teatrda işləməyimə göz yummalıydı, ya da Saratova oxumağa getməyimə razılıq verməliydi. İkincisi onun üçün daha ağırıydı. O gün xalamgildə qaşqabaqla, boğula-boğula danışanda anladım: "Ə, gedib mərdimazarmı olacaqsan? Səni çağırıb deyəcəklər: "Get filankəsin ardınca, onun barəsində məlumatlar topla, öyrən, gör kimdir, nə işlə məşğuldur?". Sən neyləyəcəksən? Gedib xalqın evini yıxacaqsan? Bala, amanın günüdür, məni bu yaşımda biabır eləmə. Deməsinlər, filankəsin oğlu mərdimazarlıq eləyir".
Bir müddət xalamgildə qaldım. Mən Gəncəyə qayıdanda artıq Saratova oxumağa göndərilmək məsələsi yaddan çıxmışdı. Bu əhvalatın mənə böyük xeyri dəydi. Atam teatrda işləməyimə icazə verdi. Amma yenə aktyor olmağımla axıradək barışa bilmədi. O vaxt böyük qardaşım Lenin-qradda (indiki Sankt-Peterburq - red.) oxuyurdu. Atam ona məktub yazır ki, oğul, bəs neyləyək, bu uşaq teatrdan əl çəkmir axı? Qardaşım da cavab göndərir: "Ay ata, hərəmiz bir sənət seçdik. Alimimiz, həkimimiz, müəllimimiz var. Bir nəfərimiz də incəsənət işçisi olsun. Nə olar?". Ondan sonra atam bir az sakitləşdi. Hətta bir gün amiranə səslə mənə öyüd verdi:
"Oğul, ürəyin istəyən sənəti seçdin, amma çalış, yaxşısından ol ha. Daha qapının ağzında nizə tutanlardan olma". Mən də söz verdim, aktyor oluramsa, lap yaxşısından olacağam. Vədimə əməl etdim. Bu sənətdə əlimdən gələni əsirgəmədim; əməkdar artist, sonra isə xalq artisti oldum.
Bir dəfə qardaşım teatra gəldi. Mənim baş rolunun ifaçısı olduğum tamaşaların birinə baxandan sonra köksünü ötürdü. Təəssüflə "Kaş atam sağ olaydı, sənin bugününü görəydi", - dedi.
- Atanız heç zaman sizin oynadığınız tamaşalara baxmağa gəlmədi?
- Ömründə tamaşa nədir bilməzdi, teatrın qapısından içəri girməzdi.
- Deyirlər, gəncəli oğlanlar dəli-dolu olurlar…
- Ay sağ ol, hə... Mən də elə böyümüşəm. Amma orta məktəbdə yaxşı oxuyurdum.
- O vaxtın aktyorlarının bir çoxu kimi yəqin ki, siz də bu sahədə ali təhsil almadınız?
- Yox, burada teatr studiyası açılmışdı, elə orada oxumuşam. Müəllimlərim Mehdi Məmmədov, Kazım Ziya, Əşrəf Abbasov olub. Onlardan dərs almışam.
- Sizin aktyor taleyinizdə "Dəli Kür" filmindəki Cahandar ağa rolunun ayrı yeri oldu...
- Hə... Cahandar ağa böyük obraz idi. O rolun ifaçılığının mənim yaradıcılığıma yazılmasından çox məmnunam. Buna görə o əsərin müəllifinə - İsmayıl Şıxlıya da, filmin rejissoru Hüseyn Seyidzadəyə də, rejissor Adil İsgəndərova da minnətdaram. Həmişə onları yada salır, dönə-dönə rəhmət oxuyuram.
- Sizədək Cahandar ağa roluna çəkilmək üçün artır bir neçə tanınmış aktyor sınaqdan keçirilmişdi...
- Məndən qabaq beş nəfər aktyor - Rza Əfqanlı, Həsənağa Salayev, Məlik Dadaşov, milliyyətcə osetin olan bir aktyor, bir də Adil İsgəndərov özü sınaq çəkilişlərində iştirak etmişdi.
- Deyilənlərə görə, Cahandar ağa rolunu Adil İsgəndərov oynamalı imiş. Hətta filmin ilk kadrlarında da çəkilib. Ancaq sonra o özü də istəyib ki, "Dəli Kür"ə siz çəkiləsiniz.
- Yox, belə olub. Əvvəllər bütün filmlərin sınaq çəkilişlərinə Bədii Şurada baxılardı. Aktyorların oyununa, onların çəkildiyi rollara uyğun gəlib-gəlməməyinə, yarayıb-yaramadığına orada qərar verilərdi. "Dəli Kür"ün sınaq çəkilişlərinə tamaşa edən Bədii Şuranın üzvləri Cahandar ağa roluna seçilən aktyorların heç birini bəyənməyiblər. Baxıblar ki, biri qoca görünür, biri kök görünür… O vaxt bizim teatr kollektivimiz Tiflisdə qastrol səfərindəydi. Məni dəvət etdilər. "Dəli Kür"ün sınaq çəkilişlərindən keçdim. Bədii Şurada baxıldı. İfamın bəyənilib, mənim rolu oynamağa uyğun görüldüyüm xəbərini yenicə almışdıq. İsmayıl Şıxlı girdi içəri. Rejissor Hüseyn Seyidzadəyə gileyləndi:
- Ay Seyid, axı bu Cahandar ağa nə böyük roldur ki, bu boyda Azərbaycan Respublikasında onu oynamağa bir aktyor tapmadınız?
- Tapmışıq.
- Kimi?
- Bax, bu cavan oğlanı.
İsmayıl Şıxlı sınaq çəkilişlərinə baxandan sonra deyib: "O gəncəli balasını çağırın yanıma". Məni görəndə bağrına basdı: "Sənin qadanı alım, nə gözəl çıxmısan ekranda. Elə mən istəyən Cahandar ağa sənsən".
Beləcə məni Cahandar ağa roluna təsdiq etdilər. Çəkilişlər oldu. Mən həmişə o rolu minnətdarlıqla yada salıram. Çünki Cahandar ağa məni populyar etdi, Azərbaycanda da, onun hüdudlarından kənarda da məşhurlaşdırdı. Hətta Moskvada "Dəli Kür" filminə baxılarkən təəccüblə soruşublar: "Bu aktyor hardaydı indiyədək? Nə əcəb onu filmə çəkməyiblər?". "Dəli Kür"dən sonra məni yavaş-yavaş filmlərə dəvət etməyə başladılar. Axırıncı çəkilişlərim rejissor Hüseyn Mehdiyevin "Özgə vaxt" və "Zamanın melodiyası" filmlərində olub. Yenə də əsas rolları oynadım.
- Dediniz ki, Cahandar ağa rolu ilə məşhurlaşdınız. Amma ondan da qabaq tanına bilərdiniz. Bunun üçün yəqin ki, Bakıya gəlməli, mərkəzi teatrlarda işləməli idiniz. Amma heç zaman Gəncə teatrından kənara çıxmadınız...
- O vaxtlar bu barədə düşünmək belə istəmirdim. Fikrim qəti idi: Gəncəni qoyub başqa yerə gedən deyiləm. Bu şəhər mənə o qədər əzizdir ki. Gəncə mənim ana vətənimdir… Əslində, belə demək bəlkə də yerinə düşmür. Çünki bizim ana vətənimiz Azərbaycandır. Gəncə doğulduğum, özünəməxsus adət-ənənələrinə, yazılmamış qayda-qanunlarına uyğun böyüdüyüm yurddur. Dünyaya göz açdığım vaxtdan - 1923-cü ildən bugünədək demirəm ki, bu şəhərdən kənara ayaq basmamışam. Uzun, ya qısamüddətli ayrılıqlarımız olub. Amma hər zaman fikirləşmişəm ki, bu müvəqqətidir, işlərimi başa vuran kimi geriyə - Gəncəyə qayıdacağam. Heç böyük səhnələrdə oynamaq, daha çox tamaşaçı qarşısında çıxış etmək həvəsi də məni bu fikrimdən, niyyətimdən daşındıra bilmədi. Bakıya köçməyi, orada yaşamağı istəmədim. Dönə-dönə dəvət etdilər. Getmədim. Mənə dedilər ki, Gəncədə olduğun evi də təhvil ver, yığış gəl, bura çatan kimi sənə mənzil verəcəyik. Razılaşmadım. Dedim: "A kişilər, mən nə ev təhvil verənəm, nə də bura köçənəm. Əziyyət çəkməyin, gələn deyiləm". Gəlmədim də.
- Əyalət teatrında işləmək çətindir?
- Yox, asandır, niyə çətin olur ki? Mərkəz teatrında işləmək çətindir.
- Hər halda, yəqin ki, buranın da öz çətinlikləri, problemləri var.
- Əlbəttə. Əyalət teatrının da öz dərdləri, qayğıları var. Burada elə bir tənqidçi, teatrşünas yoxdur. Bakıda isə vəziyyət başqadır. Orada rejissorlar, tənqidçilər, teatrşünaslar çoxdur.
- Yəni istəyirsiniz ki, ifa etdiyiniz rollarla, teatrınızda səhnələşdirilən tamaşalarla teatrşünasların, tənqidçilərin diqqətində olasınız? Onların fikirlərinə çoxmu ehtiyac duyursunuz?
- Yaradıcı adamlar həmişə peşəkarların verdikləri rəyə, bitkin fikrə ehtiyac hiss edirlər. Amma mənim yaradıcılığımda bunlar olmadı. Doğrudur, tənqidçilərin, teatrşünasların nəzərlərindən demək olmaz ki, tamamilə uzaq düşmüşdük. Arabir bura da gəlir, tamaşalarımıza baxırdılar. Elə tanınmış teatr rejissorlarımız da Gəncəyə gəlirdilər. Hər dəfə də teatrımızda səhnəyə qoyulan tamaşalara baxandan sonra məni Bakıya çağırırdılar:
- Bilirik, yenə deyəcəksən getmirəm. Gəl, heç olmasa, bu rolu bircə dəfə Bakıda oyna.
- Getmirəm.
- Bəlkə dəvətləri qəbul edib Bakıya köçsəydiniz, vaxt keçdikcə uyğunlaşacaqdınız?
- Hə... İndi bu yaşımda düşünürəm ki, cavan vaxtlarımda, bəlkə də iyirmi beş, yaxud otuz yaşım olanda getsəydim, yəqin ki, mümkün idi.
- Heç peşman olduğunuz, "Gərək gedəydim" dediyiniz vaxtlar olurmu?
- Nə isə... Olmadı. İyirmi dörd yaşında evləndim. Ailə vəziyyəti, başqa qayğılar, hamısı qarışdı bir-birinə.
- Həyat yoldaşınız sizinlə eyni sənətin sahibidir?
- Yox. Heç bu sənətə aidiyyatı yoxdur.
- Bu sizin teatrla, aktyorluqla bağlı düşüncələrinizi paylaşmasına, qayğılarınıza şərik çıxmasına mane olmayıb ki?
- Yox. Çünki həmişə incəsənəti çox sevib.
- Neçə övladınız var?
- Üç. İki oğul, bir qız atasıyam.
- Övladlarınızdan sənət yolunuzu davam etdirən varmı?
- Aktyor deyillər, amma oğlanlarım da həyatlarını teatra bağlayıblar. Kiçik oğlum Oqtay teatrda quruluş hissə müdiridir. Böyük oğlum Aydın da burada işləyir. Teatrda elektrosexin müdiridir. Qızım Elmira isə musiqi müəlliməsidir. Ailəsi ilə Bakıda yaşayır. Bir az da nəvələrimdən danışım. Səkkiz nəvəm var.
- Ata olmaq çətindir, yoxsa baba?
- Baba olmağa nə var ki? Ata olmaq daha çətindir, məsuliyyətlidir. Amma hərəsinin öz şirinliyi var. Nəvələrimin hamısını çox istəyirəm. Qızımın bircə oğlu var. On yaşındadır. O uşaq mənim başımın tacıdır. Tez-tez zəng edir, soruşur: "Baba, nə təhərsən?". Deyirəm: "Ə, yaxşıyam, əl çək məndən". Mənsiz qala bilmir. Bakıda kinostudiyada filmə çəkiləndə qızımgildə qalırdım. Mən evə getməmiş o uşağın gözlərinə yuxu getməzdi. Anası nə qədər edirmiş ki, get yat, deyirmiş, yox, babam gəlməsə, yatmaram.
- Ələddin müəllim, hansı rolu oynadığınıza görə sənətinizə minnətdarsınız, həmişə fikirləşirsiniz ki, nə yaxşı o rolu oynadım.
- Mən hələ on beş yaşında teatra gələndən Cəfər Cabbarlının "Aydın" pyesindəki Aydın surətini oynamaq istəmişdim. Vaxt elə gətirdi, həmin rolu oynamaq mənə nəsib oldu. Ümumiyyətlə, Cabbarlının bütün pyeslərindəki əsas kişi rollarını bu teatrda mən oynamışam. Amma Aydını... Hə, Aydını çox xoşlamışam. O rolu oynadığıma görə şadam. Mən Aydını burada - Gəncə teatrında oynayanda Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım bəstəkar Şəfiqə Axundova ilə tamaşanın premyerasına baxmağa gəldilər. Tamaşa başa çatanda o, səhnəyə qalxdı. Məni qucaqlayıb ağladı. Dedi, oğlum, sağ ol, səndən çox razı qaldım. Sən mənim Cəfərimin əsərində yaratdığı Aydını səhnədə göstərə bildin. Aydını da mən ayrı cür oynayırdım ha. O rola vurğunluğum onu dönə-dönə səhnədə yaratdıqdan sonra da keçmədi. Bu gün də gecənin bir yarısı məni qəflətən şirin yuxudan oyadıb, "Aydın" pyesinin hansısa bir pərdəsində Aydının nə dediyini soruşsalar, o dəqiqə cavab verərəm. Təkcə Aydının sözlərini yox ey, bütün əsəri əzbər bilirəm.
- Yəqin, Cəfər Cabbarlının yaradıcılığına bəslədiyiniz sevgidəndir ki, oğlanlarınızın hər ikisinə onun qəhrəmanlarının adını vermisiniz.
- Hə. Oğlanlarımın - Aydının da, Oqtayın da adını Cabbarlının əsərlərindəki sevdiyim qəhrəmanların şərəfinə qoymuşam. Qızıma da Gültəkin adını vermək istəyirdim.Amma dəyişdirdilər, Elmira elədilər. Həmin ad ürəyimdə qalmışdı. Ona görə də Oqtayın qızının adını Gültəkin qoydum.
- "Aydın" pyesi kimi başdan-başa əzbər bildiyiniz başqa əsər də varmı?
- Hə, "Vaqif" əsərindəki bütün personajların sözlərini indi də əzbərdən deyərəm.
- "Vaqif" dramında da uzun müddət Vaqif rolunu oynamısınız...
- Elədir. Amma lap əvvəl Əli bəy surətini, bir müddət keçəndən sonra isə Eldarı oynamışam. Axır zamanlaradək isə mənə Vaqif rolu tapşırılırdı. Bu yaxınlarda bizim teatrın 85 illiyi keçiriləcək. Yubiley tədbirinə hazırlıq görülür. Orada Vaqifdən bir parça ifa edəcəyəm. Hə... Görüm, birtəhər səhnəyə gedib çıxa bilsəm, oynayacağam.
- Bəs hansı rolu oynamaq istəyirdiniz, qismət olmadı?
- Heç elə bir rol qalmadı. Ürəyim hansı surəti istəyib, səhnədə onu oynamışam.
- Böyük rejissorlarımızdan hansı ilə isə işləmək arzunuz gözünüzdə qalmadı ki?
- Bu baxımdan da narazılığım yoxdur. Arzularıma çatdım. O dövrün böyük rejissorlarının hamısıyla işlədim.
- Demək olarmı ki, sənətdə bütün arzularınıza çatmısınız?
- Hə, mən sənət taleyimdən, sənət yoldaşlarımdan, elə özümdən də, sənətimdən də razıyam.
- Səhv etmirəmsə, fəxri adlar almağa da gecikmədiniz...
- Yox. Mənə bütün fəxri adları verdilər. Özü də vaxtında. O zamanlar fəxri ad almaq çox çətin idi. Layiq olanlar belə, bəzən illərlə gözləməli olurdular. Amma mənə vaxtında verdilər. 1958-ci ildə Bakıda qastrol səfərindəydik. Onda mənə əməkdar artist adının verilməsi xəbərini eşitdim. 1971-ci ildə xalq artisti adını aldım.
- Əyalət teatrında işləməyinizə, bir qədər gözdənuzaq olmağınıza görə "unudulacağınızdan" ehtiyat etmirdiniz ki?
- Gəncəyə gəlirdilər, ya da biz başqa yerlərə qastrol səfərlərinə gedirdik. Hazırladığımız tamaşaları göstərirdik. Baxıb gördülər ki, bu aktyor layiqdir bu adlara. Niyə verməsinlər?
- Fikirləşmirsiniz ki, Bakıda olsaydınız, daha böyük tamaşaçı auditoriyası, daha böyük tamaşaçı alqışları qazanardınız?
- O şübhəsizdir. Mən bunu elə cavan vaxtlarımda da hiss edirdim. Amma nə isə... Belə alındı. Düz gəlmədi. Öz ürəyimcə olmadı Bakıya getmək. Ona görə razılıq vermədim. Sonra… Öz aramızdır, sonradan peşmançılıq çəkdim ki niyə getməmişəm. Yenə də fikirləşirəm: gərək gedəydim. Amma indi nə faydası var? Bundan sonra hara gedim? Gedə bilərəmmi?
- Taleyiniz ailə həyatınızda da sənətinizdə olduğu qədər sizə yar olubmu?
- Hə, mənim həm səhnədə, həm də ailədə bəxtim gətirib.
- Deyirlər ki, insan həyatına düşən xoşbəxtliyin ömrü anlarladır. Yəni tamamilə ürəkdən "Mən bəxtəvər adamam və elə bütün həyatımı da beləcə xoşbəxt yaşamışam" - demək mümkündürmü?
- Mümkündür. Bax, mən belə deyə bilərəm. Həyatımdan qətiyyən narazı deyiləm.
- 68 ildir ömrünüzü teatr sənətinə bağlamısınız. Yəqin ki, bu illər ərzində başınıza çoxlu maraqlı hadisələr gəlib...
- O qədər maraqlı, qəribə hadisələr baş verib ki… Bilmirəm hansını yada salım? Hə... Teatrımıza qısa bir müddətdə rəhmətlik Burcəliyev direktorluq elədi. O, bir gün bizi yanına çağırıb dedi ki, Şamxora "Qatır Məmməd" tamaşasını göstərməyə getməlisiniz. Tərəddüd içərisində çiyinlərimizi çəkdik: "Məhərrəmlikdə bizi göndərirsən "Qatır Məmməd" oynamağa? Özü də Şamxorda kluba çevrilmiş kilsəyə. Axı heç kəs məhərrəmlikdə ora tamaşaya baxmağa gəlməz?". "Yox, getməlisiniz".
O vaxtlar teatrımızın avtobusu yox idi. Üstüaçıq yük maşınıyla gedirdik qastrol səfərlərinə. Burcəliyevin dediyi vaxt həmin maşınla Şamxora yola düşdük. Hava soyuq, yağışlı idi. Yük maşınıyla birtəhər gedib çatdıq Şamxora. Klubun qabağına çatanda gözətçi bizə yaxınlaşdı:
- Nəyə gəlmisiniz?
- Tamaşa göstərməyə.
- Allahınız olsun. A kişi, siz məgər müsəlman deyilsiniz? Ə, məhərrəmlikdir ey. Bura teatra baxmağa adam gələr? Sizi kim göndərib, nə təhər göndərib bura? Qayıdın, minin maşına, kirimişcə gedin. Yoxsa sizi daşa basarlar…
Tamaşanı oynamadan geri qayıtdıq. "Qatır Məmməd" tamaşasında o vaxtlar Qatır Məmmədi oynayırdım. Məndən əvvəl o rol aktyor Səməd Tağızadəyə tapşırılmışdı. "Qatır Məmməd" tamaşası təzə hazırlanmışdı. Bir gün Səməd Tağızadə teatrdan çıxdı, getdi Bakıya. Mehdi Məmmədov da teatrımızın baş rejissoru idi. Yaxşı yadımdadır, bir gün onu Bakıya yola salırdıq. Hamımız vağzaldaydıq. Teatrımızdakı rejissor köməkçilərindən biri soruşdu: "Mehdi müəllim, Qatır Məmməd rolunu kimə verməyimizi məsləhət bilirsiniz?". Onun xasiyyəti beləydi. Bir söz soruşanda, əvvəlcə susar, sonra təmkinlə danışardı. O vaxt da xeyli susdu, sonra aramla "Ələddin oynasın da", - dedi. Yəqin, xəbəri vardı ki, mən o rolun sözlərini əzbər bilirəm.
Qatır Məmməd rolunu mənə həvalə elədilər. Bir gün məşq elədim. SSRİ məkanında ən təmtəraqlı bayramlardan sayılan 7 noyabr - Böyük Oktyabr inqilabının ildönümü günündə "Qatır Məmməd"i göstərməliydik. Xəbər çatdırdılar ki, həmin vaxt Gəncədə olan Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov da tamaşaya baxmağa gələcək. Təbliğat şöbəsinin müdiri Qiyas Hümbətov tamaşadan qabaq yanımıza gəldi. Həyəcanlıydı. Yəqin ki, baş rolun ifaçısı olduğumdan mənə üzünü tutudu:
- Ələddin, kişi baxır, Allahın olsun, gör neyləyirsən.
- Qiyas müəllim, narahat olmayın, o kişini ayağa qaldırıb, əl çaldıracağam.
- Nə danışırsan?
- Arxayın gedin, özünüz görəcəksiniz.
Tamaşanın bir hissəsi var: Əzizbəyovdan məktub gəlir Qatır Məmmədə. O, kağızı açır, əvvəlcə dodaqaltı oxuyur, sonra aydın səslə deyir:
"Yoldaş Əzizbəyov, and içirəm mən.
Məmməd çıxmayacaq sözlərinizdən.
Qopsa da min tufan, axsa da min qan,
Daima qardaşdır Bakı, kəndistan!".
Həmin hissəni elə ürəkdən, çoş-ğunluqla söylədim ki, gördüm, hamı ayağa qalxıb əl çalır. Gözucu Vəli Axundovun oturduğu yerə baxdım. O da ayaqüstdə dayanıb əl çalırdı.
- Bu illər ərzində heç teatrdan getməyi düşündüyünüz vaxt olubmu?
- Teatrdan getməyi? Yox, heç vaxt, heç vaxt… Onun mən hər əziyyətinə dözmüşəm. Elə olub, dolanışıq çox çətinləşib. Pul sürətlə dəyərdən düşüb. Buradan bir manat əlli qəpik avans almışıq, bir dənə çörək alıb yeyək. Ona da dözmüşəm.
- Bəs evdəkilər necə, onlar da dözürdülər? Sizə "Özünə başqa bir iş tap, axı ailəni bu cür dolandırmaq olmaz", - demirdilər?
- Evdəkilər? Yox, mənə heç kim elə sözlər deyə bilməz, heç deməz də.
- Dostluq etməyi bacarırsınız?
- Hə, mən dostumdan ötrü canımdan keçərəm.
- Dostlarınız çox olub?
- Çox olub. İndi onların bir neçəsi artıq dünyasını dəyişib. Baxmayaraq ki, məndən yaşda böyük idilər, amma aktyor Məmmədrza Şeyxzamanovla, aktrisa Amaliya Pənahovanın atası Əliş Pənahovla yaxın olmuşam. Teatrımızda işləyən Əli Allahverdiyev bu gün də mənim dostumdur.
- Dost seçməkdə yanıldığınız vaxtlar olubmu?
- Yox, onları seçdiyimə görə heç zaman özümü qınağıma yol verməyiblər. Elə buna görə də ömrümün sonunadək dostam onlarla...
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: