II Beynəlxalq Nəsimi Elmi Konfransı
14 Dekabr 2009 Bazar Ertəsi 14:20
Dekabrın 14-də İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş II Beynəlxalq Nəsimi Elmi Konfransının açılışı keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İmadəddin Nəsiminin adının Azərbaycan xalqının mədəniyyət tarixində qızıl hərflərlə yazıldığını bildirib. Nazir İmadəddin Nəsiminin Azərbaycan dili uğrunda aparılan mübarizədə göstərdiyi xidmətlərin yüksək qiymətləndirildiyini vurğulayıb. “Konfrans “Bakı İslam Mədəniyyətinin Paytaxtı – 2009” ili çərçivəsində keçirilir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İmadəddin Nəsiminin türbəsinin bərpası, yenidən qurulması, orada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması barədə təkliflər hazırlanır. 2008-ci ilin noyabrında İmadəddin Nəsiminin uyuduğu Hələb şəhərində böyük şairin həyat və yaradıcılığına həsr olunmuş I elmi konfrans keçirilib, Hələb vilayətinin müvafiq dövlət orqanlarında Nəsiminin məqbərəsinin vəziyyəti, onun bərpası istiqamətində azərbaycanlı və suriyalı mütəxəssislərin əməkdaşlığı, Hələb şəhərinin memarlıq üslubu nəzərə alınmaqla, kompleksin interyerində Azərbaycan memarlıq elementlərini əks etdirən müəyyən yenidənqurma və genişləndirmə işlərinin aparılmasına dair ilkin razılıq əldə edilib. 2009-cu ildə 640 illik yubileyi qeyd olunan Nəsiminin xatirəsinə həsr olunmuş tədbirlər, onun məqbərəsinin yenidən qurulması ilə bağlı görülən işlər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xüsusi tapşırığı əsasında həyata keçirilir”.
Konfransda AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Nəsimi yaradıcılığından danışıb və onun əvəzolunmaz xidmətlərinə toxunub. AMEA prezidenti qeyd edib ki, İmadəddin Nəsimi hər bir qəzəlində insanın ürəyinə yol tapmağa nail olub. Konfransda Hələb vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Qacca 600 il ərzində qorunub saxlanılmış böyük şairin qəbrinin hər iki xalq üçün əziz olduğu və bu birləşdirici amilin xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin daha da gücləndirilməsinə təkan verə biləcəyini vurğulayıb.
Konfransın açılışında Hələb vilayətinin müftisi doktor Mahmud Ökkəm, Nəsiminin yaradıcılığı ilə məşğul olan alimlər İsam Qəsəbçi və Məhəmməd Kamal, habelə İran İslam Respublikasından professor Cavad Heyət çıxış ediblər. Açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də iştirak edib.
II Beynəlxalq Nəsimi Elmi Konfransı dekabrın 16-na kimi davam edəcək. APA
DOSTLARINLA PAYLAŞ: