İctimai Televiziyanın Yayım Şurasına bir neçə yeni üzv təsdiqlənib
18 Mart 2011 Cümə 13:27
Şura üzvlərinin 6 illik səlahiyyət müddəti bu il martın 15-də başa çatıb.
Milli Məclisin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının səlahiyyət müddəti başa çatmış üzvlərini yerinə yeni üzvlərin təsdiqlənməsi məsələsinə baxılıb. Parlamentin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib ki, Yayım Şurasına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və Mətbuat Şurası tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddəti bu il martın 15-də başa çatıb.

AHİK-dan sədr müavini Aqil Dadaşov, şöbə müdirinin müavini Əli Cəfərov, AMEA-dan Folklor institutunun şöbə müdiri Muxtar İmanov, MŞ-dan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, həmin fakültənin dosenti Zaur Babayev Yayım Şurasına yeni namizəd kimi irəli sürülüb.

Daha sonra səsvermə keçirilib. Namizədlərdən Aqil Dadaşov 106 səs lehinə, 1 əleyhinə, Muxtar İmanov 99 lehinə, 4 əleyhinə, Cahangir Məmmədli 100 lehinə 4 əleyhinə, 1 bitərəf olmaqla Yayım Şurasının üzvü seçiliblər. Əli Cəfərov 22 lehinə, 50 əleyhinə, 5 bitərəf, Zaur Babayev 15 lehinə, 54 əleyhinə, 10 bitərəf olmaqla Şuraya üzvü seçilməyiblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar