İctimai Televiziya ilə Euronews telekanalı arasında müqavilə imzalanıb
13 İyul 2011 Çərşənbə 19:44
İctimai Televiziya və Euronews telekanalı arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
İctimai Televiziya və “Euronews” telekanalı arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən APA-ya verilən məlumata görə, müqaviləni hər iki telekanalın baş direktorları İsmayıl Ömərov və Maykl Piters (Michael Peters) imzalayıb.
“Euronews”-un Parisin məşhur Şanzalize prospektində yerləşən ofisində İctimai Televiziya və “Euronews” telekanallarının nümayəndə heyətləri arasında keçirilən görüş zamanı İsmayıl Ömərov bu sənədin imzalanmasını tarixi hadisə adlandırıb.
“Euronews” telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malesani (Pier Luigi Malesani) müqavilənin qısa zamanda imzalanmasına baxmayaraq bunun heç də asan başa gəlmədiyini bildirib. Telekanallar arasında əməkdaşlığa dair danışıqların 6 ay əvvəl başlandığını deyən Pyer Luici Malesani bunun Azərbaycanı Avropa mediasına tanıtmaqda bir vasitə olduğunu bildirib. Bakıda prezident İlham Əliyevlə görüşünü xatırladan cənab P.L.Malesani dövlət başçısı ilə danışıqların çox əhəmiyyətli olduğunu və bundan məmnun qaldığını deyib: “Prezident İlham Əliyevlə görüşdə “Euronews” telekanalının Qafqazda əhəmiyyətli körpü rolu oynayacağını anladım”.
Baş direktor İ.Ömərov isə “Euronews”la əməkdaşlığın təkcə Azərbaycanda deyil, bütün regionda önəmli rol oynayacağını qeyd edib. O, bu kanalın böyük nüfuz sahibi olduğunu və auditoriyanın “Euronews”a inandığını deyib: “Bu əməkdaşlıq “Euronews”u regionun telekanalı edəcək”.
“Euronews” telekanalının baş direktoru Maykl Peters bu müqaviləni “Euronews” telekanalı üçün də əhəmiyyətli hesab etdiyini bildirib.
Müqaviləyə əsasən, İctimai Televiziya “Euronews” proqramlarının Azərbaycanda eksklüziv yayım hüququnu əldə edir. İctimai Televiziyaya həmçinin “Euronews”un mövcud dillərdəki xəbər və ya analitik materiallarını yayımlamaq hüququ verilir. Bununla yanaşı, hər iki telekanal arasında xəbər və kadr mübadiləsi həyata keçiriləcək. “Euronews”un Gold Member (Qızıl üzvü) kimi İctimai Televiziyanın bu telekanalın xəbərlər xidməti ilə xüsusi əlaqələri olacaq, eləcə də “Euronews”un daimi müxbir şəbəkəsi ilə əməkdaşlıq həyata keçiriləcək. Dünyada, həmçinin Azərbaycanda baş verən mühüm hadisələr zamanı “Euronews”un daimi müxbirləri və İctimai TV arasında əməkdaşlıq ediləcək. Bununla yanaşı, İctimai Televiziya xüsusi proqram təminatı vasitəsilə öz veb-saytında yayım həyata keçirə bilər. apa
DOSTLARINLA PAYLAŞ: