İçərişəhərdə musiqili yürüş keçiriləcək
19 Noyabr 2010 Cümə 12:45
Bakıda Şotlandiya milli musiqisi səslənəcək
Sabah Şotlandiya milli musiqi alətləri ifaçıları qrupu müəyyən edilmiş marşrutla Bakıda musiqili yürüş keçirəcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qrup tuluq zurnalarını ifa edərək yürüşə Qoşa Qala Qapıları meydanından başlayacaq və İçərişəhərin əsas küçələrindən keçməklə hərəkətə davam edəcək. Yürüşün son dayanacağı olan Qız Qalasının qarşısındakı meydanda zəngin və maraqlı konsert proqramı olacaq. Musiqili yürüş Şotlandiya xalqının himayədarı və İsa peyğəmbərin apostolu Müqəddəs Endryunun doğum gününə həsr olunub.
Tədbir 13 il əvvəl yaradılmış Bakı Kaledoniya Cəmiyyəti tərəfindən təşkil edilir. Cəmiyyət hər il bu gün münasibətilə xeyriyyə gecəsi keçirir və gecənin bir hissəsi kimi Şotlandiya milli musiqi alətləri ifaçıları qrupunun musiqili yürüşü təşkil edilir. Eyni zamanda tədbir mədəniyyətlərarası dialoqun gücləndirilməsinə və iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
DOSTLARINLA PAYLAŞ: