İçəri Şəhərdə festival keçiriləcək
22 İyun 2011 Çərşənbə 10:47
Tədbirdə iştirak etmək istəyənlər iyunun 25-də saat 10:30-da Qoşa Qala Qapıları meydanında olmalıdırlar.
Qoşa Qala Qapıları meydanında I “İçərişəhər” İntellektual Festivalı keçiriləcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilın məlumata görə, festival 25 iyunda “Xəzər” İntellektual Gənclər Klubu, “İRƏLİ” İctimai Birliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Bakının tarixi hissəsində baş tutacaq I “İçərişəhər” İntellektual Festivalının əsas məqsədi gənclər arasında elmə, biliyə və intellektual oyunlara olan marağı artırmaq və tarixi irsimizi təbliğ etməkdir.

Festivalda breyn-rinq, fərdi oyun, erudit-loto və “İnanırsan-inanmırsan?” kimi maraqlı oyunlar keçiriləcək. Qaliblərə xatirə hədiyyələri, festivalın diplom və medalları təqdim ediləcək.

Arzu edən hər kəs festivalda oyunçu qismində iştirak edə və biliklərini sınaya bilər. 25 iyun saat 11:00-da baş tutacaq tədbirdə oyunçu kimi iştirak etmək istəyənlərdən saat 10:30-da Qoşa Qala Qapıları meydanında olmaları xahiş olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar