I Bakı Beynəlxalq Moda Festivalı başlayır
17 Yanvar 2011 Bazar Ertəsi 16:35
I Bakı Beynəlxalq Moda Festivalı başlayır. Festival qadın geyimləri modası nümayişini əhatə edir.
Qeyri-adi bacarığı, özünəməxsus istedadı olan gənc xanım modelyerlərin I Bakı Beynəlxalq Moda Festivalı başlayıb. Azərbaycan Gənclər və İdman Nazirliyinin uzunmüddətli əsasnaməsi və 2011-cu il üçün təsdiq olunmuş iş planına müvafiq olaraq keçirilən festival qadın geyimləri modası nümayişini əhatə edir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, festival Dövlət Rəssamlıq Akademiyasının, www.fashion.az saytının və moda agenliyinin iştirakı ilə həyata keçirilir.

Festivalın məqsədi modelyer-dizaynerlərin potensiallarının reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, gənclərin yaradıcılığına diqqətin cəlb olunması və gənclərin asudə vaxtının səmərəli təşkilindən ibarətdir.

Festivalın vəzifələri bu sahədə fəaliyyət göstərən istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi,
onların gələcək fəaliyyətlərinin stimullaşdırılması, festival iştirakçılarının öz ideya və nailiyyətlərini nümayiş etdirmələrinə şəraitin yaradılması, müxtəlif ölkələrdən olan gənc modelyerlərin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsidir.

Festivalda yaşı 18-29 olan gənc xanım modelyer-dizaynerlər iştirak edə bilər. Festival iştirakçıları Gənclər və İdman Nazirliyi tərəfindən iştirak haqqında şəhadətnamə və qiymətli hədiyyələr ilə mükafatlandırılacaqlar. İştirakçıların adları www.fashion.az saytında və KİV-də çap ediləcək.

Tədbirdə iştirak üçün hər ölkədən 3 nəfərdən ibarət modelyer komandası dəvət olunur. Festivalın qaydalarına görə Azərbaycanın 2 komanda ilə təmsil olunmaq imkanı var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar