Həzi Aslanovun ad günü münasibətilə albom-buklet hazırlanıb
22 Yanvar 2011 Şənbə 16:35
Milli Qəhrəman Həzi Aslanov Lənkəranda anılıb
Bu gün Azərbaycan hərb tarixinin görkəmli nümayəndəsi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı, İkinci Dünya müharibəsinin rəşadətli sərkərdəsi, tank qoşunları general mayoru Həzi Əhəd oğlu Aslanovun doğum günüdür. 22 yanvar 1910-cu ildə Lənkəran rayonunda dünyaya göz açan Həzi Aslanovun anadan olmasının 101 illiyi təkcə yaxınları üçün deyil, bütün Azərbaycan üçün anılası, fəxr ediləsi şanlı tarixdir. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hər il olduğu kimi bu il də ölməz sərkərdənin doğum günü doğulduğu Lənkəranda ehtiramla anılıb.

Qəhrəmanın adını daşıyan xatirə parkında şərəfinə ucaldılan abidəni ziyarət etməyi hər bir lənkəranlı özü üçün qürur və fəxr bilib. Səhər saatlarından başlayaraq rayon rəsmiləri, müharibə veteranları, rayon ziyalıları abidəni ziyarət edərək önünə təzə tər gül-çiçəklər düzüblər.

Qeyd edək ki, Azərbaycanda ilk fəaliyyətə başlayan qəhrəmanlıq muzeyi Həzi Aslanovun həyat və döyüş yolunu əks etdirir. 1969-cu ildən qəhrəmanın doğulduğu ata ocağı qəhrəmanlıq muzeyinə çevrilib. H.Aslanovun anadan olmasının 101-ci ildönümünə töhfə kimi xatirə albom-buklet hazırlanıb. Respublika Müdafiə Nazirliyi tərbiyə işləri idarəsinin rəis müavini Abdulla Qurbaninin ərsəyə gətirdiyi kitabın bu gün qəhrəmanın ev muzeyində təqdimatı da keçirilib.

Qəhrəmanı yad edənlər arasında doğmaları da olub. Ölməz generalın nəvəsi babası ilə fəxr duyduğunu dilə gətirib. Nəvəsi kimi fəxr hissi keçirdiyini deyən Emin Aslanov bildirib ki, bununla yanaşı o, eyni zamanda məsuliyyət hissi də keçirir: "H.Aslanov xalqın böyük sərkərdəsidir. O, öz nümunəsi ilə bütün döyüşçülərə, hərbçilərə örnək olub. İnanıram ki, onun döyüş taktikalarından bundan sonra da istifadə ediləcək". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar