Havalanan səs
26 İyul 2010 Bazar Ertəsi 17:00
İsfəndiyar Aslan oğlu Cavanşir dönüb olur Xan Şuşinski…
Atamın əsl adı İsfəndiyar Aslan oğlu Cavanşirdir. O, Qafqazın musiqi vətəni sayılan füsunkar Şuşa şəhərində zadəgan ailəsində doğulub; məşhur Cavanşirlər sülaləsinin nümayəndəsidir. Hələ uşaq yaşlarından gözəl səsi olduğuna görə bədahətən oxuyarmış. Evlərində qurulan musiqi məclislərində tanınmış xanəndələri, sənətçiləri dinləyər, qrammofon vallarına qulaq asarmış. Babam el şənliklərinə gedəndə atamı da özüylə apararmış. Bu vaxt onu dinləyən tanınmış xanəndə Segah İslam babamdan atamı istəyib özünə şagird götürmək niyyətində olduğunu söyləyir:

- Aslan ağa, İsfəndiyarı mənə şagirdliyə ver. Ona sənətimi öyrədəcəyəm, gələcəyinə böyük ümidim var...
Babam da razılığını verir. 14 yaşı olanda bir məclisdə iranlı əbülhəsən Xanın qrammofon valını oxudurlar və dinlədikdən sonra atama deyirlər ki, sən də belə oxuya bilərsənmi? O da həmin muğamı iki oktava üstün səslə oxuyur. Məclisdəkilər İsfəndiyarın məharətini alqışlayıb deyirlər:
- Bu gündən sən də oldun bizim Xanımız.
Beləliklə, İsfəndiyar Aslan oğlu cavanşir dönüb olur Xan Şuşinski…

Atam birinci həyat yoldaşı Tovuz xanımla 35 il bir yerdə yaşamasına baxmayaraq, övladları olmamışdı. Otuz beş il sonra ikinci dəfə özündən 34 yaş kiçik olan anam Suğra xanımla ailə qurmuşdu. Anamla atam uzaq qohum idi. Anam Ağdam şəhərində yaşayıb, elə buradaca Tibb Texnikumunu bitirmişdi. əla musiqi duyumu vardı. Çox zəhmətkeş, qayğıkeş və qonaqpərvər qadın idi. Atamın səsinin, sağlamlığının daim keşiyində durardı. Aralarındakı böyük yaş fərqinə baxmayaraq, atamı böyük məhəbbətlə sevərdi. Onlar bir-birini başa düşür, hörmətlə yanaşırdılar.

1957-ci ildə atamla anam evlənmiş, bu nikahdan dünyaya dörd övladı gəlmişdi. Atamın 57 yaşı olanda ilk övladı - mən olmuşam. Sonra bacılarım Səadət, Zümrüd və qardaşım Aslan doğulublar… Atam həmişə deyərdi ki, siz dunyaya gələnədək hər şeyim olsa da, övladsız özümü bədbəxt hesab edirdim. Hətta xalq mahnısı "Süsən sünbül"ü oxuyanda sanki öz taleyimə acıyırdım:
Ömrü başa yetirmişəm,
Yarım hanı, balam hanı?
Sonra da deyərdi ki, indi mənim varım-yoxum bu dörd uşaqdır. Birinə anamın, digərinə atamın, ikisinə isə ən istəkli xalalarımın adlarını qoyaraq onları yaşadıram. Hamımızda musiqi duyumu yaxşı inkişaf etmişdi.

Yadımdadır, tarzən Bəhram Mansurov tez-tez bizə gələrdi. Bəhram müəllim tarda, mən pianoda çalardıq, bacım Zümrüd oxuyar, atam isə qavalda ritm tutardı. Atalı günlərimiz beləcə şən keçərdi...

Həftədə iki gün Asəf Zeynallı adına Musiqi Məktəbində dərs deyərdi. Qalan günlər isə dərslər bizim ikiotaqlı mənzilimizdə davam edərdi. Bir an evimizdən musiqi səsi kəsilməzdi. Atam 75 yaşında da gənclik illərində olduğu kimi oxuyurdu. Hərdən ona sual verərdilər ki, Xan əmi, maşallah, bu yaşda çox gümrah qalmısan. Bundan fərəhlənən atam isə qürurla deyərdi ki, xanımım yaxşı baxır, gümrah qalmamağa haqqım yoxdur. Anamla atam 22 il ailə həyatı yaşamışdılar. Atamın ölümündən sonra anam ömrünün son günlərinə qədər xəstə düşdü və 2000-ci il iyun ayının 8-də dünyasını dəyişdi.

Atam xatirimdə qayğıkeş, mülayim və təvazökar insan kimi qalıb. Hər kəsin yerini bilərdi. Uşaqla uşaq, böyüklə böyükdü. Kimsənin xətrinə dəyməz, qəlbini sındırmazdı. Hər səhər Filarmoniyaya gedəndə məni də özüylə aparardı. Filarmoniyanın qarşısında əylənən uşaqlara qoşular, doyunca oynayardım. Bir dəfə gəzməyə çıxmış uşaqlardan biri babasını səsləyəndə maraq mənə güc gəlmişdi. Soruşdum ki, ata, bəs mənim niyə babam yoxdur? əvvəlcə tutuldu, sonra isə birdən qarşıdan gələn Qurban Pirimovu görəndə sevincək dinləndi:

-Sənin babana nə gəlib? Odey Qurbandı sənin baban, bəs bilmirsən?
O gündən Qurban Pirimov oldu mənim "babam". Təbii ki, babalıq məsuliyyəti ilə birgə...

Sovet dövrünün nümayişlərində atamla Qurban əmi birlikdə bizi gəzintiyə çıxarardılar. Bizi görən adamlar yaxınlaşar, az qala onların qarşısında baş əyərdilər. Elə fəxr eləyərdim ki - gör mən kimin qızı, kimin nəvəsiyəm. Qurban babam atamdan 25 yaş böyük idi. İkisi də bir yerdə olarkən zarafatlaşar, baməzə söhbətlər edərdilər. Bir dəfə atam və "babam"la bulvarda gəzintiyə çıxmışdıq. Birdən Qurban Pirimov uşaqlar üçün yenicə istifadəyə verilmiş kiçik at fiqurlu karuselə yaxınlaşıb minməyə hazırlaşdı. Mən də özümü öldürdüm ki, ay baba, bu karusel uşaqlar üçündür. Atam bu halımı görüb dedi:
- Ay Qurban əmi, minmə...
O isə sinəsinə vurduğu orden-medallarını şaqqıldada-şaqqıldada dedi:
- A balam, doğruçu atlarım əlimdən çıxdı, qoy heç olmasa bu yalançı olanlara minim...
Qurban əmi bizə doğrudan da əsl baba nəvazişi göstərirdi. İlk dəfə maqnitofon alanda hamımızı evinə dəvət etmişdi. Yeyib-içdikdən sonra atamla "babam" dedilər:
- Qızım, Bəyimxanım, indi biz çalıb-oxuyacağıq, sən isə konferansyelik edəcəksən. De ki, "Çalır babam Qurban, oxuyur atam Xan, danışır Bəyimxanım...". Onların dediyi kimi də etdim. Günümüz çox gözəl keçdi. Evimizə dönəndə isə "xidmətimə" görə hədiyyə aldım.

Zarafatçıllığı ilə yanaşı, atam həm də çox müdrik ailə başçısı idi. Yaşının çox olmasına baxmayaraq, müasir və zəngin dünyagörüşlü insandı. Ustadlarını, dərs aldığı müəllimlərini heç vaxt unutmazdı. Həmişə cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, Segah İslam və Seyid Şuşinskinin adlarını hörmətlə anardı.
Eyni zamanda, atamın el arasında böyük hörməti vardı. Qanlı nəsilləri barışdırardı. Şuşada evimiz ?zeyir bəyin ev-muzeyi ilə yanaşı idi. Hər il yayda ailəlikcə Şuşaya istirahətə gedərdik. Muzeyə gələnlər Xanı görmək, şəkil çəkdirmək və avtoqraf almaq üçün növbəyə durardılar. Atam eyvana çıxarkən heyranları onu sanki səhnədə imiş kimi alqış sədaları ilə salamlayardılar.

Heç vaxt qapımıza gələnləri boş qaytarmaz, gələnlərin problemlərini mümkün qədər həll etməyə çalışardı. Bir dəfə yenə Şuşadakı evimizdəydik. Axşam qapımız döyüldü. Atam darvazaya çıxdı. Qarşısında qərib adam dayansa da, onu çoxdan tanıyırmış kimi, içəri çağırıb hal-xoş etdi. Süfrə başında məlum oldu ki, gələn adam 10 il bundan əvvəl sevdiyi qızı valideynləri ona vermədiyinə görə qaçırıbmış. Atası da, üstündən illər keçməsinə baxmayaraq, qızını və kürəkənini bağışlamaq istəməyibmiş. Onda atamın 10 illik həsrətdən sonra ata-övladı necə barışdırmasının şahidi olduq. Oğlan evinin xahişi ilə atam qızın atasını yola gətirmişdi. Baxmayaraq ki "Daha o adda qızım yoxdur" deyimini 10 il tutmuşdu, lakin Xanın gəlişindən sonra söyləmişdi:
- Xan əmi qapıma gəlib, onun sözünü yerə sala bilmərəm.

İmkanı olmayan, ancaq övladının toy şənliyində Xanın oxumasını əhd edən adamlar atama xahişə gələndə, o heç düşünmədən gedib həmin məclisdə oxuyar, üstəlik, yenievlənənlərə hədiyyə də aparardı. Buna baxmayaraq, toyda kim nəyi sifariş versəydi, oxumazdı. Bakı kəndlərinin birində toy apararkən kəndin özündəndeyən bir gənci Xandan heç vaxt ifa etmədiyi yüngül mahnı oxumağı tələb etmişdi. Bundan inciyən atam məclisi tərk etmişdi. Bir neçə gün sonra toyda baş verənlərdən xəbər tutan qanuni oğrubaşılar oğlanı tutub Xanın yanına gətirmişdilər ki, üzr istəsin.

Yayda atam Kəlbəcər dağlarında, Turşsu yaylağında dincələr, at belində gəzib dolanar, hərdən də zümzümə edərdi. Atın belində də elə əyləşərdi ki, tanımayan onun yaşlı olmasına şübhə ilə yanaşardı. Təbiətin vurğunu idi. Quşları çox sevərdi. Həmişə evimizdə qəfəsdə bülbül saxlayardı. Bir də görürdün atam oxuyur, bülbül də onun səsinə hay verib, cəh-cəh vurur, qəfəsə çırpınırdı. Ova getməyi də çox sevərdi. Ovçuluğuna söz ola bilməzdi. Rəhmətlik Səməd Vurğunla tez-tez ova gedərmişlər. ?mumiyyətlə, Səməd əmi ilə bərk dost olublar. Şair hətta atamın şərəfinə dillər əzbəri şerinin məşhur misrasında belə yazmışdı:
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi -
Qarabağın şikəstəsi!
Yaxşı da zarafatları varmış. Bir gün Səməd Vurğun demişdi ki, qağa, bir ağız "Qarabağ şikəstəsi" oxu, səni ova aparacam. Atam da oxumuşdu. Bunun üstündən az keçmiş yenidən rastlaşanda atam şairdən soruşmuşdu:
- Səməd, bəs ova nə vaxt gedirik?
Şair də söz altında qalmayıb demişdi:
- Dərdini alım, səni ova apararam ey, amma qorxuram qaç-qovda səsinə soyuq dəyə...

Atam Səməd Vurğun poeziyasının vurğunu idi. Hətta onun "Komsomol" poemasından "Dünya" qoşmasını "Mirzə-Hüseyn Segahı" üstündə oxumuşdu.
Atamın dostları da onun xətrini çox istəyirdilər. Onlar arasında Abasqulu ağa adında bir baməzə musiqiçi də vardı. Şura hökuməti qurulanda var-yoxu əlindən alınandan sonra tarzənliklə məşğul olurdu. Özü də çox hövsələsiz adam idi. Bir dəfə Şuşada olarkən atamla "əsli və Kərəm" tamaşasına baxmağa getmişdilər. Tamaşa zamanı Abasqulu ağa görmüşdü ki, səhnədə Kərəm keşişə neçə saat yalvarsa da, əslini ona vermirlər. Həmin vaxt hövsələsi tükənən Abasqulu ağa səhnəyə çıxıb demişdi:
- Hanı o əsli? - Sonra səhnənin arxasına keçib, aktrisanın əlindən tutub gətirib Kərəmə vermişdi. - A kişilər, səhərdən bizi yığıblar boğaza, qalmışıq bir erməni keşişinin əlində. Bu yazıq Kərəm də yalvarır. A bala, götür qızı get də, verdim sənə...
Sonra da üzünü tutub gülməkdən gözləri yaşarmış tamaşaçılara elan etmişdi:
- Ay camaat, dağılışın. Teatr qurtardı.
Atamla olduğuna görə bir kimsə onun xətrinə dəyməmişdi.

Nəcib insan olduğuna görə atam, ümumiyyətlə, heç kimin səhvini üzünə vurmaz, nə lazımdırsa zarafatla başa salardı. Elə gün olmazdı ki, mənzilimizdə çal-çağır qurulmasın. Evimizin fəxri qonaqları arasında kimlər olmazdı... Atam tanımadığı adamı da hörmətlə evinə dəvət edərdi. Həmişə deyərdi ki, mənim düşmənim yoxdur, qapım hamının üzünə açıqdır. Hətta belə hərəkəti onu iki dəfə oğru və quldur dəstəsindən qurtarmışdı.

Anam Suğra xanımla yaxın qohumlarımızdan birinin ad gününə getmişdik. Atam xəstə olduğundan evdə qalmışdı. Qayıdanda isə başına gələn əhvalatı bizə danışmışdı:
- Evdə oturub kitab oxuyurdum. Birdən qapının zəngi çalındı. Açdım, dolubədənli, iricüssəli, üzüçopur, keçəl bir kişiydi. Onu içəri dəvət edib çay verdim və nərd oynadıq. Xeyli söhbətdən sonra gəlişinin məqsədini açıqladı və dedi:

- Xan əmi, mən Bakıda məşhur oğrubaşıyam. Sizə də "razvedka"ya gəlmişdim. Fikrimiz evinizi yarmaq üçün plan hazırlamaq idi. Amma sən ki məni belə kişi kimi qarşıladın, çay-çörək təklif etdin, üstəlik, kim olduğumu soruşmamış nərd də oynadın, halal olsun! Daha bundan sonra mənim hərəkətim kişilikdən olmazdı. Sağ ol, yüz yaşa, - deyib qapıdan çıxdı.
Həmin gecə qonşu binada ev yarıldı...
Bir dəfə də toydan gəlirmiş. Gecəvaxtı meşəarası gedirmişlər. Birdən qaçaq-quldur qarşılarını kəsmiş, həmin vaxt Segah İslam belindən qızıl kəmərini açıb qarmonun futlyarında gizlədib demişdi:
- Xan, bir ağız "Qarabağ şikəstəsi" oxu, bizi buraxacaqlar…

O vaxtlar hələ çox gənc olan atam susub bir kəlmə də deməmişdi. Quldurların başçısı yaxınlaşanda görmüşdü ki, atın üstündə bir oğlan oturub, dünya vecinə deyil. Soruşmuşdu ki, bu kimdir? Atam da qürurla cavab vermişdi ki, mən Xanam. Onda quldurbaşı inanmayıb tələb etmişdi ki, oxusun. Atam da oxuyub quldurları səsinin vüsəti ilə inandırmışdı. Bundan sonra quldurlar meşədən çıxınca musiqiçiləri müşayiət etmişdilər ki, Xana xətər dəyməsin...
Deyilənə görə, çox yaraşıqlı kişi olduğundan zəmanəsinin qadınları atama məktublar yazar, zəng edərmişlər. O isə kimsənin könlünə dəymədən zarafatla deyərmiş:
- Ay xanım, ay bacım, bu işlərə qardaşım Allahyar baxır, mən yox.

Əmim də onun belə deməsindən inciməzmiş. Ömrünün sonunadək atam evli olduğu hər iki qadına sədaqətli qalıb. Bununla belə, qadınlara qarşı həmişə çox diqqətcil olub. Xəstə yatdığı vaxtlar Zeynəb Xanlarova həyat yoldaşı ilə atamın yanına gəlmişdi. Onda atam yerindən durmaq istəmiş, ancaq halı olmadığına görə qalxa bilməmişdi. Buna görə Zeynəb xanımdan dönə-dönə üzr istəmişdi.

...1944-cü ildə atam bir qrup incəsənət xadimi ilə İrana səfərə gedib, üç ay orada qalmışdı. Şahın xanımı Xanı məclisində görmək istəmiş və onu saraya dəvət etmişdi. Atamı dəvət edəndə ona bildirmişdilər ki, ürəyi kimi istəyir özüylə gətirə bilər. Atam da qardaşı Allahyarı, xanəndə Sara Qədimovanı və kamança ustası Hafiz Mirzəliyevi özüylə götürüb Şahın sarayına getmişdi. Burada qadınların xahişi ilə "Şur" muğamını oxumuş, hamı onun ifasından məmnun qalmışdı. Şah Xanı şəxsən dinləmiş, yola salanda özünün şəklini, gümüş güldan və bir də tənbəkiqabı ilə qəlyan bağışlamış, hədiyyələri şahın xanımı özü təqdim etmişdi. Bununla belə atamın dünya nemətində heç zaman gözü olmamışdı. Həmişə də çox sadə yaşamışıq. Ailəmiz böyük, mənzilimiz kiçik olub. Amma buna görə də atam uzun zaman kimsəyə ağız açmayıb. cəmisi bir dəfə müraciət məktubu yazıb Azərbaycan KP MK-nın birinci katibi Heydər əliyevə göndərmişdi. O da dərhal göstəriş vermişdi ki, harada xoşu gəlirsə, orada Xana ev verilsin. Onda bizə dördotaqlı mənzilin orderini təqdim etmişdilər. Köçəndən bir gün sonra Heydər əliyevin köməkçisi köhnə evimizə zəng edib demişdi ki, birinci katib Xan əmiylə danışmaq istəyir. əvvəlki evimizdə qalan dayım da demişdi ki, Xan əmi təzə mənzilə köçüb, orada isə telefonu yoxdur. Yarım saatın içində evimizə telefon çəkmişdilər. Sonra köməkçi yeni evə zəng vurub, atamı Heydər Əliyevlə calamışdı. Əliyev də yeni mənzil alması münasibətilə atamı təbrik etmişdi.

"Böyüklər", ümumiyyətlə, hər zaman atama hörmətlə yanaşarmışlar. Keçmişdə Mircəfər Bağırov Yeni il bayramı münasibətilə daim atama hədiyyə göndərərmiş. Atam da Bağırovun hörmətini saxlayarmış. İranda olanda atamı üç gün müddətinə Türkiyəyə aparmaq istəmişdilər. O da imtina edib demişdi ki, icazəsiz gedə bilməz.

Hökumət dəyişiləndə atamın əmiləri "ağa" olduqlarından İrana qaçmışdılar. Orada qalmış və "Şuşa" adlı mehmanxana tikdirmişdilər. Babama da atamın xatirinə toxunmamışdılar. Bir dəfə İranda olanda atam xəstələnib xəstəxanaya düşmüşdü. Oradakı qohum-əqrəbası bunu eşidib yanına gəlmiş, qızıl-gümüşü qarşısına tökmüşdü. Amma atam ehtiyat edib heç nə götürməmişdi...

...Atam hər mənada "Xan" adına layiq idi. Onun kimi "Sarənc", "Simayi-Şəms" oxuyan ikinci bir xanəndə indiyədək də yoxdur. Gözəl qaval vurar, musiqinin ritminə uyğun atıb-tutardı. Özü də həmişə qaval vurmağı bacarmayan müğənni üçün deyirdi ki, "Filankəsin əli-ağzı düz deyil".
Operanı sevsə də, heç vaxt Opera Teatrında işləmək istəməmişdi. Üzeyir Hacıbəyov dəfələrlə atamı dəvət etsə də, o, təklifi qəbul etməyib demişdi:
- Üzeyir bəy, mən üzümə "kraska" çəkib xalqın arvadlarını qucaqlaya bilmərəm.

Bununla belə Xan təkcə xalq mahnıları və muğamat oxumazdı, həmçinin simfonik janrda da əsərlər ifa edərdi. Bir də görürdün afişa vurulub ki, Maestro Niyazinin simfonik orkestri simfonik muğam çalacaq, solo hissəsini Xan Şuşinski ifa edəcək. Simfonik orkestrin müşayiəti ilə muğamlarda solo hissəsini də ilk dəfə atam oxumuşdu.
İşinə çox məsuliyyətlə yanaşdığından hiss etsəydi ki, səsində bir balaca xırıltı var, dünyasında səhnəyə çıxmaz, toya getməzdi.

...Övladlarından atam yalnız mənim toyumu görüb. Həyat yoldaşım "Göygöl" ansamblının bədii rəhbəri Fikrət Verdiyevlə ailə qurmağımıza Şövkət xanım ələkbərova elçilik edib. Toyumuz həm Bakıda, həm də Gəncədə quruldu. Hər iki məclisdə məşhur sənətçilər və xanəndələr Əbülfət Əliyev, Sara Qədimova, Şövkət Ələkbərova iştirak edirdilər. Qonaqlar atamdan toyda oxumasını xahiş edəndə o, razı olmamışdı:
- Ay canım, xalqın adəti var. Mən qızımın toyunda oxuya bilmərəm.
Sonra Əbülfət Əliyevgil hərəsi birağız "Qarabağ şikəstəsi" oxuyub mikrofonu atama uzatmışdılar. O da bir bəndlə şikəstəni tamamlamışdı...

Ölümündən bir az əvvəl atam mənə zəng vurmuşdu. Demişdi ki, gəl bizə, səni görüm. Səsi çox gümrah idi. Ağlıma da gəlməzdi ki, atamın səsini son dəfə eşidirəm. Həmin gün maşınla Bakıya yola çıxdıq. Yolu yarı etmişdik ki, boynumdakı qızıl zəncir qırıldı. Demə, həmin an atam dünyasını dəyişibmiş. Evimizə çatanda artıq o yox idi…

Xan Şuşinski ömrünün 78-ci baharında - 1979-cu il martın 18-də gözlərini əbədi olaraq bu dünyaya yumdu. cənazəsini Filarmoniyada qoymuş, oradan isə Fəxri Xiyabana aparmışdılar. İnsan axınının ucu-bucağı yox idi. Şair Nəriman Həsənzadə onun məzarı başında şer dedi:
Bir heyrət bürüyüb məni bu yerdə,
Dolmuş izdihamla Fəxri Xiyaban.
Tabutu - çiyində, səsi - efirdə,
Susan da Xan idi, oxuyan da Xan...
...Atam ömrünün son üç ilini Şuşaya gedə bilməmişdi. Elə bilirəm ki, buna görə də xəstə düşmüşdü. Səhnədən gedəndən sonra çox israr etmişdilər ki, geri qayıtsın. Amma qayıtmayıb demişdi ki, məni Xan kimi tanıyıblar, qoy yaddaşlarda da Xan kimi qalım…

Bu gün Xan ocağının başında oğlu Aslan ağa İsfəndiyar oğlu Cavanşir durur, nəvəsi İsfəndiyar Aslan ağa oğlu Cavanşir böyüyür.

Ailədə hamımızın gözəl səsi var. Şövkət xanım səsimə qulaq asıb deyərdi ki, səs tembrin eyni ilə mənimkidir. Qardaşım Aslan da istəsəydi, gözəl müğənni olardı. Amma bizim üçün atamız Xan Şuşinski sənətdə elə bir zirvədə durub ki, biz o zirvəni fəth edə bilməyəcəyimizə görə həmin sənəti davam etdirmədik.

Atamın ruhu şad olsun, daim xalqının xatirində yaşasın. Bu bizə bəs edər... ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar