Gürcü rejissor Bakıda tamaşa hazırlayacaq
25 İyul 2010 Bazar 13:15
Tamaşa beynəlxalq layihə kimi Azərbaycan və rus dillərində səhnələşdiriləcək.
Gürcüstanın Rustaveli teatrının rejissoru Qoça Kapanadze Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşa səhnələşdirmək üçün Bakıya dəvət olunub. Teatrın mətbuat xidmətindən bildirilib ki, gürcü rejissoru Azərbaycan teatrında A.Saqarelinin “Xanuma” əsərini tamaşaya qoyacaq. Bu tamaşa beynəlxalq layihə kimi Azərbaycan və rus dillərində səhnələşdiriləcək.

Tamaşanın quruluşçu rəssamı Ana Ni Nua və geyim rəssamı Lomqul Murusidze də Gürcüstandan dəvət olunublar. Yaradıcı qrupa Azərbaycanın xalq artisti, rəqqasə Təranə Muradova, əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov da daxildir.

Tamaşaçılar hər iki dildə Xanuma rolunda Azərbaycanın xalq artisti Afaq Bəşirqızını görəcəklər. Digər əsas rollarda isə xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Boris Qrafkin, Xanım Qafarova, Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlar Nərgiz Kərimova, Fərid Əliyev, Ramil Qasımov, İzabella Şvets, Emil Heydərov, Ülviyyə Əliyeva, Nahidə Orucova, Svetlana Bulax, Əliməmməd Novruzov, Əzizağa Əzizov, Marina Litvinenko və başqaları çıxış edəcəklər.

Tamaşanın məşqlərinə sentyabrın 1-dən başlanılması nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar