Günahkarın etirafı
07 İyul 2010 Çərşənbə 16:20
Məşhur müğənni Stinq barəsində.
Və çox şeylərə görə utanıram. Amma istəyirəm biləsən ki… (səhifə yarıdan boş buraxılıb). Yaxşı olar ki, görüşək və söhbət edək. Stinq".
Stinq özünün Hayqeytdəki şəxsi iqamətgahının qonaq otağında tək-tənha oturmuşdu. Gözlərini cızma-qara məktubuna dikmişdi. İyirmi ildən artıq idi həyat yoldaşından ayrılmışdı. Fikrindən keçdi ki, yəqin tanış xəttlə yazılan bu məktubu görəndə Frensis əsəbiləşəcək! Ayrılandan sonra onlar demək olar, on il bir-birlərini danışdırmadılar. Sonralar Milad bayramlarında təbrik açıqcaları göndərərdi, o da ki hər bayramda yox. Məktuba gəlincə isə, hər halda, Stinq yazmamışdı. Yenə qarşısındakı məktubda yazacağı sözləri öz-özünə götür-qoy edirdi. Birinci dəfə deyildi ki, qəlbində yığılıb-qalanları bölüşmək istəyirdi. Bircə onu bilmirdi ki, bu qəribə duyğusunu - ürəyini boşaltmaq arzusunu Frensisə necə izah etsin.
Bəs görəsən, niyə təkcə ona? Axı qarşısındakı qeyd dəftərçəsində aydın xətlə neçə-neçə adamın adı yazılmış siyahı vardı - çox güman, Stinq onların da hər birinə məktub yazmaq fikrindəydi. Bu siyahıya onun sinif yoldaşları, indi dağılmış olan "Police" qrupunun üzvləri, mətbuat katibləri, rekord-şirkətlərin sahibkarları, daha kimlər… daxil idilər. Bu adlara baxa-baxa Stinqin üzünə xəfif təbəssüm yayıldı.
Stinqdən son vaxtlar nə ilə məşğul olduğunu soruşan olsaydı, çətin ki, dəqiq cavab verə bilərdi. Bəlkə də boynuna alardı ki, onu keçmişinə nəzər salmağa sövq edən məhz yaxın vaxtlarda baxdığı bir Koreya filmi oldu. Film uşaqlıqda ehtiyatsızlıq üzündən işlətdiyi bircə səhv kəlmə üzündən 15 il həbs cəzası çəkmiş insanın həyatından bəhs edirdi. Filmdə xüsusilə bir kadr Stinqi çox təsirləndirmişdi: qocalmış, ruhdan düşmüş, əslində cinayətkar olmayan həmin adam nə vaxtsa incitdiyi insanların adlarını dəftərçəsinə qeyd etməyə başlayır. Dəftərin biri dolur, sonra o birisi, sonra digəri başlanır və... O isə hey yazır, yazır...
Bunları fikirləşə-fikirləşə Stinq evində ən çox xoşladığı Kapitan otağına qayıtdı. Birdən-birə ağlına gələn fikirdən dəhşətə gəldi: görəsən, yazmağa başlasa, onun dəftərlərlərinin sayı neçə olar?! Bəlkə də onu bilinməz?! Axı incitdiyin adamları, dilindən çıxan kəskin sözləri, elədiyin alçaq hərəkətləri bir-bir xatırlamağın özü də bir cür cəzadır.
...Bu filmə tamaşa etdikdən sonra Stinq öz aləmində belə bir həqiqəti yəqinləşdirdi: hər kəsi yada salmaq, hamıya yazmaq və imkan varsa, hamıyla barışmaq lazımdır!
Snob! Napoleon! Balaca Hitler! Soyuqqanlı özünəvurğun! Təkəbbürlü çərənçi! Bu adlar Stinqə müxtəlif illərdə yaxın olmaq "səadəti" nəsib olan, onunla birgə işləyən və... İlahi, hətta onunla yatağını bölüşən adamların layiq bildikləri mükafatlar idi! Onu Stinq təxəllüsüylə bütün dünyada tanıdan o vaxtkı "Police" qrupunun üzvləri isə fikirlərini daha aydın ifadə edirdilər: "O yalnız özünü sevir və şöhrət xatirinə kimdən istəsən keçər, lap doğma nənəsini də satar!" Bir vaxtlar Stinq özü də etiraf etmişdi: "Ya şöhrət, ya dostluq! Bunlardan birinə önəm verməli olsam, birincini seçərəm". Məhz indi - yaşı 50-ni ötəndə Stinq yaxın-uzaq insanlarla ünsiyyətə ehtiyacı olduğunu anlayırdı, amma səhvini düzəltmək düşündüyü qədər asan deyildi. Bəzilərindən Stinq uzaq düşmüşdü, elələri də vardı ki, onları geri qaytarmaq artıq mümkünsüz idi… On ildən çox idi doğma şəhəri Nyukasla ayaq basmırdı, oranı "dünyanın ən pis məkanı" adlandırırdı. Axı onu yaxından tanıyanların, əslində, hər kəsdən əvvəl elə özünün qarşısında Stinq mütləq səmimi olmalıydı.
Hamıdan artıq isə Frensisin qarşısında səmimi olmalıydı. Çünki onunla əsl heyvan kimi rəftar etmişdi, halbuki qazandığı uğurların çoxuna onun sayəsində nail olmuşdu....Onunla ilk görüşü indiki kimi yadındadır. O - hələ Stinq yox, adi özfəaliyyət rok qrupunda bas gitaraçısı işləyən, nə mükəmməl təhsili, nə gələcək barədə planları olan uzundraz bir tələbə. Qız - yaşılgözlü, məlahətli səsi və ifaçılığı ilə artıq London səhnəsində uğurlar qazanmış aktrisa. Yadındadır, bir dəfə yerli teatrda Məsihin doğumuna həsr olunmuş müzikl nümayiş etdirilirdi. Samnerin qrupu bir həftə ərzində əzbərlədiyi melodiyanı həmin mərasimdə səsləndirirdi. Amma tamaşa bitənədək dinləyicilərin nəzərləri ən çox Mariya rolunu məharətlə ifa edən aktrisaya - Frensis Tomeltiyə dikildi.
Xeyli sonra onlar yenidən görüşməli oldular. Bu dəfə bir kokteyl qonaqlığında rastlaşdılar. Frensis sanki onun başı üzərindən uzaqlara baxırdı. Məlum məsələ idi. Axı o illərdə Samner kim idi? Kim? Çoxlarının hələ tanımadığı, "Last Exit" qrupunda basist işləyən, cibində cəmi bir neçə şillinq pulu olan, yarım il əvvəl valideynlərindən ayrılıb özünə daxma kirayələyən, gah avtobusda konduktor, gah tikintidə fəhlə, gah vergi idarəsində klerk, gah yerli fabrikdə meyvə qablaşdırıcısı... işləyən adi bir gənc.
Pedaqoji kursu bitirəndən sonra Stinq iki il katolik məktəbində təcrübəçi müəllim işlədi. Qız isə ulduz olmasa da, hər halda, yerli tələblərə münasib məşhurluq qazanmışdı. Frensis belfastlı bir aktyorun qızı idi, ölkənin paytaxt şəhərinin səhnələrində oynamışdı, özü də təkcə teatrda deyil, həm də kinoda və televiziyada! Yadındadır… O məclisdə Frensis qucağında şpis cinsli küçük tutmuşdu. Birdən heyvan quyruğunu bulaya-bulaya Stinqə tərəf dartınmağa başladı. "Bəli, heyvanlar məni sevir!" - Stinq bacardığı qədər qayğısız görünməyə çalışaraq dilləndi. Sonra astaca əlavə etdi: "Qadınlar da". Qız qaşlarını azca qaldırıb, onu - həyasızı başdan-ayağa süzdü və deyəsən, gördüklərindən məmnun qaldı (qəşəng olmasa da, gözəgəlimlidir) və "Sizin isə qəşəng gözləriniz var", - deyə laqeydliklə dilləndi. "Ümid edirəm, sizi barmenlər də sevir. Mənə kokteyl gətirin!".
Bu əhvalatdan iki ay keçdi. Onlar bir yerdə yaşamağa başladılar, bir il sonra evləndilər. Qordon yalan demirdi - qadınlar, doğrudan da, onu sevirdilər. Qadın pərəstişkar adını o hələ məktəbli ikən qazanmışdı. Siniflərinə pornojurnalları ilk gətirən də elə o olmuşdu. Bəzi hərəkətləri, danışığı, hərdən maraqlandığı söhbəti dinləyərkən boynunu azca yana əyməsi Frensisə xoş gəlirdi. Stinq ifa edəndə gitarasına elə sığınırdı ki, sanki dünyada ondan əziz heç nəyi və heç kimi yox idi. Frensis hətta onun mahnılarını da sevdi, hərçənd o qədər də yaxşı oxumurdu, yəni mahnının ən şirin yerində bəzən elə "xoruz" buraxırdı ki, tamaşaçılar zalı tərk edirdilər. Belə hallarda Frensis özündən soruşurdu: necə olub ki, həyatını səhnədə indidən belə dəhşətli səslər çıxaran və bu azmış kimi, dünyanı mat qoymaq arzusuna düşən adamla bağlayıb? Amma belə fikirlərilə yanaşı, qız inanırdı ki, Nyukasldan köçüb Londona gedəcəklər, onların qrupu ölkənin konsert meydançalarını heyran edəcək. İnandı... O qədər inadı ki, Samnerə kömək etmək üçün teatrı atdı, könüllü olaraq, qrupun mətbuat katibi oldu, qrupun demo-yazılarını rekord şirkətlərə yaymaq üçün günlərlə vaxtını itirdi, əziyyət çəkdi. Bəli, Qordon insanı inandırmağı bacarırdı. Əlbəttə özünə lazım olanda!
Və bunların əvəzində Qordon nə etdi? O, Frensisi atdı! Bəli, "Last Exit"dəki yoldaşları kimi onu da atdı, özü də Qordona ehtiyacı olan vaxtda. Lazımsız əşya kimi atdı onları. Stinq gitarasından bərk yapışdı, silah kimi. Onu ifa etməyi mükəmməl öyrənmək, səhnədə az da olsa, qala bilmək naminə "50 yaşı keçənlər üçün" "30-cu illərin melodiyaları"nı ifa etdi, kurort teploxodlarında, hətta strip-barlarda çalmağı belə özünə rəva gördü. Qordon Londonda təşkil edilən "The Police" triosundakı uğurları ilə tanındı, stadionlar ağzına qədər onu dinləmək istəyən pərəstişkarları ilə doldu. Əlbəttə, yeri gələndə Frensis yenə Stinqə kömək edirdi, amma hər şey ötübkeçir: getdikcə, Qordon vicdanlı ailə başçısı olmaqdan bezdiyini düşündü. Hətta Frensis Londondakı mənzilində onun yoluna göz diksə də, oğlunu saxlasa da, ikinci övlad gözləsə də. "Mən katolikəm, ərim də katolikdir, inanmıram ki, kiminləsə orda-burda əylənir", - deyə Frensis qətiyyətlə qəzetçilərin yanında öyünürdü. "Sekssiz bir gün belə, yaşaya bilmərəm", - deyə Stinq okeanın o biri tayından - Amerika turnesindən qəzetçilərə cavab verirdi. "Bəs onda kiminlə seks - axı arvadı onunla qastrollara getmir?" - deyə jurnalistlər onların cavablarına bir az da zəhər qatırdılar.
...Elvis Preslinin vəfat etdiyi gün idi. Müxbirlərdən biri Stinqi dəhlizdə saxlayıb bir-iki kəlməylə müsahibə verməsini xahiş etdikdə o, "Mən çox şadam. Kral öldü, indi sizin kralınız mən olacağam", - deyə bircə saniyə də düşünmədən diktafona söylədi.
Hərdən Londondan cəmi iyirmi dəqiqəlik məsafədə yerləşən Hempsteddəki mülkünə gəlirdi. Darıxırdı. Hətta onlara nadir hallarda gələn qonaqlar da mümkün qədər tez getməyə çalışırdılar: evdəki ab-hava oranı ailə ocağından çox, ailə otelinə bənzədirdi, əlbəttə, menecer rolunda Stinq idi. Candərdi təbəssümlər, saxta səmimiyyət, bayağı sözlər… Uşaqlıqdan belə tərbiyə olunmuşdu, qarşısına qoyulmuş naharı boğazından keçən kimi, qızıl vaxtını itirməmək üçün tələm-tələsik sevimli gitarasını götürüb otağına çəkilir və ora qapanıb qalırdı. Olurdu ki, bəzən axşamüstü hava almaq üçün şizlonqunu götürüb bayıra çıxır, Frensislə birgə otururdu. Səssiz-səmirsiz səmanı seyrə dalır, hər ikisi susurdu… Elə bil, danışmağa sözləri qurtarmışdı... Əvvəllər onları bir-birinə bağlayan nə vardısa, yəni yaşayış uğrunda mübarizələri, indiki iqamətgahları ilə müqayisədə ayaqyolu böyüklükdə olan kirayədə qaldıqları mənzilləri, tükənməz borcları, gələcək barədə bitməyən söhbətləri tüstü kimi çəkilib getmişdi; Stinq arzusunda olduğu gələcəyə nail olmuşdu. Artıq bu gələcəyi saymaq da, ölçmək də olardı - satılan milyonlarla plastinkalarla, böyük həcmli qəzet materialları ilə, pərəstişkararının zəngləri və bank hesablarında yığılan funt sterlinqlərlə. Bəs Frensisə olan münasibəti? Bunu nə ilə ölçmək olar? Bax, bunu Stinq heç cür başa düşə bilmirdi. Nə qədər təəssüf doğuracaq olsa da, boynuna alırdı ki, Frensisdən qaçdıqca, özündən qaçırdı.
Stinq ailə həyatından qorxurdu!!! Niyə? İstirahət günlərində bir-birlərinə söylədikləri "hə, əzizim", "yox, əzizim" və bu qəbildən olan başqa ifadələr Stinqə atası ilə anasının birzamankı münasibətlərini xatırladırdı. Belə getsə, eynilə ordakı kimi, günlərin birində evə həmişəkindən tez qayıdan oğlu Frensisi başqa sevgilisi ilə bir yerdə tutacaq. Demək, onda Stinq də atasının gününə qalacaq? Yox, ondansa, - məzəmmət zərbəsini elə indidən vursa daha yaxşı olar! Bir vaxtlar Frensis Tomeltinin səhnədə məharətlə yaratdığı rollarını ifa edən aktrisa Trudi Stayler onun xarakterindəki bu cəhəti tez başa düşdü və başqalarından fəndgir tərpəndi - Stinqlə dostlaşdı. Onun Hempsteddəki evinə qonaq gəldi, birlikdə şam etdi, hərdən onlarda gecələdi, Frensislə qadın məsələləri barədə söhbətləşdi, və... əl altından ərini yoldan çıxardı. Nəhayət, uğur qazandı - Frensis kənara çəkilməli oldu, onun yerini Trudi tutdu. Hətta ərdə olması belə, Trudini yolundan çəkindirə bilmədi. Trudi Frensisin anlaya bilmədiyi ən vacib cəhəti müəyyən etdi - loyallıq, özünəinamsızlıq Stinq üçün əsasdır. Onun heç kimə etibarı yoxdur, daim başqalarının onu atacağından ehtiyat edir.
Stinqin xarakterində bir incə məqam da vardı. Ehtiyatsız deyilən, yaxud xoşlamadığı hər hansı sözün üstündən keçərdi, amma üstündən illər keçsə də sonra imkan tapıb üzə vura bilərdi. Odur ki, Trudi onu hər yerdə "dahi" adlandırır, çətinlik çəkdiyi bütün işlərində dəstək olurdu. Müsahibələrindən birində Stinq bildirmişdi ki, Trudi onu sözün əsl mənasında xilas edib. Nədən?
Stinqi xilas etməyə səbəb az deyildi. 80-ci llərin əvvəlləri. Stinq varlı, eyni zamanda hiyləgər və kimsəyə etibar etməyən, tez-tez depressiyaya düşən, heç kəsə güzəştə getmək istəməyən adam olub.
"National Guardian" jurnalının tanış fotoqrafının köməyi ilə Stinq özünə yeni məşğuliyyət tapdı. O, vaxtaşırı braziliyalı hinduların qonağı olurdu. Stinqin başı o qədər qarışdı ki, hətta valideynləri ilə görüşməyə də vaxt tapmadı.
Stinq ekologiya ilə maraqlandırmağa başladı. "Amazonkanın tropik meşələri məhv olur!", "Hindular qırılır! Milli park salmaq lazımdır!" - deyə hər məqam düşəndə təkid edirdi. Sitinqə az qala, səcdə edən hindular ona hətta öz tayfalarının adını - Plotima, yəni timsah balasının qara ciyəri adını verdilər. Onlara kömək etmək üçün tayfanın başçısı Çif Rani ilə Stinq, az qala, dünyanın yarısını dolaşdılar: İspaniya kralının, şahzadə Diananın, Braziliyanın prezidentinə... müraciətlər etdi.
Nəhayət, Roma papasının da qəbulunda oldu. Amma… Qarşısında yepiskopun özünü görəndə Stinqin dili topuq çaldı, lap uşaqlığındakı kimi, elə bil, balaca Qordon qarşısında Allahın elçisini görürdü. Stinqin əvəzində, tayfanın başçısı elə bil, yuxudan ayıldı: əvvəlcə özü çıxış etdi və sonda barmağını papaya tuşlayıb qəzəblə dedi: "Mənim Allahım sənin Allahına deyir: Missionerlərini bizim torpaqlardan rədd elə, onlar bizə lazım deyil!". Sonra əlavə etdi: "Özü də tezliklə!" "Allah sizi qorusun, sülhə gəlin", - deyə papa onları tələsdirərək, hərəsinə bir plasmas gül bağışladı. "Ağılsız!" - deyə salondan çıxan kimi Stinq tayfa başçısının üstünə qışqırdı. "Özünsən!" - Stinqin gözləmədiyi halda tayfa başçısı avropalı ləhcəsi ilə cavab verdi.
Amma hindular Stinqə azlıq edirdi. O, Britaniya meşələrinin çirklənməsi, atom stansiyalarının tikilməsi əleyhinə çıxır, gey-aktivistlərlə, QİÇS-lə mübarizə aparanları, tətilçi şaxtaçıları, Amnesty İnternational-ı, irlandiyalı fəalları, Kuba kommunistlərini - bir sözlə, Yer üzündə istismar olunan, incidilən hər kəsi dəstəkləyirdi. Və bütün bunlar onunla nəticələndi ki, çox sevimli jurnalı "The Guardian" onu "musiqi dünyasının zəhlətökəni" adlandırdı.
90-cı illərin əvvəllərində Stinqin qazancı daha da artmağa başladı. Onun yazdığı hər mahnı yüksək məbləğlərlə dəyərləndirildi. O, Billi Coulun Nyu-Yorkdakı apartamentlərini aldı. Yeri gəlmişkən, Stinq burada Luçano Pavarotti və Frenk Sinatra ilə qonşu oldu. İndi onun narahatlıq doğuran problemi qalmamışdı. Amma vaxt keçsə də, arzusunda olduğu sakitlik, dinclik zirvəsinə çata bilmirdi. Əksinə, onların əvəzinə Stinqi vicdan əzabı bürüyürdü. Stinq nə atasının, nə də anasının dəfnində iştirak etmişdi. Hər dəfə atasının əziyyət çəkdiyi xərçəng xəstəliyinin əlamətlərini özündə hiss edəndə onun surəti - qüssəli baxışları, üzgün çöhrəsi, nadir hallarda ürəkdən etdikləri söhbətləri xəyalına gəlirdi. Bir də onun kövrələndə "mən əslən, uğursuzlar nəslindənəm" sözləri… O vaxtdan on il keçirdi. Verdiyi müsahibələrində Stinq bu sözləri dəfələrlə təkrar etmişdi.
Yadındadır, son görüşlərinin birində atası onun əllərini ovcunun içiniə alıb demişdi: "Hə... Əllərin eynilə mənimkinə oxşayır. Amma sən özünü məndən yaxşı tuta bildin". Sonra bir qədər susub əlavə etmişdi: "Amma niyə sən belə... Elə bilirsən həyatdan kam almamış ölmək asandır?"
Bunları düşündükcə, Stinq özü-özünə həddindən artıq mənfur görünürdü. Sən demə, insani münasibətlər onun bəstələdiyi mahnılardan çox-çox mürəkkəb imiş...
Pul insana həmişə azlıq edir. Gəlirlərinin artmasına rəğmən, xəyallarının üzücü məngənəsində sıxılan Stinqin maliyyə məsləhətçisi - köhnə və etibarlı dostunun onun 12 milyon dollar pulunu oğurlayaraq, müxtəlif şübhəli işlərə sərf etdiyi məlum oldu. Hətta onun "Amazon meşələrini xilas edirik" fondundakı pulları həmin meşələrdən başqa hara gəldi israf olunmuşdu. Bəli, həyatının neçə-neçə illərini sərf etdiyi məlun hindular Stinqin bu qədər pulunu mənimsəmişdi. Hələ bu azmış kimi, onlar hər yerdə bəyan edirdilər: "Stinqi tanımaq belə istəmirik! Kaş o, bizim yerlərə heç gəlməyəydi!"
Elə bil, hamı nankor heyvana çevrilib, deyə Stinq düşünürdü. Yaxşı, deyək hindular belə çıxdılar, bəs irlandlar? Stinq çox rəğbət bəslədiyi irlandiyalı gənclər haqqında neçə-neçə mahnılar bəstələmiş, hətta İrlandiyada ev də almışdı. Amma… Ora çatdığının birinci günü yerli barda ona yaxınlaşıb qulağına elə sözlər pıçıldadılar ki, Stinq həmin gün oranı tərk etdi, bir həftə ərzində evini satdı və bir daha o yerlərə dönmədi.
...Hətta Trudi - sədaqətli, hər sözüylə razılaşan Trudi də axır illər ona əldən düşmüş bir vəhşi kimi nəzər yetirirdi. Niyə? Stinq iyirmi il onunla birgə həyat sürmüşdü, di gəl ki, hələ də daxilində əbədi hakim kəsilmiş qorxusuna - ailə həyatından qorxu hissinə qalib gələ bilməmiş və onunla nikaha girməmişdi. Halbuki, Trudi onun üçün dörd övlad dünyaya gətirmiş, həyatını ona həsr etmişdi, amma jurnallarda adı Stinqin "dostu" kimi hallanır, hətta bəzən təhqir kimi səslənən "indiki" sözünü də əlavə edirdilər.
...Trudi ilə Stinqin nikahı 1992-ci ildə baş tutdu. Bundan sonra elə bil, Stinqi tamam dəyişdilər: Stinq tez-tez on ildən bəri ayaq basmadığı Nyukasla getdi, ata-anasının məzarına baş çəkdi, "Police" ilə münasibətlərini qaydasına saldı. Amma yenə sakit ola bilmirdi; ona elə gəlirdi ki, boynunda kiminsə haqq-sayı qalıb, Bu haqq-saylara dəyər verməyi özünə mənəvi borc bilirdi. İndi özünün Kapitan otağında oturub ötüb-keçənləri xatırlayarkən, qəfildən Stinqin yadına düşdü ki, katoliklərdə tövbə etmək qaydası var - ciddi hadisələr baş verdikdə meydana çıxıb özündən asılı olan və olmayan günahlarını hamının qarşısında boynuna alıb, tövbə edirlər. Özünü təmizə çıxarmaq, hətta yada salmağa belə ürək eləmədiyi başqa günahlarını etiraf etmək. Budur, neçə həftədir ki, uşaqlıq illərinin - hələ Stinq kimi tanınmadığı və bu adın ona əlçatmaz xəyal kimi göründüyü illərin xatirələrini qələmə alır. Hər şey - atası ilə süd şüşələrini necə daşıması, şaxtadan şüşələrin qapaqlarının atması, kosmik gəmiyə oxşayan gümüşü rəngli arabası, partasının altında yazdığı fantastik hekayələri və ... anasını həmin alçaqla bir yerdə tutduğu gün haqqında. Atası ilə son dəfə danışdığı gün haqqında. İstər xoş, istər kədərli nə vardısa, hamısı, hamısı barədə. Qəlbində əziz olan hər şey barədə.
...Stinqin öz tərcümeyi-halına həsr etdiyi "Qırılmış musiqi" 2003-cü ilin noyabr ayında işıq üzü gördü və qısa müddətdə bestseller oldu.
..."Sizə hələ özümdən başqa heç kəsin bilmədiyi bir əhvalatı danışmaq istəyirəm. Sizi həyatımın o dövrünə aparmaq istəyirəm ki, orda nə milyonlar, nə çartlar, nə də "The Best of" topluları var" - kitabın girişində belə yazırdı. "Ümid edirəm ki, bu sizə maraqlı olacaq. Mənə isə yüngüllük gətirəcək". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: