Görkəmli teatrşünas İnqilab Kərimov vəfat edib
23 İyul 2011 Şənbə 07:26
Mərhum İnqilab Kərimov bu gün evində keçiriləcək vida mərasimindən sonra son mənzilə yola salınacaq.
Azərbaycanın tanınmış teatrşünası, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, AMEA-nın müxbir üzvü İnqilab Kərimov iyulun 22-də vəfat edib. APA-nın məlumatına görə, İnqilab Kərimov uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. Mərhumla vida mərasimi iyulun 23-də yaşadığı mənzildə keçiriləcək. Teatrşünas elə yaşadığı mənzildən son mənzilə yola salınacaq. Vida mərasimi saat 12:00-da başlanır.

Qeyd edək ki, Azərbaycanın peşəkar teatrşünas nəslinə mənsub olan İnqilab Saleh oğlu Kərimov 1931-ci il aprelin 4-də Göyçay rayonunda anadan olub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alıb (1948 - 1953). İnqilab Kərimov 1957-ci il noyabrın 25-dən taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu ilə bağlayıb. İ.Kərimov həmin institutda teatr, kino və televiziya şöbəsinin müdiri vəzifəsində işləyib.

Alim-tədqiqatçı İnqilab Kərimov 1968-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi fənlərini tədris edib. Həmin universitetin professorudur. İnqilab Kərimov 120-yə yaxın elmi əsərin müəllifidir. Görkəmli alim, yorulmaz tədqiqatçı, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov Azərbaycan teatrının tarixinə və tənqidinə həsr olunmuş, eyni zamanda teatrın nəzəri məsələləri ilə bağlı çoxlu elmi əsərlərin müəllifidir. Alim mətbuatda "İnqilab" imzası ilə çıxış edib. İnqilab Kərimov 2001-ci ildə AMEA-nm müxbir üzvü seçilmişdi.

Allah rəhmət eləsin! ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar