Gənclər və İdman Nazirliyi foto müsabiqə keçirir
21 Aprel 2011 Cümə Axşamı 10:16
Gənclər və İdman Nazirliyi foto müsabiqə keçirir. Müsabiqəyə Azərbaycanın zəngin mədəni irsini, tarixi məkanlarını özündə əks etdirən fotoşəkillər qəbul olunur.
Gənclər və İdman Nazirliyi 16-21 yaş arası olan gənclər üçün "Mədəni İrsimiz-Tarixi Dəyərimiz" mövzusunda foto-müsabiqəyə start verir. Müsabiqəyə qatılmaq üçün gənclər tərəfindən Azərbaycanın zəngin mədəni irsini, mənəvi-əxlaqi dəyərlərini, tarixi məkanlarını özündə əks etdirən fotoşəkillər qəbul olunur.
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın mədəni irsinin, dəyərlərinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, gənclərdə Vətənə məhəbbət hisslərinin aşılanmasıdır. Bununla yanaşı, Avropa Şurasının təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən "Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi" layhəsinin Azərbaycan Respublikasında da baş tutması əsas amillərdən biridir.
Bu müsabiqə eyni zamanda Azərbaycanda “Turizm ili”nin elan olunması ilə əlaqədar olan tədbirlər çərçivəsində gerçəkləşdirilir.
Müsabiqənin nəticəsi olaraq 4 nəfər qalib pul ilə mükafatlandırılacaq:
I yer-300 manat,
II yer-200 manat,
III-yer isə hər birinə 100 manat olmaq şərti ilə 2 nəfərə veriləcək.
Eyni zamanda qaliblər Gənclər və İdman Nazirliyi və Avropa Şurası tərəfindən təsis edilən fəxri diplomlar ilə də təltif olunacaqlar. Qalib gəlmiş fotoşəkillər "Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi" layhəsinin ümumi kataloqunda nəşr etdiriləcək.
Müsabiqənin hər bir iştirakçısı fotoşəkilin adının qeyd olunması şərti ilə yalnız 10 şəkil (cd ya dvd formatında) təqdim edə bilər. Fotoşəkillərlə yanaşı müəllif haqqında informasiya (adı,soyadı, təvəllüd) və şəxsiyyət vəsiqənin sürəti də əlavə edilməlidir.
Fotoşəkillər 3 may 2011 il tarixinədək Gənclər və İdman Nazirliyində qəbul olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: