Gəncədə Koreya Filmləri Günləri keçirilir
03 Noyabr 2011 Cümə Axşamı 17:22
Azərbaycan Kinematoqrafçılar İttifaqı, Cənubi Koreya səfirliyi, Koreya Fondu və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncədə Koreya Filmləri Günləri keçirilir.
 APA-nın məlumatına görə, açılış mərasiminə Cənubi Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha da qatılıb.

Gəncə Dövlət Dram Teatrında keçirilən mərasimi şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham Əliyev açıb. Səfir Li Ci Ha Gəncə ictimaiyyətini salamlayıb və bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan və Koreya arasında mədəni siyasətin gücləndirilməsində bölgələrdən də istifadə olunmalıdır. Diplomat iki ölkə arasında film mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Kinematoqrafçılar İttifaqının kino yayımı şöbəsinin müdiri Gəray Əlibəyov isə tədbir barədə ətraflı məlumat verərək deyib ki, 3 gün davam edəcək tədbir çərçivəsində hər gün iki seans olmaqla 6 film nümayiş olunacaq. Filmlər rus dilində subtitrlərlə göstəriləcək.

Qeyd edək ki, teatrın foyesində Koreyanın məşhur rəssamlarının əl işləri və fotoları da sərgilənir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar