Gənc Tamaşaçılar Teatrı uşaq mövsümünü açıb
12 Noyabr 2009 Cümə Axşamı 22:05
Uşaqların payız tətili ilə əlaqədar Gənc Tamaşaçılar Teatrı yeni tamaşalar hazırlayıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq mövsümünün açılışı olub. Uşaqların payız tətili ilə əlaqədar teatr yeni tamaşalar hazırlayıb. Truppa rəhbəri Ələsgər Muradxanlı bildirib ki, yenidən qurulmuş teatrda böyük canlanma yaranıb. "Əsasən gənclərdən ibarət olan aktyorların rahat işləməsi üçün 22 qrim otağı, işıqlı foyelər, avadanlığın təzələnməsi hər birimizin ürəyincədir", - deyə o vurğulayıb.

Teatrın 82-ci mövsümünə hazırlıq işləri davam edir. Lakin yaradıcı heyət uşaqların bir həftəlik payız tətilini nəzərə alaraq uşaq mövsümünün bu gün açılmasını vacib bilib. Noyabrın 12-dən 17-dək uşaqlar üçün hazırlanmış tamaşalar nümayiş etdiriləcək.

Quruluşçu rejissor Nicat Kazımov “Uşaq ili” çərçivəsində hazırladıqları Samuel Marşakın “Pişiyin evi”, Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”, Süleyman Sani Axundovun “Qaraca qız”, Abdulla Şaiqin “Tıq-tıq xanım”, Rəsul Rzanın “Ana qaz”, Perronun “Çəkməli pişik” və başqa tamaşaları bir həftə ərzində gündə üç tamaşa olmaqla balacalar qarşısında nümayiş etdirəcəklərini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar