Fransızlar Azərbaycan musiqisinə heyran qaldılar
23 Fevral 2013 Şənbə 11:37
Ramil Qasımovun Fransanın Kolmar şəhərində çıxış edib.
Azərbaycanın tanınmış vokalçısı, Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımovun Fransanın Kolmar şəhərində çıxış edib. Səfərdən qayıdan vokalçı ANS PRESS-ə müsahibəsində bildirib ki, Kolmar şəhərində keçirilən konsert Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutub. Fondun təşkil etdiyi gecədə Azərbaycan xalq, estrada və klassik bəstəkarlarının musiqi və mahnıları böyük auditoriyaya təqdim edilib.

Konsertdə Fikrət Əmirovun, Tofiq Quliyevin, Vaqif Mustafazadənin, Rafiq Babayevin, Elza İbrahimovanın əsərləri uğurla ifa olunub. Eyni zamanda məşhur ud və tar ifaçımız əməkdar artist Mircavad Cəfərovun ifasında “Daglarda bayram”, əməkdar artist Teyyub Aslanovun “Gül açdı” mahnısı, caz ifaçısı istedadlı musiqiçi Elçin Şirinov, balabanda Coşqun Sadıqovun ifasında xalq mahnısı “Sarı gəlin”, Diana Hacıyevanın “Summer time”, nağarada Ramiz Kərimovun özünəməxsus ifaları ilə yadda qalıblar.

R.Qasımov əlavə edib ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan naminə xidmətləri biz mədəniyyət və incəsənət işçilərinə də böyük ruh verir: “Son vaxtlar mən də Heydər Əliyev Fondunun təşkil etdiyi neçə layihənin iştirakçısı olmuşam. Bir ay ərzində Fransaya iki dəfə səfərim olub. Əvvəl Mulz, indi isə Kolmar şəhərinin qonağı olmuşam. Yeni Azərbaycanımızın dinamik sürətlə inkişafı hər birimizi sevindirir. Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində xalqımız tariximizə yeni-yeni uğurlu səhifələr yazmaqdadır. Bu gün bütün dünyanın diqqəti doğma Azərbaycanımızdadır. Heydər Əliyevin Fondunun istər ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından çox-çoc uzaqlarda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin tariximizin, milli-mənəvi dəyərlərimizin təbliği sahəsində apardığı böyük, məqsədyönlü fəaliyyət hamıya bəllidir və təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, ifa etdiyim mahnı və musiqilər olduqca gurultulu alqışlarla qarşılandı”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar