Fidan Hacıyeva Heydər Əliyevə həsr olunmuş elegiyanı təqdim edəcək
27 Avqust 2011 Şənbə 01:25
“Sənsizlik” elegiyası Azərbaycan opera səhnəsinin ulduzu Fidan Hacıyeva nın ifasında lentə yazılıb.
Yaxın vaxtlarda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş yeni əsər dinləyicilərin diqqətinə təqdim ediləcək. Bu əsərin ifaçısı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Fidan Hacıyeva AzərTAc-a bildirib ki, avqustun 26-da “Sənsizlik” elegiyası lentə yazılıb. Bir il bundan əvvəl tanınmış bəstəkar Vasif Allahverdiyevin ona elegiyanı oxumağı təklif etdiyini bildirən Fidan xanım deyib ki, əsəri çox bəyənib: “O, həm mənim səsimə, həm də qəlbimin səsinə uyğun idi. Bu, elə bir möhtəşəm əsərdir ki, mən dərhal dedim: “Bəli, mən onu ifa edəcəyəm”. Elegiya mənim səsim üçün yazılıb. Məni həm də dahi liderə həsr olunmuş sözlər məftun etdi. Biz xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi kamera orkestri ilə məşqə başladıq. Lakin yaradıcılıq planlarımla əlaqədar əsər üzərində işi təxirə salmalı oldum. Mən İtaliyaya getdim, orada konsertlərim, tamaşalarım oldu, habelə təhsil aldım. Geri qayıdan kimi bəstəkara zəng vurdum, biz görüşüb yenidən məşqə başladıq. Xüsusilə qeyd etmək istəyirəm ki, elə birinci dəfədən elegiyanı lentə yazmaq mümkün oldu. Bu təəccüblüdür, çünki o, kifayət qədər mürəkkəb vokal əsəridir. Əminəm ki, bu elegiya mənim repertuarımda xüsusi yer tutacaq”.
Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının dosenti Vasif Allahverdiyev Fidan Hacıyevanın fikirləri ilə razılaşaraq etiraf edir ki, elegiyanı onun səsi üçün yazıb: “Mən bilmirdim o, əsəri oxuyacaq, ya oxumayacaq, amma məhz onun səs diapazonu üçün yazmışdım. Sevinirəm ki, Fidan xanım razılaşdı və vokal partiyanı əla ifa etdi. Teymur Göyçayevin idarə etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestri də onu gözəl müşayiət etdi”.
V.Allahverdiyev qeyd edib ki, “Sənsizlik” ilk dəfə olaraq Azərbaycan televiziyasında səsləndiriləcək, sonra isə videoçarx çəkmək planlaşdırılır.
“Sənsizlik” V.Allahverdiyevin dahi liderə həsr olunmuş ilk əsəri deyildir. Bundan əvvəl o, “Ömür yolu” simfonik poemasını yazıb. Bu musiqi Nazim Əkbərovun ssenarisi üzrə dahi lider haqqında çəkilmiş filmdə səsləndirilib. Əsərin ideyasının müəllifi Milli Məclisin deputatı Fəttah Heydərov olub.
“Ümummilli liderə həsr olunmuş “Elegiya” yazmağı Heydər Əliyevin vəfatı barədə kədərli xəbəri eşidən kimi fikirləşdim. Musiqini bəstələyərək şairə Maya Heydərqızına müraciət etdim və əsərə mətn yazmasını xahiş etdim. O da bu vəzifənin öhdəsindən çox gözəl gəldi. Ümidvaram ki, bu əsər dinləyicilərin rəğbətini qazanacaq”, - Vasif Allahverdiyev deyib.
Bəstəkar, həmçinin gələcək planlarından danışıb və qeyd edib ki, məhz Fidan xanım üçün hələ çox əsərlər yazmaq niyyətindədir: “Azərbaycanda metso-soprano səsə malik olan çox az müğənni var. Mən fəxr edirəm ki, bizim belə gözəl yaradıcılıq əməkdaşlığımız yaranıb”.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: