Farslar yenə Nizami Gəncəvini öz adlarına çıxdılar
06 Oktyabr 2011 Cümə Axşamı 14:48
Həm də Azərbaycanda İran mədəniyyəti həftəsi keçirildiyi ərəfədə.
Azərbaycanda keçirilən İran mədəniyyəti həftəsi çərçivəsində maraqlı faktlar ortaya çıxıb. Məlum olub ki, İranın bir qrup kütləvi informasiya vasitəsi dahi Azərbaycan şairi Nizami Gəncəvini fars şairi kimi qələmə verir. ANS TV-nin əməkdaşı məsələni araşdırmağa çalışıb.

İranlı alim Həsən Rüstəmzadə deyir ki, Nizami fars şairidir: "Nizmai fars şairidir. O, farsca yazıb yaradıb. Türk dilində demək olar ki, çox az şeirləri olub. Bütün əsərlərini farsca yazıb"

Uzun illərdir ki, İran istər rəsmi, istərsə də elmi baxımdan dahi Nizami Gəncəvi haqqında məhz bu fikirdədir. İranın “Fars xəbər agentliyi” və “Tehran times” kimi informasiya vasitələri də Nizami haqqında yazdıqları məlumatlarda Nizami Gəncəvini Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaradaraq, orada vəfat etdiyini, mavzoleyinin orada yerləşdiyini yazsa da, Gəncəvini İran şairi kimi təqdim edib. Bundan fərqli olaraq İran rəsmiləri Nizami ilə bağlı bir qədər fərqli mövqe nümayiş etdirirlər.
"Nizamini Azərbaycan, yoxsa İran şairi hesab edirsiniz?", sualına İran rəsmisinin cavabı belə oldu.

İranın mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni: "Böyük şəxsiyyətləri hansısa sərhədlərlə məhdudlaşdırmaq düzgün deyil, Nizami Gəncəvi bütün dünyanın şairidir. Ədalət, sülh, haqq sevən hər bir şəxs Nizami Gəncəvinin əsərlərindən faydalanmalıdır. Necə ki, Sədi Şirazi, Hafiz ümumbəşəri şair sayılırlar. Onları bir coğrafi məkanla məhdudlaşdırmaq düzgün deyil. Azərbaycanın və Gəncənin fəxri olan Nizami Gəncəvi də təkcə Azərbaycanın yox, bütün dünyanın şairidir və hamı onun gözəl mənəvi xəzinələrindən istifadə etməlidir".

Nizami irsini araşdıran alim Əlyar Səfərli isə deyir ki, Nizaminin farsca yazması yalnız dövrün tələbləri, ədəbi qaydaları ilə bağlı olub. Yəni Gəncəvinin hansı dildə yazması onun milli mənsubiyətini təyin edə bilməz. Alimin sözlərinə görə, Nizaminin türk əsilli olması bütün tarixi, ədəbi mənbələrin, dünya ictimaiyyətinin, Nizamişünaslıq elminin təkzibolunmaz dəlillərinə əsaslanır.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi isə İranın mətbuat orqanlarına yol tapmış yanlış məlumatlara qarşı qəti etirazını və dərin təəssüf hissini bildirib: "İnanırıq ki, “Fars xəbər agentliyi”nin və “Tehran times”ın yanlış məlumatları İran cəmiyyətinin mövqeyini ifadə etmir və hər hansı bir xəbər qurumunun mətbuat qanunlarına məsuliyyətsiz münasibəti İran - Azərbaycan mədəni əlaqələrinin gələcək inkişafına kölgə sala bilməz”. ANSPRESS 


DOSTLARINLA PAYLAŞ:

oyunlar