Eurovision üçün hotellərə yerlərin satışını dayandırmaq tövsiyə olunub
14 İyul 2011 Cümə Axşamı 18:17
Eurovision üçün hotellərə yerlərin satışını dayandırmaq tövsiyə olunub. Bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bütün mehmanxanalara Bakıda “Eurovision 2012” müsabiqəsinin keçiriləcəyi müddət üçün yerlərin satışını dayandırmağı tövsiyə edib. Trend-in məlumatına görə, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
“Biz ilk növbədə işimizi müəyyənləşdirməliyik və qonaqlarımızı yerləşdirməliyik. Artıq turizm şirkətləri indidən satış işlərini düzgün qurmalıdırlar. Biz isə onlara lazımi kömək göstərəcəyik ki, qiymətlər qalxmasın”, - nazir deyib.
Əbülfəs Qarayevin sözlərinə görə, hotellərdə xidmət səviyyəsinin yüksək olması hər bir kəsdən asılıdır. “Dövlət bununla bağlı müəyyən tədbirlər görsə də, yerlərdə turizm xidmətlərini göstərən işçilər də öz xidmətlərinin səviyyəsini yüksəltmək üçün lazımi işlər görməlidirlər. Bunun üçün yerlərdəki turizm şirkətlərinin işçiləri treninqlərə cəlb edilməlidir”, - o deyib.
Nazir həmçinin qeyd edib ki, səviyyənin yüksəldilməsi yalnız turizm xidmətləri ilə bağlı olan məsələ deyil. “Hər birimiz öz qonaqpərvərliyimizi göstərməliyik ki, üzüağ çıxaq”, - Qarayev deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: