Eurovision rəmzi açarı Hacıbala Abutalıbova təqdim ediləcək
17 Yanvar 2012 Çərşənbə Axşamı 17:44
Bakıda "Eurovision 2012"nin ilk təntənəli mərasimi keçiriləcək.
Yanvarın 25-də "Eurovision" Mahnı Müsabiqəsinin açar təqdimetmə mərasimi keçiriləcək. ANS PRESS-in məlumatına görə, müsabiqənin əsas mərasimlərindən olan bu tədbirdə "Eurovision 2011-ə" ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision"nun rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı "Eurovision 2012"yə rəsmən ev sahibliyini qəbul edəcək.
“Buta Palace” da keçiriləcək bu təntəbəli mərasim çərçivəsində "Eurovision 2012"də iştirak edəcək ölkələr arasında püşkatma da olacaq. Püşkatma nəticəsində mayın 22-də birinci yarımfinal, mayın 24-də ikinci yarımfinal mərhələlərində Bakı səhnəsində çıxış edəcək ölkələr müəyyənləşəcək.
Tədbirin vacib məqamlarından biri isə "Eurovision" müsabiqəsinin konsepsiyasının təqdimatı olacaq. Möhtəşəm "Eurovision" axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanacaq.
"Eurovision 2012"nin ilk təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən Eurovision Mahnı Müsabiqəsində qələbə qazanaraq Avropanın məşhur yarışmasına ev sahibliyi hüququ əldə edib.
May ayının 22, 24-də Eurovision 2012-nin yarımfinal, mayın 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən 5 ölkə- Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək
DOSTLARINLA PAYLAŞ: