Eurovision 2012 təmsilçimiz sentyabr ayı seçiləcək
20 İyun 2011 Bazar Ertəsi 13:08
Eurovision 2012 təmsilçimiz sentyabr ayı seçiləcək. Seçimlərin hansı formada aparılacağı hələ dəqiq müəyyənləşdirilməyib.
Azərbaycanın “Eurovision-2012” təmsilçisinin seçilməsi prosesinə bu ilin sentyabrından başlanılması nəzərdə tutulub. Seçimlərin hansı formada aparılacağı hələ dəqiq müəyyənləşdirilməyib. Azərbaycan təmsilçisinin yanvarın sonlarında məlum olacağı güman edilir.
Azərbaycan builki yarışmanın qalibi olduğu üçün növbəti il finalda birbaşa çıxış etmək şansı qazanıb. Təmsilçimiz mayın 26-da keçirilməsi nəzərdə tutulan “Eurovision-2012” müsabiqəsinin finalında çıxış edəcək.
Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012”-də iştirakçı ölkələrin sayı yanvarın ortalarına kimi məlum olacaq. Hər il olduğu kimi, bu il də göstərilən tarixə qədər ölkələr iştirakları barədə Avropa Yayım Birliyinə məlumat verməlidirlər. İndiyədək 10-dan artıq ölkə növbəti ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan 57-ci “Eurovision” müsabiqəsində iştirak edəcəyi ilə bağlı ilkin istəyini açıqlayıb. Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, İsveç, Macarıstan, Niderland və Slovakiya həmin ölkələr sırasındadır.
Xatırladaq ki, Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” yarışmasında 43 ölkə iştirak etmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: