Eurovision 2012 ölkələrinin nümayəndə heyətləri rəhbərlərinə ziyafət verilib
21 Mart 2012 Çərşənbə 12:41
Qonaqlar "Jumeirah Bilgah Beach Hotel" kompleksində olublar.
Martın 20-də Heydər Əliyev Fondu tərəfindən Bakının Bilgəh qəsəbəsindəki "Jumeirah Bilgah Beach Hotel" kompleksində "Eurovision 2012"-də çıxış edən 42 ölkənin nümayəndə heyətləri rəhbərləri üçün ziyafət təşkil edilib.

Trend xəbər verir ki, qonaqları salamlayan fondun nümayəndəsi Kamran Kərimbəyov bildirib ki, bu gün Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə ilə qeyd olunur.

İştirakçıları salamlayan "Eurovision" layihəsinin rəhbəri Yan Ola Sand deyib ki, bu günlər Bakıda "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri rəhbərlərinin iclası olub. İclasda "Eurovision-2012" şousu ilə bağlı aparılan hazırlıq işləri müzakirə edilib.

42 ölkədən olan nümayəndə heyətlərinə "Eurovision-2012" mahnı müsabiqəsinə aid olan məkanlar, hotellər, "Bakı Kristal Zalı" və burada təqdim olunacaq şou və hazırlıq prosesini əhatə edən digər məsələlər barədə ətraflı məlumat verilib.

İclas çərçivəsində 42 ölkə arasında püşkatma mərasimi keçirilib. Püşkatma nəticəsində mayın 22-də və 24-dəki yarımfinallardakı ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunacaq 6 ölkənin çıxış ardıcıllığı müəyyən olunub.

"Biz Bakıda möhtəşəm bir "Eurovision" şousunin şahidi olacağıq", - Yan Ola Sand vurğulayıb.

Tədbir əyləncəli musiqi proqramı ilə davam edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar