“Eurovision-2010” mahnı müsabiqəsində təmsilçi məlum olacaq
02 Mart 2010 Çərşənbə Axşamı 12:05
Bu gün Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi və onun ifa edəcəyi mahnı məlum olacaq.
APA-nın məlumatına görə, Azərbaycanın sözügedən müsabiqədə təmsilçisinin seçilməsi üçün bu gün axşam “Buta Palace”da xüsusi final konserti keçiriləcək. Milli final konsertində Azərbaycanı təmsil etmək iddiasında olan üç namizəd – Səfurə Əlizadə, Məryəm Şabanova və “Milk&Kisses” qrupu 55-ci “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparacaqlar. Namizədlərin hər birinin ifasında üç mahnı səslənəcək. Bu mahnılardan biri yeni, yəni müsabiqə üçün yazılmış mahnı olacaq. Bu mahnılar arasında Azərbaycan təmsilçisinin ifa etməsi üçün əcnəbi bəstəkarlar tərəfindən yazılmış beş mahnı - “Cancelled”, “Don’t Let The Morning Come”, “Drip Drop”, “Soulless” və “Under My Skin” - da səslənəcək.

İfa olunacaq mahnıların bəstəkarlarının adı isə martın 2-də “Buta Palace”da təşkil olunacaq şouda açıqlanacaq. Final mərhələsi üçün təşkil olunan şouda Rusiyanın “Fabrika zvezd” layihəsindən tanınan Dakota və Gürcüstanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək Sofo Nijaradze iştirak edəcəklər.

Azərbaycan təmsilçisinin seçilməsi üçün tamaşaçı səsverməsi həyata keçirilməyəcək. Təmsilçimiz və ifa olunacaq mahnı milli münsiflər heyətinin üzvləri İTV-nin baş direktoru İsmayıl Ömərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev tərəfindən seçiləcək.

Azərbaycan təmsilçisinin seçilməsi üçün bu gün keçiriləcək milli final konserti müsabiqənin Azərbaycan üzrə Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Yayımları Şirkəti, həmçinin Türkiyənin TRT və Gürcüstanın İctimai Televiziyası ilə canlı yayımlanacaq.

Qeyd edək ki, milli finalda təmsilçilik uğrunda mübarizə aparacaq üç namizəd fevralın 2-də keçirilən milli yarımfinalda 6 namizəd arasından seçiliblər. Bu il nə milli yarımfinal, nə də milli finalda tamaşaçı səsverməsindən istifadə olunmayıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar