Cənubi Qafqazda abidələrin erməniləşdirilməsi və dağıdılması, bu ərazilərdə ermənilərin düşünülmüş şəkildə həyata keçirdikləri təkmillətli "böyük ermənistan" dövlətini yaratmaq ideyasının tərkib hissəsidir. Erməni mənbələrindən əldə olunan məlumata görə, təkcə 1992-ci il erməni işğalından sonra Azərbaycan ərazilərində 1700 tarix və mədəniyyət abidələrimizin adları dəyişdirilərək erməni adları ilə əvəz edilib və erməni abidələri kimi təbliğ olunur. 500 adda sovmə, müşahidə məntəqəsi, eləcə də qala bürclərindəki hücrələr, erməni kilsəsi adlandırılaraq təbliğ edilməkdədir.
Dağlıq Qarabağda hazırda 50-60 min erməni yaşadığı halda, erməni əhalinin ibadət etməsi və dini etiqadını yerinə yetirməsi üçün 600 alban dövrü monastr, bazilika və digər xarakterli məbəd tipli abidəyə erməni monastırı adı verilib. Bütün bunlar azmış kimi, işğal olunmuş Azərbaycan ərazilərində daha 15 sayda müxtəlif ölçülü müasir erməni kilsələri tikilib. Ermənistanın özündə heç bu sayda kilsə və monastr yoxdur. Halbuki, ermənilərin işğalından sonra, nəzarətsiz qalan Azərbaycan ərazilərindən 100-dən çox daş divar yazıları, oymalar abidələrin üzərindən sökülərək Ermənistana aparılıb. 850 sayda dekorativ tətbiqi sənət nümunəsi, at-qoç fiqurları, Türbələr, qəbirüstü abidələr və digər inanc yerləri tamamilə dağıdılaraq məhv edilib. 200 qəbiristanlıq qismən, 450 qəbiristanlıq isə dağıdılaraq tamamilə yararsız hala salınıb. Bu qəbiristanlıqlarda 5000-ə yaxın mərmər daşdan olan qəbir sökülərək dağıdılıb, götürülən mərmər daşlardan başqa məqsədlər üçün istifadə edilib. 200-dən çox tarix və memarlıq abidəsi uçuldularaq yararsız hala salınıb. İşğal dövrü, 100 mindən çox muzey eksponatı və bir o qədər sayda da mülki vətəndaşların şəxsi kolleksiyalarına və xüsusi mülkiyyətinə aid olan Azərbaycanın müxtəlif dövrlərini əhatə edən bədii sənət nümunələri və digər qızıl zinət əşyaları qarət edilərək Ermənistana aparılıb.
Özgə torpaqları üzərində özlərinə dövlət qurmağa nail olan ermənilər məskunlaşdıqları ərazilərdə Azərbaycan xalqına məxsus daş, qaya, divarlar üzərindəki ornamental oymaları, cızma, qabartma üsulu ilə işlənmiş süjetli daşları və eyni zamanda Milli dini simvolikaların Daş, qaya üzərindəki nümunələrini də çox sürətlə və kütləvi şəkildə mənimsəməyə başladılar. Cənubi Qafqazın bütün bölgələrində olduğu kimi, ermənilər Azərbaycanın da işğal olunmuş ərazilərində alban dövrü memarlıq abidələrinin üzərindəki bəzəklərin, müxtəlif növ süjetlərin ornamental quruluşlarında forma və məzmun dəyişiklikləri edərək bu abidələri erməni mədəniyyətinin memarlıq nümunələri kimi dünyaya təqdim edirlər. Bu yolla da onlar bütün Qafqaz bölgəsində xüsui ilə də işğal etdikləri bütün Azərbaycan ərazilərindəki qədim Alban memarlığının nümunələrini erməniləşdirməklə dünya mədəniyyət tarixinə böyük ziyan vururlar.
Esmira Cavadova /ANS PRESS/