Müsabiqə "British Council Azərbaycan" və "Y-PEER Azərbaycan" BMİ ilə birgə həyata keçirilir
"British Council Azərbaycan" və "Y-PEER Azərbaycan" "British Midland İnternational" (BMİ) ilə bilikdə vətəndaş fəallığı, bərabər imkanlar və müxtəliflik mövzularında ən yaxşı video çarx müsabiqəsini elan edib. Bu təşəbbüs "British Council Azərbaycan" və "Y-PEER" Azərbaycan təşkilatının “Fəal Vətəndaşlar” Proqramı üzrə həyata keçirdiyi birgə proqramın tərkib hissəsidir. Müsabiqədə Azərbaycanda yaşayan hər bir şəxs iştirak edə bilər.
"Y-PEER Azərbaycan"dan ANS PRESS-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün aşağıdakı mövzular üzrə video materiallar hazırlayıb təqdim etmək lazımdır: gənclərin liderliyi, onların cəmiyyətin inkişafında iştirakı; Minilliyin İnkişaf Məqsədləri (yoxsulluğun azaldılması, QİÇS, ana və uşaq ölümləri ilə mübarizə, ekoloji davamlılığın artırılması, gender bərabərliyi və hər bir şəxs üçün təhsil), bərabər imkanlar və müxtəliflik. Müsabiqə iştirakçılarının "British Midland International" (BMİ) şirkətindən ikitərəfli uçuş bileti qazanmaq şansı var.
Müsabiqədə iştirak tələbləri:
Müsabiqədə yaşı 18-dən yuxarı olan hər bir kəs iştirak edə bilər. Hər bir iştirakçı yalnız bir material təqdim edə bilər. Müsabiqəyə təqdim ediləcək videolar 5 dəqiqədən çox olmamalıdır. Bütün materiallar Azərbaycan, ingilis və ya rus dilində olmalıdır. Göndəriləcək videolarda zorakılıq, senzuradan kənar fikirlər və fərdlərə yaxud təşkilatlara qarşı birbaşa hücum olmamalıdır. Hər bir iştirakçı təqdim etdiyi videoların müəllifi olmalı və bu videolar əvvəllər heç bir yerdə nümayiş olunmamalıdır.
Hər bir iştirakçı öz videosunu “Active Citizens Azerbaijan - Y-PEER Azərbaycan – BMİ competition” adı altında "YouTube" video portalına yükləməli və
[email protected] ünvanına göndərməlidir. İştirakçılar ad, soyad, ixtisas/peşə, əlaqə nömrələrini və video material haqqında qısa məlumatı da qeyd etməlidirlər.
Videoların təqdimatı üçün son tarix- 6 May 2011 il, saat 18:00-dır. Münsiflər heyəti 10 may tarixinə qədər qalib gəlmiş iki şəxsi seçəcək. Bütün materiallar yaradıcılıq və məzmuna görə qiymətləndiriləcək.
• Birinci yerin qalibi 2011-ci ilin iyun ayında “Fəal Vətəndaşlar Azərbaycan” və “Fəal Vətəndaşlar Böyük Britaniya” proqramları arasında keçiriləcək mübadilə səfərində iştirak etmək üçün BMİ şirkətindən iki istiqamətli bilet qazanacaq. Səfərlə bağlı bütün digər xərclər isə “British Council”ın "Fəal Vətəndaşlar Proqramı" tərəfindən ödəniləcək.
• İkinci yerin qalibi BMİ şirkətindən Londona ikitərəfli bilet qazanacaq. Biletdən başqa heç bir xərc ödənilməyəcək.
Ən yaxşı 10 videomaterial "British Council Azərbaycan"ın Facebook sosial səhifəsində yerləşdiriləcək. Müsabiqə ilə bağlı məlumatları "British Council Azərbaycan"ın Facebook səhifəsindən əldə etmək olar.
Qeyd edək ki, "BMİ" Bakıdan Londona gündəlik uçuşlar həyata keçirir. Bütün vergilər "BMİ" tərəfindən qarşılanır. Ancaq "BMİ" viza, otel, hava limanına transfer və ezamiyyət xərclərinə görə məsuliyyət daşımır. Uçuşun detalları, günü və saatı dəyişdirilə bilməz. Bileti uçuş günündən ən azı 14 gün əvvəl sifariş etmək lazımdır. Biletdən 2012-ci il mayın 31-dək istifadə etmək olar. Yük daşımaları ilə BMİ şirkətinin qaydaları qüvvədədir.
British Midland International" (BMİ) şirkətinin Azərbaycandakı aparıcı meneceri Leyli Ələkbərova bildirir ki, müsabiqə insanlara öz ətrafındakılara baxıb icmalarına dayaq olmağa həvəsləndirəcək.
Y-PEER Azərbaycanın milli koordinatoru Aysel Əsgərova isə qeyd edib ki, bu müsabiqə yaşadığı icmaya xidmət göstərməkdə həvəsli olan hər bir şəxs üçün böyük imkandır: "Əminəm ki, bir çoxlarımız Böyük Britaniyaya səfər etmək istərdi. British Council və BMİ sayəsində bu müsabiqə sizə öz arzunuzu həyata keçirmək imkanı verəcək”.