Elmira Şabanova - Üzümdəki qırışların nağılı
20 İyul 2010 Çərşənbə Axşamı 12:20
Xalq artisti Elmira Şabanovanın "El" jurnalına müsahibəsi.
Yəqin ki, məşhur İtaliya kinoaktrisası Anna Maniyaninin qrim ustalarına etirazı haqqında xəbəriniz var. Çəkilişdən öncə onun üzünə makiyaj vurmaq istəyənlərə belə demişdi: “Üzümdəki qırışlara toxunmayın, onlar mənə baha başa gəlib!”. Gənclikdə bu sözləri eşidəndə böyük aktrisa bir az da gözümdə ucalmış, ona heyranlığım artmışdı. İndi isə özüm o yaşdayam və anlayıram ki, bu təkcə gözəl sözlər deyil. Onları dilə gətirmək hər bir qadın üçün ölümcül dərəcədə ağır və ağrılıdır. Siz mənim üzümdəki qırışlara baxın. Onların hər biri ayrıca bir ömür hekayəsidir. Hər biri haqqında ayrıca danışsam, bir yox, onlarca belə müsahibə azlıq eləyər.

-Heç olmasa, ən yaddaqalanlar haqqında nəsə deyə bilərsiniz? Məsələn, aktrisa kimi taleyinizdən razısınızmı?
- Dedim axı qırışlara toxunmayın. Necə razı ola bilərəm, yalnız səksəninci illərin ortalarından ardıcıl rollar oynamağa, filmlərə çəkilməyə başladım. Necə razı ola bilərəm ki, ömrüboyu sənət həsrətində qalmışam.

- Belə gec başlamağınıza səbəb nə oldu?
- Ooo, bunun üçün gərək bütün həyatımı sizə danışım…

- Ən qısa formada. Gəlin, elə soyadınızdan başlayaq. Şabanovaya qədər hansı familiyanı daşıyırdınız?
- Qızlıq soyadım Hüseynovadır. Atam Bahüseyn Hüseynov məşhur neft mühəndisi idi. Bir neçə çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. Təvazökar və sadə olduğundan, ona verilən imtiyazlardan istifadə etməyib, bizə elə də firavan həyat qurmayıb. Təvazökarlığının göstəricisidir ki, onun Lenin Ordeni ilə təltif olunduğunu biz ölümündən sonra bildik. Kommunist idi, “hamı necə, biz də elə” prinsipi ilə yaşayırdı. Əslən Maştağadan idi. Müharibədə iştirak eləyib. Sonra onu ixtisaslı neftçi olduğu üçün arxa cəbhəyə, Bakıya çağırıblar. Öz işinin fədaisi idi. Anam isə əslən Buzovna kəndindən idi. Onun qəribə və maraqlı adı vardı - İmamir xanım. Həkim işləyirdi. O da öz işinə bütün varlığı ilə bağlı idi. Mən onların böyük övladı, həm də yeganə qızlarıydım. Məndən başqa ailədə iki qardaşım vardı. Amma hara gedirdilər - Moskvaya, Lenin-qrada, Kiyevə, Baltikyanı şəhərlərə, hər yerə, hər tədbirə məni də kukla kimi geyindirib özləri ilə aparardılar. Atam istəyirdi mən onun yolunu davam etdirim, neft mühəndisi olum. Anam isə məni özü kimi həkim görmək arzusundaydı. Bəs mən? Mən heç bir arzu ilə yaşamırdım. Mən həyatı, yeni-yeni gördüklərimi, maraqlı olanları və bir də kinonu sevirdim. Kinoya məhəbbətim böyüdükcə, ildən-ilə artmağa başladı. Artıq dünya kinosu ulduzlarını tanıyırdım. Qreta Qarboya, imageMarlen Ditrixə məftun olmuşdum. Heç vaxt nə dram dərnəyində, nə də professional kinoda uşaq rollarında özümü sınamamışdım. Amma məktəbi bitirənə yaxın arzumu gizlicə anama bildirdim. Anam təəccüblə qarşılasa da, ümumilikdə buna sakit yanaşdı və məni başa düşdü. Atama mənim qərarım haqda ehtiyatla məlumat verəndə, reaksiya biz gözlədiyimizdən də sərt oldu: “Mənim bir qızım var, onu da artist sənətinə qurban verə bilmərəm”. Amma tətildə anamla birgə Moskvaya gəzmək adıyla yollandıq və mən sənədlərimi Ümumittifaq Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsinə verdim. Mənimlə və Murad Yagizarovla “Azərbaycanfilm” kinostudiyasında Lətif Səfərov hazırlıq keçmişdi. Mən komissiyada bəyənildim. Amma nədənsə imtahandan kəsildim. Azərbaycandan gedənlərin hamısı kəsilmişdi. Kim Tavrizyan adında erməni aktyorluq kafedrasına rəhbərlik edirdi. Sonra Bakıya qayıdanda bildim ki, atam, SSRİ Ali Sovetinin deputatı həmin o Tavrizyana birbaş zəng edib mənim familiyamı vermiş və tapşırmışdı ki, məni kəssinlər…

- Beləliklə, kinoaktrisa olmaq planlarınız darmadağın oldu…
- İlk baxışda hə. Amma mən Muradla Bakıya qayıdanda, bizi o zaman rektor olan Rahib Hüseynovun təşəbbüsü ilə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - red.) aktyorluq şöbəsinə, Məhərrəm Haşımovun kursuna imtahansız qəbul etdilər. Onun kursunda biz çox şey öyrəndik. Məhərrəm müəllim Rus Dram Teatrının bədii rəhbəri idi. Teatrın tamaşalarında kütləvi səhnələrdə onun tələbələri çıxış edərdilər. Hətta teatrla Moskvaya Azərbaycan İncəsənəti Ongünlüyünə getmişdik. İnstituta qəbul imtahanlarını isə biz birinci ilin sonunda, ikinci kursa keçərkən verdik.

- Bəs atanız bu dəfə deputat səlahiyyətlərindən istifadə edib, sizə mane olmaq istəmədi?
- O mənim ürəyimi tamamilə sındırmaq istəmədi. Buna baxmayaraq, fikrində qəti idi ki, məni aktrisa olmağa qoymayacaq. Müəyyən mənada o deyən oldu, mən deyən yox.

-Necə? Siz Azərbaycanın xalq artistisiniz, aktrisa kimi özünü təsdiqləmisiniz…
- Bəs itirilmiş illər? Düzdür, artıq birinci kursda oxuyanda Ağarza Quliyevin “Səhər” filmində Sevda roluna çəkildim. Rol bir o qədər də böyük deyil. Qətlə yetirilən Aslanı dəfn edəndə, onun sevgilisi, daha doğrusu, nişanlısı, milyonçu qızı Sevda özünü güclə izdihamın arasına salır. Son dəfə sevgilisi ilə vidalaşmaq üçün izdihamı yarıb, irəliyə doğru can atır. Ağarza müəllim mənə demişdi ki, bu an hansı hissi keçirdin, onu ekspressiv olaraq ifa et. Mən də irəli cumanda, qarşıda kişilərin çiyinlərində tabutu görüb ucadan, var gücümlə “Aslan!” deyə fəryad qopardım və elə o andaca doğrudan da özümdən gedib bayıldım. Epizod çəkildi, sonra nədənsə recissor onu filmə salmadı. Sevda rolu məni tanıtdı. Zarafat deyil, bütün azərbaycanlıların dilində əzbər olmuş “Aslanın mahnısı” mənə həsr olunmuşdu.
Kinolara dəvət almağa başladım. Tofiq Tağızadənin “Əziz dost” filmində çəkilirdim. Filmdə ikinci recissor artıq Rus Dram Teatrından tanıdığım Rüfət Şabanov idi. O məndən on səkkiz yaş böyük idi. Yaman qayğıma qalır, məni gözdən qoymurdu. Sonra eşitdim, hamıya, kinoda işləyən cavanların xasiyyətini yaxşı bildiyindən dönə-dönə tapşırmışdı ki, heç kim o qıza yaxın durmasın, mənim ona münasibətim ciddidir, onunla evlənəcəyəm. Bu söhbət gəlib mənə çatanda, gözlərim kəlləmə çıxdı: “Necə, Rüfət müəllim? Axı o məndən neçə yaş böyükdür. Mən hara, o hara?”. Bununla belə Rüfət müəllim özünün alicənablığı, ziyalı ədaları ilə diqqəti cəlb edirdi. Qızlar ona maraq göstərirdilər. Amma bu kişinin gözü yalnız birində, məndə idi. Həmin vaxt maraqlı bir hadisə xatirimə gəlir. O vaxtlar Tofiqin daha bir filmi, “Mateo Falkoe” çəkilişinə hazırlıq gedirdi. Bu filmdə əsas rolu Ceyhun Mirzəyev oynayırdı. “Ögey ana"dan sonra bu şirin, qara, qıvrımsaç oğlanı bütün ittifaq tanıdı. O tez-tez gəlib mənimlə söhbət edir, zarafatlaşırdıq. Bir gün ona xəbər çatdı ki, Rüfət müəllim mənimlə evlənmək istəyir. Nahar vaxtı həmişə olduğu kimi, gəlib mənim yanımda oturub, qaradinməzdir. Mən nigaranlıqla ondan soruşuram:
- Sənə bu gün nə olub,Ceyhun? Niyə belə qaş-qabaqlısan?
Ceyhun acıqla cavab verir:
- Eşitmişəm, o kişi səninlə evlənmək istəyir.
- Hə, nə olsun?
- Getmə. Yaxşısı budur gözlə, mən böyüyərəm, özüm səni alacağam.

Çox şirin uşaqıydı. O böyüdü, özünə gözəl ailə qurdu, bir gün “Fəryad” filminə məni çağırdı, mən onun anası rolunda oynadım, film çəkilib qurtarılanda o, həyatdan köçdü. Biz Ceyhunu itirdik.

- Bəs Rüfət müəllimlə necə oldu?
- Rüfət müəllimin mənimlə ciddi münasibət qurmaq söhbəti hamıya yayılanda, biz onda Yalamada çəkiliş aparırdıq; mən bir gün dözməyib onunla danışmalı oldum:
- Rüfət müəllim, bu nə söhbətdir hamının dilinə düşüb?
Rüfət mənim rəyimi bilmək üçün əsl məqam olduğunu tutub gülümsədi:
- Bəli, bu ciddi söhbətdir. Bəs sən nə düşünürsən?
Özümdən asılı olmayaraq:
- Axı mən sizi sevmirəm…

Rüfət tutuldu. Belə cavabı gözləmirdi. Bundan sonra bir neçə gün o məni dindirmədi. Buna qədər recissor tərəfindən “burda oturma, orda otur"a öyrəncəli olduğumdan, bu hal - süni laqeydlik mənə çox pis təsir göstərirdi. Sonra yavaş-yavaş yenə hər şey əvvəlki qaydasına düşdü, Rüfət yenə mənə mehribanlıq göstərirdi. Yalamada çəkilişlərdən Bakıya qayıdan kimi o, evimizə elçi göndərdi. Bu zaman mən birinci kursda oxuyurdum. İkinci kursda Rüfətlə evləndik. Üçüncü kursda isə qızımız Leyla dünyaya gəldi.

- Rüfət müəllimlə ailə həyatı qurandan sonra, yaradıcılığınız hansı istiqamətdə inkişaf etməyə başladı?
- Əsl yaradıcılıqdan söhbət gedirsə, heç bir istiqamətdə. “Səhər” filmində bir müddət Tofiq Kazımov ikinci recissor işləmişdi. Məni də həmin rola elə o seçmişdi. Bu filmdən sonra o mənə bir aktrisa kimi vuruldu, baş recissor olduğu teatra, Azərbaycan Dövlət Akademik Dram Teatrına (indiki Azərbaycan Milli Dram Teatrı - red.) dəvət etdi. Həsən Seyidbəyli məni “Telefonçu qız” filmində baş rola çağırdı. Sonrakı dövrlərdə Arif Babayev, yenə də Tofiq Tağızadə, Maqsud və Rüstəm İbrahimbəyovlar dəfələrlə mənə filmlərində rollar təklif ediblər. Amma hər dəfə Rüfət çox nəzakətlə bu təklifdən mənim əvəzimə imtina edib.

- İllər keçəndən sonra siz onu, onun xatirəsini buna görə qınayırsınızmı?
- Yox! O düz eləyirdi. Ola bilər, mənim tamam başqa taleyim olardı, ailə ikinci plana keçərdi. Hər halda Rüfət o aləmi məndən də yaxşı tanıyırdı. İllər keçəndən sonra, yəqin ki, bunu demək olar: o zaman cazibədar qız olduğumdan, çoxunun gözü vardı məndə. Rüfət sənəti yox, ailəni əsas götürürdü. Mən onu indi də haqlı sayıram.

- Evlənənə qədər yaşıdlarınızdan kiminləsə könül dostluğunuz olmayıb?
- Daha kişilərdə ağla, təcrübəyə, sanbala qiymət verirəm. Ona görə də Rüfət Şabanov mənə uyğun gələn bəlkə də yeganə kişiydi.

- Bəs institutda necə, rollar oynamırdınız?
- Elə institut məni xilas edirdi. Lope de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” əsəri əsasında Tofiq Kazımov bizimlə diplom tamaşası hazırlamışdı. Azdramanın səhnəsində oynadığımız bu tamaşaya Rza Təhmasib və Leyla Bədirbəyli arxa cərgədə yanaşı oturub tamaşa edirdilər. Mən baş rolu, Diananı ifa edirdim. Tamaşa qurtarandan sonra Rza Təhmasib üzünü Rüfətə tutub, mənalı tərzdə dedi:
- Sən xəzinə üstündə oturmusan.

- Bəs təhsiliniz sonra nə oldu?
- Təhsilimi davam etdirdim. Rahib Hüseynov məni institutda saxladı. Amma bu tərəfdən Tofiq Kazımov Azdramaya, Məhərrəm Haşımov isə Rus Dram Teatrına çağırırdılar. Bu zaman Kazımov İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesini tamaşaya hazırlayırdı. Orada da baş qəhrəman, gənc qız Nargilə həyatını özündə xeyli yaşlı bir kişi ilə bağlamaq istəyir. Talelərimiz eyni idi. Tofiq müəllimlə İlyas müəllim məni teatra çağırıb, bu rolu oynamağı təklif etdilər. Təklifdən daha çox təkid idi. Razılaşdım. Tofiq müəllim deyirdi ki, bu rol səni təkcə Azərbaycanda yox, İttifaqda da məşhur edəcək. Evə gəlib hamısını Rüfətə danışdım. Amma nə faydası... Dedi, yox, olmaz! Mənə bu çox pis təsir etdi. Uşağı götürüb evdən getdim. Amma bir müddət keçəndən sonra gördüm ki, yox, ailəsiz mənə həyat yoxdur. Mən hər dəfə olub-keçənləri xatırlayanda mərhum həyat yoldaşıma haqq qazandırıram. Doğrudur, qayınanam da onun fikirlərinə, məni səhnəyə buraxmamasına az təsir etmirdi. Amma yenə də bunun belə olmasını daha düzgün yol bilirəm. Əvəzində tədris prosesində, necə deyərlər, öz qurdumu öldürürdüm. Onu da deyim ki, mən aktyorlara dərs deyə-deyə axşam kursunda recissorluq üzrə təhsil aldım. Beləliklə, iki diplomum oldu. Həm recissorlara, həm də aktyorlara dərs deməyə başladım. Bir dəfə “Aydın” tamaşasını hazırladıq. Aydın rolunu Mikayıl Mirzə, Dövlət bəy rolunu isə Rasim Balayev oynayırdı. Mən də Gültəkini oynayırdım. Bir neçə il bundan əvəl Mikayıl Mirzə Azdramada bu tamaşanı yenidən hazırladı. Lakin Gültəkini artıq gənc aktrisa oynayırdı. Aydını da mərhum Mikayılın özü oynamırdı. Aktyor sənəti yaşdan daha çox asılı olan idmançıdan sonra bəlkə də ikinci sənətdir. Əlbəttə, bunun qırışlara aidiyyəti yoxdur. Şamil Mahmudbəyov institutda hazırladığımız “Romeo mənim qonşumdur” tamaşasına baxmışdı. Oradakı rola məni dəvət edirdi. Özü də filmin ikinci recissoru Rüfət idi. Şamil müəllim ona deyir: “Rüfət, sən Elmiranın öz filmində çəkilməsinə, yəqin, etiraz etməzsən?”. Xeyr, o etiraz edir və nəticədə həmin rola Şengelayanı dəvət edirlər. Bax, bunun qırışlara təsiri var. Bu, saysız qırışlardan yalnız bircəciyini təşkil edir.

- Bəs axı Rüfət müəllim sonralar sizi öz filmlərinə çəkməyə başladı?
- Bəli, məsələ də elə bundadır. Rüfət mənim nəyə qadir olduğumu, istedadımı, bacarığımı hamıdan, bəlkə də bütün recissorlardan yaxşı görür və buna tam şəkildə əmin idi. O həmişə, elə evləndiyimizin ilk illərində mənə ümid verirdi ki, darıxma, qoy uşaqlar böyüsün, onlardan arxayın olaq, sonra özümüzü tam sərf eləyərik yaradıcılığa. Bəzən mənə təskinlik verəndə səsindən hiss edirdim ki, özünü sanki qarşımda günahkar bilir. İllər keçdi, qayınanam rəhmətə getdi, uşaqlar böyüdü, oğlumuz Fuad Moskvada vaxtilə mənim girə bilmədiyim Kinematoqrafiya İnstitutunun recissorluq fakültəsində oxumağa getdi. Qızımız Leyla evləndi, onun artıq öz ailəsi vardı. Evdə Rüfətlə ikimiz qaldıq. Günlərimiz əvvəlki qaydada keçirdi, bir az sakit, bir az da yeknəsəq… Bir axşam belə günlərin birində Rüfət qəzet oxuya-oxuya mənə sakitcə, elə bil, o biri otaqdan nəsə götürməyi xahiş edən kimi dedi:
- Bir televiziya tamaşası çəkəcəyəm. Orda baş rolda oynamaq istəməzdin?
Əvvəl mənə elə gəldi, o zarafat edir, sonra fikirləşdim, yəqin, yoxlayır görsün, yenə çəkilmək, tamaşalarda oynamaq eşqi ilə yaşayıram, yoxsa artıq bütün bunlara soyumuşam. Mən təəccüblə ona baxıb soruşdum:
- Rüfət, sən zarafat edirsən?
- Yox, nə zarafat, bu yaxınlarda Stefan Sveyqin hekayəsi əsasında “Oğru” tamaşasını çəkəcəyəm.
Stefan Sveyqi oxumuşdum, amma bu hekayə yadıma düşmürdü:
- “Oğru”?..
- Hə, yadındadı, onun “İnsan qatili” adlı hekayəsi var, onun əsasında “Oğru” ssenarisi yazılıb.
“İnsan qatili” hekayəsini oxumuşdum. Oradakı baş qadın qəhrəmanın yerində özümü gördüm. O saat təsəvvürüm canlandı, ildırım sürəti ilə tamaşa gəlib gözüm önündən keçdi. Onu da deyim, “Oğru” televiziya tamaşası böyük tamaşaçı uğuru qazandı. Onu iki dəfə televiziyada nümayiş etdirmişdilər. Qızıl fonda daxil olunmuşdu. Təəssüflər olsun, son dəfə televiziyada olarkən məlum etdim ki, həmin tamaşa artıq pozulub. Nə deyə bilərəm? Təəssüf! Çox təəssüf! “Oğru” tamaşasında tərəf-müqabilim Həsən Məmmədov idi. Özü də necə gözəl oynamışdı. Onu pozmaq olardımı?
Bunun ardınca Rüfət Şabanov məni Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Dovcenko adına kinostudiyada “Gəmi saatının sirri” rolunda Ana roluna çəkdi.

- Bir daha valideynlərimizi yadımıza salaq. Onların sizə nə kimi təsiri olub?
- Hələ də güzgüyə baxanda dəqiq müəyyən edə bilmirəm, ordan daha çox atam baxır mənə, yoxsa anam. Hələ də kəsdirə bilmirəm, onlardan hansının taleyinə daha çox bənzəyir mənim həyatım. Yəqin ki, hər ikisinin.

- Valideynlərinizlə əlaqədar sizi nə narahat edirdi?
- Mən hələ institutda oxuyan zaman bizdə ailə dramı oldu. Atamla-anam boşandı. Anam həddən artıq qısqanc qadınıydı. Atam məsul vəzifə daşıdığından, çox vaxtını işdə keçirirdi. Bəzən orada gecələməli olurdu. Anam onun gec gəlməsindən qeyzlənir, onu başqa tərəfə yozurdu. Bu vəziyyət hər dəfə atamın gec gəlməsi ilə əlaqədar təkrar olunurdu. Evdə qalmaqal başlayırdı. Obyektiv olaraq mən atamın tərəfindəydim. O, işdən yorğun gəlirdi, evdə özünə dayaq tapmaq istəyirdi, əvəzində, anamın əsassız ittihamları ilə üzləşir. İş o yerə çatdı ki, atam, nəhayət, həyatı haqqında yenidən düşünməyə məcbur oldu. Baxmayaraq ki anamı çox sevirdi. Anamla boşandı, özünə başqa qadın tapdı. Həmin nikahdan mənim bir qardaşım, bir bacım var. Anam da atamı çox sevirdi. Bunu mən 1977-ci ildə, atam rəhmətə gedən zaman onun gözlərində, kədərində gördüm. Odur ki ailədə mehribançılığı çox qiymətləndirirəm. Bütün gənclərə bunun ən böyük nemət olduğunu anlamağı və qorumağı tövsiyə edirəm. Rüfət rəhmətə gedənə qədər onunla mehriban yaşadıq. Çünki mən kişiləri başa düşməyə çalışan qadınlardanam. Onlara qarşı ittihamlar irəli sürmək asandır. Amma sən onu dərk elə, onun cəmiyyətdə apardığı mübarizəsinə qoşul. Yaşamaq isə, bildiyiniz kimi mübarizədir. Heç kim sənin qayğını çəkməyəcək. imageHər şeyə özün yetməlisən və gərək bu yolda hər addımda gözlənilməz zərbəni dəf etməyə hazır olasan. Amma evə yorğun gəlib yeni hücumlarla üzləşəndə, bu artıq dözülməz olur. Bir də mənim valideynlərimin boşanması, bundan çox dərin mütəəssir olmağım məni öz ailəmin qədrini bilməyə məcbur etdi.

- Bununla daha bir qırışın yaranmasının qarşısını aldınız…
- Qırışların qarşısını almaqmı olur? Bir neçə il bundan əvvəl qızım Leylanın ürəyində əməliyyat aparıldı. Bu əməliyyatın necə keçəcəyi məlum deyildi. Hətta buna qədər mənə deyilmişdi ki, burada belə əməliyyatı aparmaq olmaz. Ümidimiz yalnız Allaha idi. Bir də o cərraha. Əli İnsanov nazir olanda o cərrahı işdən əsassız yerə uzaqlaşdırmışdı. Hər adam belə əməliyyatı üzərinə götürməzdi. O isə götürdü. İndi də xatırlaya bilmirdim ki, əməliyyat ərəfəsində, əməliyyat saatlarında mən sağ idim, yoxsa ölmüşdüm. Kənardan baxanlar deyir ki, mən yox idim, ruh kimi gəzir, heç kimi eşitmir, heç kimə cavab vermirdim. Əməliyyat uğurlu keçdi. Amma mən o dünyanı görüb qayıtdım. Bu da növbəti qırışlar… O ki qaldı sizin valideynlərimlə əlaqədar sualınıza, mən onların boşanmasından dərd çəkirdim və istəmirdim, öz uşaqlarımı da belə bir dərdə düçar edim. Bəli, yoldaşımın, qayınanamın münasibəti mənim sənət eşqimin, səhnəyə, ekrana olan həvəsimin qarşısında böyük bir maneə idi. Bununla belə, mən yenə də ailəni qorumağın hər şeydən vacib olduğunu dərk edirdim. Bax, bu qayğılarım, ailə məhəbbəti mənim sənət dünyamı məhdudlaşdırdı. Əlbəttə ki, kəmiyyət baxımından.

- O sizə sənət yolunda mane oldu. Bəs siz necə, ona dediyiniz kimi “mübarizə"də arxa, kömək olurdunuzmu?
- Mən ona kömək olurdum. O həddən artıq ziyalı, hər addımını düşünüb atan, risqə getməyən bir insan idi. Onun nə qədər maraqlı ssenariləri, layihələri olurdu ki, qəbul etmir, yaxud yubadırdılar. Hətta Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi filmin ərsəyə gəlməsində mən ondan irəli düşdüm, ona rahatlıq vermədim, müxtəlif instansiyalara göndərdim. Bu filmi burada çəkməyə ona şərait yaratmadılar. Dovcenko kinostudiyasının direktoru isə Rüfətin dostu idi. Amma nədənsə onun yanına getməyə utanırdı. Mən güclə onu Kiyevə apardım, kinostudiyanın direktoru ilə görüşdü. Rüfəti doğrudan da köhnə dost kimi qarşıladı və bu görüş öz nəticəsini verdi. “Gəmi saatının sirri” filmi çəkildi. Rüfət 76 yaşında vəfat etdi. O, həyatda çox əziyyət çəkib. Müharibəyə gedəndə, xalq düşməni kimi repressiya olunan Əliheydər Qarayevin qohumu olduğu üçün onu “cərimə batalyonu"na salmışdılar. Ailənin, daha doğrusu, tək ananın tək oğlu idi. Yazıq arvad özü min bir çətinliklə oğlunu cəza batalyonundan xilas edə bilmişdi. Müharibədən sonrakı illər də Rüfət üçün yüngül, rahat olmayıb. Hətta son illəri də o ağır keçirdi. İttifaq dağılanda onun bir çox dostları xaricə getdi, çoxları dünyadan köçdü. Kino olmadı. Mən Rus Dram Teatrında işləyirdim. Bu vaxta qədər həyata keçirə bilmədiyim sənət arzularım gerçəkləşirdi. Kinoda isə tam durğunluq idi. Hər şey donub-qalmışdı. Bu da Rüfətə təsir göstərirdi. Mən ona təkcə həyat yoldaşı yox, dost oldum. Ona görə də mənə elə gəlir ki, dostumu, övladlarımın atasını, bir də həyat yoldaşımı itirdim.

- Son illərdə o sizə mane olduğu üçün peşmançılıq, ya günah hissi keçirirdimi?
- Keçirirdi. Elə buna görə də məni imkan tapan kimi filmə çəkirdi. Hətta bir televiziya verilişində curnalistin ona məni səhnəyə, kinoya buraxmaması ilə əlaqədar sualına belə cavab verdi: “O vaxt buraxmırdım, çünki onu çəkmək istəyən yox idi, indi isə buraxıram, amma nədənsə çəkən yoxdur”. 80-ci illərdə ən uğurlu rolum Cülbəniz Əzimzadənin Anarın pyesi əsasında çəkdiyi “Ötən ilin son günü” filmində Ana surəti oldu. Bu filmi Moskvanın Mərkəzi Televiziyasında nümayiş etdirəndə, o vaxt SSRİ Ali Sovetinin sədri Aleksey Qromıko film gedə-gedə dözməyib, televiziyanın rəhbərliyinə zəng vurub öz münasibətini bildirmiş, filmi tərifləmiş və sonda uşaqların qadının yanına qayıdıb-qayıtmayacağını xəbər almışdı. Film çox yaxşı qarşılandı, sevildi.

- Buna görə sizə ad verildimi?
- Adı çox gec verdilər. 2000-ci ildə əməkdar, 2006-cı ildə isə xalq artisti adını aldım. Xalq artisti fəxri adı veriləndə çoxları təəccübləndi. Elə bilirdilər, mən çox-çox əvvəl xalq artisti almışam. Bunun bir o qədər də əhəmiyyəti yoxdur. Əsas odur, sənin sənətini qiymətləndirirlər. Sənətimlə, pedaqoci fəaliyyətimlə, tələbələrimin uğurları ilə və nəhayət, övladlarımla fəxr edirəm. Qızım Leyla teatrşünasdır. ANS televiziyasında işləyir. O da ailəyə bağlı xanımdır. Oğlum ailəsi ilə Moskvada yaşayır, ORT telekanalında işləyir, sənədli və bədii filmlər çəkir. Onun uğurları məni qanadlandırır. O öz uğurları ilə atasının da ruhunu şad edir. Özüm də hərdən filmlərə, hərdən musiqi kliplərinə, hərdən də reklam roliklərinə çəkilirəm. Əsas odur ki unutmurlar…

- Ötən ilin, ondan əvvəlki illərin son günlərində övladlarınızla, nəvələrinizlə birlikdə olursunuz, yoxsa ekran qəhrəmanınız kimi evdə tək qalırsınız?
- Yox, yox… İstəyir ilin son günü olsun, istəyir adi günlərindən biri, biz həmişə birlikdəyik. Doğrudur, ayrı-ayrı yaşayırıq. Amma bir-birimizdən həmişə xəbər tuturuq, gündə neçə dəfə zəngləşir, imkan daxilində görüşürük. İlin son günü tək qalmaq mənə o qədər də qorxulu gəlmir. “Bir gün gəlir, quşlar böyüyüb yuvalarından uçur, öz yuvalarını qururlar”. Buna görə taledən şikayətlənmək düzgün olmaz. Təki onlar qanadlanıb uçsunlar. Xoşbəxt olsunlar. Ana üçün bundan böyük səadət ola bilərmi? ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar