Elmin İnkişafı Fondunda 15 İyun – Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 2011 Çərşənbə Axşamı 18:36
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda 15 İyun – Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib.
Fonddan APA-ya verilən məlumata görə, tədbirdə Fondun əməkdaşları və Milli Məclisin deputatı, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva da iştirak edib. Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev giriş sözü ilə çıxış edib. O, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan həyat və fəaliyyəti haqqında danışıb. 15 iyun 1993-cü il tarixində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycan dövlətini və xalqını böyük bir faciədən – parçalanma təhlükəsindən xilas etdiyini vurğulayan E. Babayev onun respublikaya rəhbərlik etdiyi onilliklər ərzində əldə olunan nailiyyətlərindən söz açıb. Tədbirdə çıxış edən Gövhər Baxşəliyeva Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycanda mövcud siyasi, sosial-iqtisadi durum barədə geniş məlumat verib. O qeyd edib ki, həmin dövr hakimiyyət daxilində və ölkədə hər sahədə qarışıqlıq, qanunsuzluq hökm sürüb. Gövhər Baxşəliyeva 1993-cü ildə Azərbaycanın düşdüyü ağır vəziyyətdə Heydər Əliyevin xalqın arzusu ilə Bakıya gələrək, vətəndaş qarşıdurmasının aradan qaldırılması istiqamətində gördüyü işlərdən danışıb. Tədbirin sonunda Aleksandr Konçalovskinin “Bremya vlasti” (“Hakimiyyətin yükü”) sənədli filmi nümayiş etdirilib. APA
DOSTLARINLA PAYLAŞ: