Eldar Quliyev: “...bununla mənim sənətim bağlandı”
19 Yanvar 2011 Çərşənbə 11:35
70 yaşını qeyd edən rejissor Eldar Quliyev hələ də onu qane edən filmi çəkmədiyini bildirir.
Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə “Şərəf” ordeninə layiq görülən, 70 yaşını qeyd edən rejissor Eldar Quliyev hələ də onu qane edən filmi çəkmədiyini bildirir.
“Hələ istədiyimi çəkməmişəm. Hesab edirəm ki, o vaxt ki, bir film çəkəcəm və sizə deyəcəm ki, bu filmi mən çəkmişəm, bu film mənim çox xoşuma gəlir, demək bununla mənim sənətim bağlandı. Deməli, mən bundan sonra heç yerə addım edə bilmirəm”, - deyə Eldar Quliyev qeyd edib.
Həyatını doğulub boya-başa çatdığı Bakıya, taleyini isə kinoya bağlayan Eldar Quliyevin sənətdə debüt işi 1967-ci ildə çəkdiyi “Biri vardı, biri yoxdu” adlı bədii filmi olub. Onun peşəkar rejissor kimi tanınmasında isə 1969-cu ildə ekranlaşdırdığı “Bir Cənub şəhərində” filminin böyük rolu olub. Vaxtilə birmənalı qarşılanmayan bu film, hazırda milli kinematoqrafiyamızın ən dəyərli nümunələrindən biri sayılır.
Müxtəlif illərdə çəkdiyi “Sevinc buxtası”, “Ürək, ürək”, “Babək”, “Nizami”, “Gümüş qol əfsanəsi”, “Burulğan”, “Nə gözəldir bu dünya”, “Təxribat” və digər bu kimi filmlər də Eldar Quliyev sənətkarlığının ucalığından xəbər verir.
“Kiminsə “Bir cənub şəhərində”, kiminsə “Babək”, kiminsə yadında isə ayrı film qalacaq. Bu, insanın daxilindən asılıdır. Tamaşaçının daxilindən. Nəyi qəbul edir, nəyi qəbul etmir...”, söyləyən Eldar Quliyev təkcə bədii filmləri ilə deyil, bir çox sənədli ekran əsərlərilə də yaddaşlarda qalacaq.
“Səməd Vurğun”, “Dostuma məktub” adlı sənədli filmlərə verdiyi ekran həyatı deyilənlərə sübutdur. Təkcə rejissorluqla kifayətlənməyən Eldar Quliyev ssenarist, hətta aktyor kimi də özünü sınayıb. “Mənim ağ şəhərim” filmində mafiya başçısı obrazını yaratmaqla Eldar Quliyev bir aktyor kimi də sevilməyə başlayıb. “Kino həyatımın bir hissəsidir” deyən Eldar Quliyev ömrünü kinoya həsr etdiyinə görə də heç vaxt təəssüflənməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: