Əbülfəs Qarayev: "Pis aktyorlar kənarda qalacaq"
09 Noyabr 2010 Çərşənbə Axşamı 16:00
Akademik Milli Dram Teatrı yaradıcı insanlarla müqavilə əsasında işləyəcək.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivini müəyyənləşdirəcək komissiyanın tərkibi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. ANS PRESS-in məlumatına görə, nazir komissiyanın tərkibinin artıq məlum olduğunu bildirib: "Komissiyaya mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəhbərlik edir. Hər şey ədalətli olacaq."

Əbülfəs Qarayev müsabiqədə tələblərə uyğun olmayan aktyorların seçimdə kənarda qalacağını bildirib: "Yanvarın 1-dən islahatlar çərçivəsində Akademik Milli Dram Teatrının kollektivinin buraxılacaq. Amma bu o demək deyil ki, onların hamısı gedəcək, işsiz qalacaq. Sözsüz ki, pislər kənarda qalacaq. Buna təəccüblənmək lazım deyil. Bu proses başlanır. Biz bu islahatlara gedirik".

Nazir dünya teatrlarının yaradıcı insanlarla müqavilə əsasında işlədiyini deyir: "Çünki rejissorların dünyagörüşlərində fərqlilik olur. Mən tam əminəm ki, teatr ictimaiyyəti bu islahatları düzgün qəbul edəcək. İslahatların da əsas məqsədi Azərbaycan teatr sənətinin səviyyəsini qaldırmaqdır. Sonradan hansı tamaşalar qoyulacaqsa, həmin tamaşalara uyğun rejissor və aktyorların yenidən qəbul olunması müqavilə əsasında həyata keçiriləcək”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar