EBU Eurovision-2012 ərəfəsindəki təbliğatdan razı qalıb
16 Dekabr 2011 Cümə 10:22
“Eurovision TV”nin direktoru: "Məncə müsabiqənin təşkili üçün peşəkar komanda formalaşıb".
Bakıda “Eurovision Mahnı Müsabiqəsi-2012”yə hazırlıq çərçivəsində təhlükəsizlik və ictimaiyyətlə əlaqələrə həsr olunan iclaslar başa çatıb. "Eurovision Mahnı Müsabiqəsi-2012" İşçi Qrupundan ANS PRESS-ə verilən məlumata görə, Avropa Yayımları Birliyinin (EBU) nümayəndələrinin iştirakı ilə keçirilən ilk toplantıda Eurovision Mahnı Müsabiqəsi ilə bağlı təhlükəsizlik məsələləri geniş müzakirə olunub. Təhlükəsizlik strukturları və təşkilatçı-yayımçının nümayəndələrinə 2011-ci ildə Düsseldorfda keçirilən Eurovision Mahnı Müsabiqəsində tətbiq olunan tədbirlər barədə geniş məlumat verilib.

Eurovision Mahnı Müsabiqəsi dövründə media ilə iş və ictimaiyyətlə əlaqələrə həsr olunan ikinci toplantıda isə bu günədək görülmüş işlər təhlil edilib, eyni zamanda Eurovision Mahnı Müsabiqəsi İşçi qrupunun əhatəli media planı təqdim olunub. Avropa Yayımları Birliyinin nümayəndələri media və ictimaiyyətlə əlaqələr sahəsində bu günədək görülmüş işləri müsbət dəyərləndiriblər.

İclasda həmçinin Eurovision Mahnı Müsabiqəsinin yeni yaradılmış milli saytı müzakirə olunub. Sonra Avropa Yayımları Birliyinin nümayəndələri İctimai Televiziyada və "Eurovision Milli seçim turu" proqramında qonaq olublar, "Carcı" informasiya proqramına müsahibə veriblər.

“Bakıda geniş və çoxtərəfli məsələləri əhatə edən görüş keçirdik. Əsasən təhlükəsizlik və kommunikasiya ilə bağlı məsələlər müzakirə olundu. Bütün işlər plana uyğun gedir'”-deyən Eurovision Mahnı Müsabiqəsinin Baş prodüseri Yan Ola Sand təşkilatçı-yayımçı İctimai Televiziya ilə uğurlu əməkdaşlığın olduğunu bildirib:

“Eurovision TV”nin direktoru Jorqan Frank Bakı görüşündə müzakirə olunan təhlükəsizlik və ictimaiyyətlə əlaqələr sahəsindəki məsələləri şərh edərkən bildirib ki, insanların Azərbaycandakı şoudan zövq alması üçün hər bir şey etməyə çalışılır. "Məncə müsabiqənin təşkili üçün peşəkar komanda formalaşıb. Avropa Yayımları Birliyi ilə çox səmərəli əlaqələr qurulub. O, cümlədən ictimaiyyətlə əlaqələr yüksək səviyyədə təşkil olunub".

Qeyd edək ki, iclasda Avropa Yayımları Birliyini Eurovision Mahnı Müsabiqəsinin Baş prodüseri Yan Ola Sand, Eurovision TV-nin direktoru Jorqan Frank, Eurovision Mahnı Müsabiqəsinin təşkilatçı prodüseri Sitse Bakker, layihənin təhlükəsizlik üzrə məsləhətçisi Andreas Şmit, Avropa Yayımları Birliyinin Media ofisinin rəhbəri Karen Mazzoli təmsil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar