Dünya mənə zindan oldu
24 Noyabr 2010 Çərşənbə 16:30
"El" jurnalı şair, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əliağa Kürçaylı barəsində
Hərdən təəccüblənirdim. Onunla taleyimizdə o qədər bənzərlik vardı ki… Əvvəla, hər ikimizin təvəllüd tariximiz sənədlərdə düzgün qeyd olunmayıb. Özündən eşitmişdim ki, əslində o, 1926-cı ilin 20 fevralında dünyaya gəlib. Ancaq atası Həsənağa oğlunun doğum ilini 1928-ci ilə yazdırıb. Mənim təvəllüdüm isə 1930-cu il əvəzinə atam xanəndə Cabbar Qaryağdıoğlunun istəyi ilə iki il qabağa yazılıb. Beləcə, onunla - həyat yoldaşım şair Əliağa Kürçaylı ilə yaşıd olmuşduq.

Bizim nəslə uşaqlığını şirin nağıl kimi yaşamaq qismət olmayıb. Bu dünyanın gedər-gəlməzi, qan-qadası, dərd-səri, göz yaşları hamımıza tanış idi. Çünki biz Böyük Vətən müharibəsi dövrünün uşaqlarıydıq. Ancaq yaşıdlarımızın bir çoxundan fərqli olaraq, Əliağa ilə mənim kədərli günlərim müharibəylə başlamamışdı. O, kiçik yaşlarından ata həsrətlisiydi. Uşaqlıqdan evləri başıpapaqlısız qalmışdı. Çünki atası onlardan ayrı yaşayırdı. Anası bir qızına, iki oğluna baxmaq üçün çox əzab-əziyyətə qatlaşmışdı. Evin böyük oğlu olan Əliağa da uşaq yaşlarından işləyib, evə qazanc gətirməli olmuşdu.

Mən də qəlbiqırıq böyümüşdüm. Düzdür, heç vaxt ehtiyacın nə olduğunu bilməmişəm. Amma gənc, gözəl anamın vaxtsız vəfatı uşaqlığıma dərd-qüssə gətirmişdi. Bu itki Cabbar əminin də belini bükmüşdü. Mənə - sonbeşik qızına görə özünü dözümlü göstərirdi. Mən isə anamdan sonra, elə bil, onu da itirməkdən qorxurdum. Yanından çəkilmirdim. Onunla birlikdə filarmoniyaya, "Azkonsert"ə, dükan-bazara da gedirdim. Azərbaycanın ən tanınmış xanəndələrindən biri nin qızıydım. Atama hər yerdə hörmət edildiyini görür, qürrələnirdim.

Cabbar əmi müharibə illərində ərzaqla xüsusi təmin olunan sənətkarlardan idi. Ona görə də tay-tuşlarım kimi aclıq, qıtlıq görmürdüm. Müharibənin ən ağır vaxtlarında uşaqların çoxu ehtiyac üzündən dərsə gedə bilmirdi. Şagirdsiz qalan siniflər, hətta məktəblər bağlanırdı. Evdə təhsilimə xüsusi nəzarət edirdilər. Bir məktəb bağlanan kimi məni başqasına keçirirdilər. Beləcə 3, 13, 150, 1, nəhayət, 132 saylı orta məktəblərə getdim. 132 saylı məktəbdə oxuyanda xəstələndim. Möhkəm soyuqlamışdım. Müalicəm uzun sürmədi. Ancaq bacılarım, yeznələrim "Hələ tamam sağalmamısan", - deyib məni məktəbə buraxmadılar. O vaxt onuncu sinifdə oxuyurdum. Cabbar əmi artıq üç il idi dünyadan köçmüşdü. Bacılarım anasız qaldığıma görə həmişə məni əzizləyirdilər. Atamdan sonra isə mənə onun əmanəti kimi baxır, üstümdə əsirdilər. Böyük bacılarım neçə illər idi, bizim evdə yaşayırdılar. Onlar mənim nazımla oynayırdılar ki, atasızlığımın xiffətini çəkməyim. Amma o vaxt bacılarımın, yeznələrimin qayğısı mənə baha başa gəldi. Məktəbdən uzun müddət aralanmağım qiymətlərimə təsir göstərdi. Əvvəldən humanitar fənlərə həvəs göstərərdim. Ancaq o biri dərslərdən də qiymətlərim yaxşı idi. Sağalab məktəbə qayıdandan sonra həndəsədən, cəbrdən geri qalmağa başladım. Bacım Başxanımın həyat yoldaşı riyaziyyatçı idi. O, bir gün mənimlə ciddi danışdı:
- Şəhla, müharibə vaxtı çox uşaq məktəbi atmalı oldu. Sən isə dərsdən qalmadın. Amma indi sinifdə qala-
caqsan. Çünki cəbrdən iki almısan. İstəsən də çatdırıb qiymətlərini düzəldə bilməyəcəksən. Ona görə də səni 40 saylı axşam məktəbinə qoyacağam.

Bunu eşidən kimi başladım ağlamağa. İncik-incik dedim:
- Mən bilirəm axşam məktəbində kimlər oxuyur. Yaşlı kişilər, qadınlar… İşləyib ailələrini saxlayırlar. Məktəbə də gedirlər ki, onilliyi qurtarsınlar.
- Bəs onda necə olsun, qalasan onuncuda? Çəkdiyin əziyyətlər hədər getsin?
Çox istəyirdim yeznəmi razılığa gətirəm, məni axşam məktəbinə qoymasın. Ancaq o, israr edirdi:
- Bilirsən nə var? İndi getməsən, onuncunu qurtara bilməyəcəksən.
Yeznəm məni balası kimi istəyirdi. Bir az düşünüb ona haqq qazandırdım. 40 saylı məktəbdə oxumağa razılıq verdim.

Bu həmin il idi ki, Salyanın Kürqaraqaşlı kəndindən rayon mərkəzinə gəlib, dəmir yolunda fəhləlik eləyən Əliağanı "Azərbaycan gəncləri" qəzetində bir müddət əvvəl çap olunmuş "Sənin gözlərin" adlı ilk şeirinin qonorarını alar-almaz onu rayon Partiya Komitəsinin birinci katibi Məmməd Bağırovun yanına çağırmışdılar. Əliağa ürəyində nə baş verdiyini çək-çevir edə-edə qəbula gedir. Katib onu mehribanlıqla qarşılayır, oturmaq üçün yer göstərir: "Səni Bakıya, Yazıçılar İttifaqına çağırırlar", - deyir. - "Özü də bilirsən kim çağırır? Səməd Vurğun". Əliağa heyrətlə katibə baxır, ona elə gəlir, indi gördüklərinin hamısı yuxudur. Məmməd Bağırov isə üstündə "Azərbay-can Sovet Yazıçıları İttifaqı" yazılmış məktubu ona uzadır. Səməd Vurğunun adından gələn məktubda Məmməd Bağırovdan gənc şair Əliağa Kürçaylının - yəni onun birhəftəlik çörək talonu ilə təmin edilib, 1947-ci ilin 16 iyununda Azərbaycan Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsində iştirak etmək üçün Bakıya göndərilməsi xahiş olunurdu.
Katibin göstərişiylə Əliağaya birhəftəlik çörək talonu, yolpulu, hətta təzə kostyum da verilir. O, Bakyıa gəlir. Müşavirə günü Səməd Vurğun Əliağaya da söz verir. Adını məşhur şairin dilindən eşidən Əliağa həyəcanla kürsüyə qalxıb, utana-utana soruşur: "Danışım, ya şeir oxuyum?". Şair onun şeir oxumasını istəyir. Əliağa müharibəyə həsr etdiyi "İlk bahar çiçəyi" və "Qurtardı" şeirlərini deyir. Şair soruşur:

- Harda oxuyursan?
- Oxumuram. Dəmir yolunda hesabdar işləyirəm.
Salonda gülüş qopur, Əliağa utanır, tez deyir ki, hesabdar idim, indi fəhlə işləyirəm. Səməd Vurğun "Gəl səni düzəldim universitetə", - deyəndə, o, başını aşağı salır, kədərlə dillənir:
- Götürməzlər, kamal attestatım yoxdur, 9-cu sinfi bitirmişəm.
- Sən gəl, mən deyərəm, götürərlər.
Yanında əyləşmiş şair yoldaşları - Məmməd Rahim, Süleyman Rüstəm, Osman Sarıvəlli gülüb deyirlər ki, ay Səməd, Əliağa 9-cu sinfi qurtarıb, ali məktəbə götürməzlər. Səməd Vurğun çıxış yolu tapır:
- Onda gəl Bakıya, burda onuncu sinfi bitir, sonra universitetə daxil olarsan.

Əliağa bizim məktəbə gələndə dərslər çoxdan başlanmışdı. O, bizimlə eyni sinifdə oxumurdu. 40 saylı məktəbdə iki onuncu sinif vardı. Ancaq tez-tez dərslərimizi birləşdirirdilər. Bir gün yenə bizi bir sinfə yığmışdılar. Kimya dərsiydi. Yer çatmadığından, şagirdlərin çoxu partalarda üç-üç oturmuşdu. Kimya müəllimimiz Mehrəli müəllim yazı taxtasında məsələ yazırdı. Mən də onları dəftərimə köçürürdüm. Bütün diqqətim müəllimdəydi. Birdən parta yoldaşım Xalidə dirsəyi ilə qoluma toxundu: "Şəhla, bax gör, birinci sırada oturan oğlan sənə necə baxır", - dedi. Başımı qaldırıb təəccüblə ona baxdım. Xalidə yenə pıçıldadı: "Ay qız, oğlan yazmır, bayaqdan gözlərini səndən çəkmir". Qeyri-ixtiyari onun göstərdiyi səmtə baxdım. Yoldaşlarına nisbətən cüssəli olan Əliağa partaya yerləşmədiyindən, ayağının biri çöldə qalmışdı. Baxışlarımız qarşılaşanda, o diksindi. Özünü saxlaya bilməyib yıxıldı. Müəllim çevrilib baxanadək cəld qalxıb yerində oturdu. Mehrəli müəllim xəbər aldı: "O gurultu nə idi?". Hamımız Əliağaya baxdıq. O, cavab vermədi, çox pərt görünürdü. Uşaqların heç biri Əliağanı satmadı.
Bundan sonra onun oğrun-oğrun mənə baxdığını anladım. Bir gün evə getməyə hazırlaşırdıq. Asılqandan paltomu götürəndə sinif yoldaşımız Rüstəm (o da sonra həkim oldu) mənə yaxınlaşıb ehtiyatla soruşdu:
- Kağızı götürmüsən?
- Nə kağız?
- Cibinə məktub qoyublar.

Məktubu cibimdən çıxardım. Başdan-başa şeiriydi. Oxumadan cırıb atdım. Rüstəm heç nə demədi, kağızın qırıqlarını yerdən yığdı. Sonralar bildim ki, aparıb Əliağaya verib. Mən isə o vaxt məktubun kimdən gəldiyini bilmədim. Öyrənməyə cəhd də göstərmədim. Əvvəldən ağırtəbiətli, ciddi qızıydım. Şairlər adam tanıyan olurlar axı. Əliağa da məni bu xasiyyətimə görə bəyənmişdi. Ancaq yenə məni sınaqdan keçirmək istəyib.

...Tənəffüs idi. Sinfə dönəndə gördüm ki, o, qapının ağzında dayanıb, bir əli ilə də yolu kəsib. Məndən qabaq gələn qızlardan bəzisi Əliağanın qolundan tutub itələyib ki, əlini çəksin, bəzisi də soruşub: "Qapını niyə bağlamısan?". Əliağa isə məni gözləyib. Sonralar özü danışardı ki, səsini eşitmək arzusundaydım. Həm də bilmək istəyirdim, özünü necə aparacaqsan. Sən gəldin. Gördün ki, əlimlə qapını tutmuşam. Dillənmədin, qayıdıb fağır-fağır dəhlizdə gəzişməyə başladın. Zəng vurulanda gəldin. Özü də qaça-qaça yox, asta-asta girdin sinfə...

Müharibə başa çatsa da, çətinliklər qalırdı. Hələ də çörək talonla verilirdi. Əliağanın vəziyyəti daha ağırıydı. Yataqxanada yaşayırdı. Rayondan da pul göndərəni yox idi. Əvvəldən qürurluydu. Sıxıntı çəkdiyini bəlli etmək istəmirdi.

Artıq onuncu sinfi başa vurmaq üzrəydik. Şəhadətnamələrimizi alıb, hərəmiz bir yerə gedəcəkdik. Məktəbin həyətində dayanıb, elə bu barədə danışırdıq. Birdən məktəbin direktoru iş otağından çıxdı. Əlindəki mürəkkəbqabını bizə göstərdi: "Uşaqlar, mən bunun qapağını aça bilmirəm. Bunu kim aça bilər?". Təkcə Əliağa irəli yeridi. Mürəkkəbqabını müəllimdən alıb, açanda onun içərisindəki mürəkkəb yaxasına töküldü. Direktor təəssüfləndi: "Vay-vay… Eybi yoxdur, evdə dəyişərsən köynəyini".
Səhəri gün gördüm, həmişə mənimlə bir yerdə gəzib-dolanan Əminə xısın-xısın gülür. Əliağanı mənə göstərdi:

- Şəhla, dünən yaxasına mürəkkəb tökülən oğlana bax.
- Nə olub ki?
- Görmürsən?
Əliağanın əynində başqa köynək vardı. Amma yaxası yuxarı dartılmışdı. Əminə gülürdü:
- Deyirəm, bir kirvənkə götürək aparıb asaq onun köynəyinin yaxasından, düşsün aşağı.
Əminənin sözləri xoşuma gəlmədi. Ancaq susdum. Sonralar - nişanlı olduğumuz vaxtlar Əliağa mənə danışdı ki, o vaxt bircə köynəyim vardı, onun da yaxasına mürəkkəb dağıldı. Naəlac qalıb otaq yoldaşımın köynəyini geyindim. Oğlanın nə boyu, nə də çəkisi mənə uyğun gəlirdi. Ancaq neyləyə bilərdim?
O hadisəni Əminə heç vaxt yaddan çıxarmadı. Ölənədək mənə üzrxahlıq elədi: "Şəhla, o vaxt ağlıma gəlməzdi ki, siz bir-birinizə qismət olacaqsınız, yoxsa sənin yanında Əliağa barədə elə söz deməzdim". O vaxt Əminəgil ağıllarına da gətirmirdilər ki, mən belə kasıb oğlanla ailə quraram.
...Orta məktəbi bitirdik. Əminəylə mən sənədlərimizi hazırlayıb, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə apardıq. Orada Əliağayla qarşılaşdıq. Salamlaşdıq. Dəhlizdə dayanmışdıq. Dörd nəfər Əminəylə mənə yaxınlaşdı. Bizi dilə tutdular: "Müharibə illərində çoxlu tibb bacılarımız, həkimlərimiz həlak olub. Sənədlərinizi Tibb İnstitutuna verin. Tələbə ehtiyacımız böyükdür". Əminə tərəddüdlə bir mənə, bir də onlara baxdı:
- Axı biz eşitmişik ki, Tibb İnstitutuna qəbul olunmaq çətindir.
Mən də onun sözlərinə qüvvət verdim:
- Biz ora daxil ola bilmərik.
- Sənədlərinizi burdan götürün, verin Tibb İnstitutuna. Lap bir suala cavab verməsəniz də, sizi qəbul edəcəyik.

Kənarda dayanıb, söhbətin gedişini izləyən Əliağa yanımıza gəldi. Narahat görünürdü. Bizə dedi: "Ay qızlar, birdən onların sözlərinə inanıb, Tibb İnstitutuna gedərsiniz ha… Orada meyitləri qoyacaqlar qarşınıza, sizə dərs keçəcəklər. Heyf deyil ədəbiyyat. Birinci imtahanımız yazılı olacaq. Mən sizə kömək edəcəyəm". Onun sözləri ağlımıza batdı. Sənədlərimizi Tibb İnstitutuna verməkdən vaz keçdik. Əliağa da sözünün üstündə dayandı. Ədəbiyyatdan yazılı imtahanda bir gözü müəllimdə gah Əminəyə, gah da mənə deyirdi. Onun zəhməti hədər getmədi, Əminə də, mən də dörd aldıq. Əliağanın qiyməti isə əla oldu. Yerdə qalan imtahanları da verdik. Gözlənilən gün gəldi. Getdik universitetə nəticələri öyrənməyə. Dəhlizdə siyahı asılmışdı. Məktəbə daxil olan tələbələrin arasında Əminənin də, Əliağanın da adı var idi. Siyahını bir neçə dəfə oxudum. Orada bircə Şəhla var idi. Onun da soyadı Korqoqdu idi. Nagüman dekanlığa yollandım. Çəkinə-çəkinə soruşdum:
- Siyahıda mənim soyadım yoxdur. Bircə Şəhla Korqoqdu var. Bəlkə bu başqa Şəhladır?
- Yox, sizin adınızdır.

Qaryağdıoğlu çətin soyad oldu-ğundan, həm rus, həm də Azərbay-can dilində soyadımı Korqoqdu yazmışdılar. Uşaqların yanına qayıdıb, universitetə daxil olduğumu söylədim. Məni təbrik etdilər. Əliağa gülə-gülə mənə sataşdı: "Səni Koroğlu yazmaq istəyirmişlər".
Universitetə daxil olmağımın səbəbkarı Əliağa oldu. O olmasaydı, bəlkə də Tibb İnstitutundan gələnlərin sözlərinə baxıb həkimliyə gedə-cəkdik. Sonralar bildim ki, Əliağa bunu ona görə edib ki, mən yanında olum. Amma elə təzəcə üz-gözümü görməyə öyrəşirdi ki, onu Azərbay-can Yazıçılar İttifaqına çağırıb dedilər: "Səni Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndəririk". Etiraz etmək olmazdı. O da getdi.

Ürəkdən sevmək bir başqa cür olur. Biri qəlbində özünə taxt-tac qurdumu, onu unutmaq daha müşküldür. Əliağa da məni ürəkdən sevmişdi. Ona görə də heç zaman yaddan çıxarmırdı. Mən bunu o gün anladım…
Tənəffüsdə dekanlıqdan Raisa xanım gəldi. Əlindəki məktubu mənə uzatdı:
- Sizə Moskvadan məktub gəlib.
- Bəlkə səhv edirsiniz? Mənim orada nə qohumum, nə də tanışım var.
- Qaryağdıoğlu Şəhla Cabbar qızı siz deyilsiniz?
- Mənəm.
- Məktubun üstündə belə yazılıb. Biz bunu başqasına verə bilmərik.

Həmişə yanımdan ayrılmayan Əminə məndən qabaq Raisa xanıma tərəf qaçdı. Məktub Əliağadan gəlmişdi. İçərisində şəkil də var idi. Qeyri-ixtiyari diqqətlə baxdım. Oraya gedəndən sonra dəyişib, lap yaraşıqlı olmuşdu. Saçlarını da bir ayrı cür düzəltdirmişdi. Şəklin arxasında yazılmışdı: "Cırılsa da, hörmətli Şəhlaya yadigar". Bir Əminəyə baxdım, bir də şəklə. Qızın gözləri maraqdan alışıb-yanırdı. Şəkli cırıb atdım zibilqabıya. Əminə gileyləndi:
- Ay qız, niyə cırdın? O elə təkcə sənin tələbə yoldaşın deyil ki. Verəydin, mən saxlayaydım.
- Sənə yazaydı, saxlayaydın. Onu mənə göndərib. Sən də hamıya yayacaqsan ki, Şəhlaya oğlan məktub yollayıb.

Dinmədi. Çünki haqlıydım. Əminə bunu hamıya xəbər verəcəkdi. Məktubda kağız da vardı, daha onu cırmadım. Oxudum. Çox qısaydı.Moskvada havaların soyuq keçməsindən, dərslərindən yazırdı...
...Əliağanın getdiyi vaxtdan altı ay keçirdi. Zaçot verirdik. Bir də gördük, pilləkəndən ayaq səsləri gəlir. Qeyri-ixtiyari dilləndim:
- Bilirsiniz, bu kimin ayaq səslərinə oxşayır? Bizimlə oğlan oxuyurdu ha, yolladılar Moskvaya, bax, onun ayaq səslərinə.
Ayaq səsləri getdikcə yaxınlaşırdı. Əliağa görünəndə hamı təəccüblə mənə baxdı. Mənim isə diqqətim ondaydı. Əliağa bizi dəhlizdə görəndə sevindi. Yaxınlaşıb salam verdi. Zaçot verdiyimizi biləndə lovğalandı:
- Siz indi verirsiniz zaçotu? Mən eksterni verdim.
Eksterni sözünü ilk dəfəydi eşidirdik. Marağımı içimdə boğub susdum. Uşaqlar soruşdular:
- Eksterni nədir?
- Təcili! Zaçotlarımı verdim, mənə vaxtından qabaq icazə verdilər, gəldim.

Orada qrupumuzdakı qızlardan heç birini istəyən oğlan yox idi. Ona görə də onlar qiymət ala bilməyəcəklərini mənim qədər dərd eləməmişdilər. Axı qız heç vaxt onu sevən oğlanın yanında pərt olmaq istəmir. Adım çağırılanda həyəcanla içəri girdim. Müəllimin suallarına cavab verdim, qiymət alıb çıxdım. Uşaqlar məni hay-küylə qarşıladılar. Qızlar "Sağ əlin başımıza", - dedilər. Daha qiymət alıb rahatlanmışdım. İndi başqa sual məni narahat edirdi. Elə bil, tələbə yoldaşlarım ürəyimdən keçənləri anladılar. Soruşdular:

- Əliağa, nə vaxt qayıdırsan?
- Daha Moskvaya getməyə-
cəyəm.

Əliağa bu sözləri deyən kimi, hamı çevrilib mənə baxdı. İstər-istəməz qızardım.
Əliağanın anası ölənədək deyirdi ki, oğlum sənə görə Moskvada təhsilini yarımçıq qoydu. Bu sözləri acıqla, ya incikliklə yox, nəvazişlə deyirdi: "Əliağa nigaran idi ki, o gələnədək səni kiməsə verərlər, ona görə qayıdıb gəldi".

Əliağanın sözü hər yerdə keçərdi. Orta məktəbdə direktor da, müəllimlər də onu eşidərdilər. Universitetdə də belə oldu. Bircə dəfə getdi rektorun yanına. Dedi ki, Moskva çox soyuqdur, orada xəstələnirəm, istəyirəm təhsilimi burada davam etdirəm. Rektor da razılıq verdi. Əliağa yenidən bizimlə bir qrupda oxumağa başladı.

Dərslərdə mühazirələri yazmaq üçün lap qabaq sıralarda otururdum. Bütün yerlər tutulurdu. Heç kim mənim yanımda əyləşmirdi. Çünki o yer, sözsüz, Əliağanın idi. Tələbə yoldaşlarımız elə edirdilər ki, o gəlib görsün ki, mənim yanımda boş yer var, orada otursun.

Əliağa tez-tez dərsə gəlmirdi. Hərdən ona deyirdim:
- Bəs imtahanda neyləyəcəksən?
- Onu fikirləşmişəm. Yığışarıq Tofiqgilə (tələbə yoldaşımız şair Tofiq Mahmudu deyirdi). Uşaqların hamısı mühazirə dəftərlərini götürərlər, orada öyrənərik.
İmtahanqabağı həmişə ya Tofiq-gildə, ya da Mircəfər Bağırovun evindən aşağıda bir bağ var idi, orada görüşərdik.
Qorki adına kitabxana bacımgilə yaxın olduğundan, tez-tez ora gedərdim. 1951-ci il idi. Bir gün yenə kitabxanadaydım. Qəflətən Əliağa içəri girdi. İcazə alıb yanımda əyləşdi. Sonra ehtiyatla dedi:

- Bir söz deyəcəyəm, amma durub qaçma.
- Yox, qaçmaram, de.
Artıq ona qarşı mülayimləşmişdim. Əliağa ürəkləndi:
- Bu gün sizə elçi yollamaq istəyirəm.
- Mənə nə var? Özün öz ixtiyarındasan, nə istəyirsən elə.

Əliağa durub getdi. Mən təəccüblə fikirləşdim ki, buna nə oldu, hara gedir? Demə, elçiləri Əliağanı küçədə gözləyirmişlər. Məndən cavab alandan sonra, arxayınca onların yanına gedib. Bakıda kimsəsi yox idi Əliağanın. Elçiliyə Adil Babayevi, Böyükağa Qasımzadəni, Ənvər Əlibəylini və şair Qabillə anasını aparırdı. Evimizi yaxşı tanıyırdı. Həmişə bacımgil məni yaxınlıqdakı mağazaya göndərəndə, görərdim durub küçəmizdə. Əliağa qapımızın ağzında dayanıb, "Siz gedin, mən burada gözləyirəm", - deyib.
Elçilər məsələni açanda yeznəmlə bacım təəccübləniblər:
- Şəhla uşaqxasiyyətlidir. O nə bilir sevmək nədir?!
- Bəs deməyib ki, məni bir oğlan istəyir?
- Yox, heç nə deməyib. İndi sizə nə cavab verək? Bilməliyik ki, qız razıdır, yoxsa yox…
Elçilər çıxıb soruşublar:
- Əliağa, qohumları soruşur, qızın xəbəri var?
- Şəhla bilir ki, bu gün evlərinə elçi gələcək, ona görə sizi yollamışam.

Elçilər geri qayıdılar. Bacımgilə deyiblər ki, Şəhlanın xəbəri var, siz nişan gününü təyin edin.
Bunu eşidəndə Əliağaya gileyləndim: "Sən məni satmısan ki...". Güldü: "Belə deməsəydim, məsələ uzanacaqdı".

Əliağanın evi yox idi. Yataqxanada yaşayırdı. Mənim nişan xonçam Qabilgilin evində hazırlanıb gəldi. Əliağa şeirlərinə verilən qonorarları yığıb, mənə brilyantqaşlı nişan üzüyü almışdı. Çox şey gətirməmişdilər. Nişan xonçasında bir-iki dəst də ipək parça var idi. Əliağa elçilərinə demişdi ki, onlara deyin, mən toy eləməyəcəyəm. Bu nişanı həm də toy kimi qəbul eləsinlər. Əliağanı bir də ona görə sevirdim ki, yalanla arası olmazdı, həmişə özünü olduğu kimi göstərərdi. Bacılarım da axı atamın tərbiyəsini görmüşdülər. Cabbar əmi sevənlərin arasına girməzdi. Onlar da həvəslə süfrə açdılar. "Toyda musiqi olar", - deyib evimizdəki royalda musiqilər ifa etdilər. Məclisdəki qızlar, uşaqlar rəqs edib şənləndilər.

Nikahımızı qeyd etdirəndə, Əli-ağa soyadımı Kürçaylı yazdırdı. Ona deyəndə ki, gərək məndən icazə alaydın, etiraz elədi: "Qız belə yerdə danışmaz". Əliağa Mirzə Fətəli küçəsi, 125 ünvanında ev kirayələdi. Orada yaşamağa başladıq.

Ailə quranda ikinci kursda oxuyurduq. O vaxtadək naz-nemət içərisində yaşamışdım. Ancaq indi gənc, kasıb, üstəlik, tələbə şairin həyat yoldaşı idim. Onun aldığı qonorarlarla dolanırdıq. Şeirləri çap olunmayanda qalırdıq pulsuz. Çox kasıblıq gördük, onunla ehtiyacın hər üzünə bələd oldum.

1953-cü il fevralın 16-da oğlumuz Ülfət anadan oldu. Əliağanı tanıyandan, onsuz da bu ay mənim üçün çox əziziydi. Çünki o, fevralda dünyaya gəlmişdi. Bundan sonra bu ay bizim üçün ikiqat bayram oldu.

1956-cı ilin 12 oktyabrında isə qızımız dünyaya gəldi. Onda hələ də kirayədə yaşayırdıq. Ev sahibi bizi suyu çox işlətməyə, gündüzlər işıq yandırmağa qoymurdu. Otağımız yarıqaranlıq olurdu. Qızımız doğulanda hələ xəstəxanadaykən Əliağa mənə məktub gətirdi. Xalası gəlini göndərmişdi. Kirayədə çəkdiymiz əziyyətdən, o işıqsız, tavanı daman evimizdən yazırdı: "Bu qızın adını Ülkər qoyun. Çünki səhər açılanda bütün ulduzlar sönür, Ülkər ulduzu isə hələ qalır. Arzu edirəm, bu uşaq da sizin evinizə işıq gətirsin". Xalası gəlininin yazdıqları Əliağaya çox təsir etdi. Mənə dedi ki, uşağın adını elə Ülkər qoyaq. Belə də oldu. Qızımız üçaylıq olanda bizə Hüsü Hacıyev küçəsindəki yazıçıların binasında ev verdilər. Əvvəlcə dramaturq Cabbar Məcnunbəyovun ailəsiylə şərikli mənzildə yaşadıq. Sonra ayrıca ev verdilər.
Adətən, Əliağa səhərlər, çoxları şirin yuxuda olanda yazardı şeirlərini. O, çox çap olunan şair idi. Yaxşı da qonorar alardı. Yavaş-yavaş dolanışığımız düzəlirdi.

Şairin ömür-gün yoldaşı olmaq çox çətindir. Özü də Əliağa fağır kişi olmayıb ha… Onunla yola getmək hər qadının işi deyildi. Anası həmişə ərklə ona deyərdi ki, sən Şəhlayla ailə qurmasaydın, ömrünboyu tək qalacaqdın. Əliağanın hər kəlməsini qanun kimi qəbul edirdim. Onu bircə baxışından anlayırdım. Həmişə deyirəm ki, həyatıboyu bir sözü iki olmayan iki kişi varsa, onun biri Əli-ağadır. Bizi tanıyanların hamısı bilir ki, bu belədir. Mən canımı qoymuşam onun yolunda. İyirmi doqquz illik ailə həyatımız boyunca bircə gün də özüm üçün yaşamamışam.

Əliağa həddindən artıq qısqan-cıydı. Hələ biz universitetdə oxuyanda hamı bilirdi xasiyyətini. O məni nəinki işləməyə, heç evimizin yanındakı mağazaya da tək buraxmazdı. Heç vaxt unutmurdum ki, Əliağa şairdir. Onun şeirləri sevincindən, qəmindən, kədərindən, kiməsə məhəbbətindən doğur. Belə hisslər olanda Əliağa yaşayıb-yaradır. Əlbəttə, Əli-ağa təkcə mənə yox, başqa qızlara, qadınlara da şeirlər həsr eləyib. Bəziləri məndən soruşur: "Bəs buna görə ondan incimirdiniz?". Yadıma bir əhvalat düşür. Şairləri təbliğat aparmaq, oradakıları düz yola qaytarmaq üçün həbsxanalara göndərirdilər. Əliağa da gedirdi. Gələn kimi üzünü yuyur, dərindən nəfəs alırdı. Deyirdi ki, orada gördüklərim mənə ağır təsir bağışlayır. Mən ona "İmtina et, getmə", - deyəndə etiraz edirdi: "Şair pislərin də xasiyyətinə bələd olmalıdır, yaxşıların da. Tərbiyəli qadının-qızın da xasiyyətini bilməlidir, tərbiyəsizin də".

Mənim atam təkcə xanəndə deyildi axı, həm də şairiydi. Bir dəfə Cürcüstandan gələndə özüylə gözəl gürcü qızlarının şəkillərini gətirmişdi. Onları verdi anama. O da baxdı, sonra aparıb qoydu albomun arasına. Demədi ki, ay Cabbar, bunları niyə gətirmisən? Evimizdə bunu görmüşəm. Belə tərbiyə almışdım. Xasiyyətim eləydi ki, əgər eşiyə çıxıb Əliağanı bir qadınla, qızla qol-boyun görsəydim, özümü görməzliyə vurub, qayıdıb oturardım evdə. Əliağa qayıdanda ona heç nə deməzdim.

Əliağa təkcə şeir yox, dram əsərləri də yazırdı. Onlardan bir neçəsi tamaşaya da qoyulub. O həm də tərcüməçiydi. Dantenin "İlahi komediya" kimi əsərini dilimizə tərcümə edib. Bir dəfə mənə şikayətləndi:

- Aparıram tərcüməni, elə hey deyirlər orasını düzəlt, burasını düzəlt. Makinaçılara da verməkdən pulum qalmayıb. Bilmirəm neyləyim...
- Daha niyə vaxt itirirsən? Sən otur yazını yaz. Makinaçılardan birini də gətir bizə. Onunla danış ki, sənin yazılarını yazıb-qurtaranadək evinə getməsin.
Güldü. Çox zarafatcıl adam idi. Ancaq heç vaxt üzündə belə təbəssüm görməmişdim. Gözlərinə baxdım. Bəlkə o gələni xəyalında canlandırdı, düşündü ki, Şəhla demir ki, birdən bu dost olar Əliağayla?.. Mənim onun gözlərindən oxuduğumu yox, ayrı sözlər dedi: "Heç kəs burda qalmaq istəməz".

Uşaqlarımız onu adıyla çağırırdılar. Əliağanın anası belə istəmişdi. Deyirdi, istəyirəm, oğlum həmişə cavan qalsın. Əliağa uşaqlarını çox sevirdi. Bəziləri deyir ki, o daha çox qızına bağlıydı. Bu düzgün deyil. Əliağa qızına da, oğluna da, həyat yoldaşına da şeirlər yazıb. Bir yerə gedəndə Ülfətə deyirdi ki gedək. Getmirdi. Qızın xasiyyəti isə başqaydı. O, atası deyən kimi durub sevinə-sevinə hazırlaşırdı. Ülkərlə birlikdə Akademik Milli Dram Teatrının qarşısından keçəndə, tez afişaları oxuyurdu. Hansı tamaşaya baxmayıbsa, evə gələn kimi atasına deyirdi: "Əliağa, bilet al, gedib baxaq". O da gülümsünürdü:

- Başüstə. Ülfət, sənin üçün də bilet sifariş verim?
- Yox.
Qız uşaqları qılıqlı olurlar axı. Ülkər də beləydi. Həm də çox ağıllı, tərbiyəli, istedadlı qızıydı. Yaddaqalan siması vardı. Bircə dəfə görmək kifayət idi ki, həmişəlik xatirində qalsın. Yeddi hekayəsi çap olunmuşdu. Əliağa qızının yazıçılığından ağızdolusu danışırdı. Hərdən Ülkəri qınayırdı da:

- Hekayələrinə niyə yalnız Ülkər imzasını qoyursan? Görürsən, mən yazıram: Əliağa Kürçaylı. Sən də yaz: Ülkər Kürçaylı.
O, uşaq kimi cavab verirdi:
- Hə, sən istəyirsən desinlər ki, Əliağa tapşırır, qızının hekayələrini çap etdirir. Mən Ülkər yazdıraca-
ğam. Qoy bilməsinlər ki, Əliağa Kürçaylının qızıyam.

Əliağa çox sadə adam idi. Tanınmış şair olsa da, özünü elə sadə aparırdı ki, çoxları heyrətlənirdi. O qədər arzuları vardı ki… Doğma kəndində - Salyanın Kürqaraqaşlı kəndində torpaq sahəsi almışdı. Qarşısından Kür çayı axıb-gedən doğma evi sökülmüşdü. İndi istəyirdi yenidən orada ev tikdirsin. Özü qollarını çırmayıb fəhlələrə kömək edirdi. Həmişə qızına deyərdi ki, ev hazır olsun, bir qayıq da alacağam. O da sevinirdi. Ancaq hər işləri kimi bu da yarımçıq qaldı.

Ömrünün sonlarında Əjdər Xanbabayevlə birgə "Yazıçı" nəşriyyatına rəhbərlik edirdi. Heç birinin də bəxti gətirmədi. Əjdər Xanbabayev sonralar qətlə yetirildi. Əliağa isə orada heç iki il işləməmiş, səhhətindən şikayətlənməyə başladı. Onun xəstələnməsi hamımıza ağır təsir etmişdi. Ülkər isə özünə yer tapa bilmirdi. Əliağa bir müddət Bakıda müalicə olundu. Vəziyyəti düzəlmək əvəzinə pisləşirdi. Moskvaya getdi. Orada həkimlər deyiblər ki, müalicəniz düzgün aparılmayıb. Təcili cərrahiyyə əməliyyatı keçiriblər. Bundan sonra nə yaşadı, moskvalı həkimlərin müalicəsinin hesabına yaşadı. Ancaq orada demişdilər ki, gec gəlmisiniz. Moskvadan gələndən sonra bir il altı ay yaşadı.

Həmin günlərdə "İlahi komediya"nı tərcüməsinə görə onu İtaliyaya dəvət etdilər. Səfərə çıxmasına cərrahiyyə əməliyyatını aparan həkim icazə verəndə sevinirdi. Əliağa oradan qayıdandan sonra səfər təəssüratlarından məqalə yazdı, televizorda da çıxış etdi.

Onun xəstəliyi yenidən şiddətləndi. Yatağa düşdü. Ülkər Nizami adına muzeydə işləyirdi. Hər gün işdən dönəndə birinci atasının yanına gedir, onun saçlarını oxşayır, üzündən öpürdü. O gün - 1980-ci ilin 11 fevralında atası dünyasını dəyişəndə Ülkər işdəydi. Əliağanın gözlərini mən bağladım. Onun əmisi arvadı mənə dedi ki, Şəhla əlin ruhludur, get yu. Mən də keçdim vanna otağına. Elə bu an Ülkər içəri girib. Həmişəki kimi atasının yanına getmək istəyəndə, qapını bağlayıb onu içəri buraxmayıblar. Hələ də başa düşə bilmirəm, niyə Ülkəri qoymayıblar Əliağayla görüşsün. Böyük qızıydı. Əvvəl-axır atasının vəfatı etdiyini bilməyəcəkdi? Əliağanın yanına buraxılmayan Ülkər dəhlizdəki kətilin üstündə kiçik bir kağız parçasına yazıb: "Məni axtarmayın, Ülkər. 11 fevral". Qapıdan çıxıb...
Mən əlimi sabunlayırdım ki, Ülfət gəldi:

- Ülkər hanı?
- İşdədir.
- Ana, Ülkər gəlmişdi...

Bunu eşidən kimi əlim sabunlu-sabunlu çıxıb, qızımı axtarmağa başladım. Tapa bilməyəndə yadıma bir zamanlar evində kirayədə qaldığım ailə düşdü. Qadının həyat yoldaşı hüquqşünas idi, Milli Təhlükəsizlik Nazirliyində işləyirdi. Tez qadına zəng vurdum. O da həyat yoldaşına xəbər verdi. Təcili olaraq milis işçilərinə göstəriş verildi. Axtarış aparıldı. Milislərin bir dəstəsi Dənizkənarı bulvara gedib. Orada dənizə uzanan keçiddəki gözətçidən soruşublar:

- Bura bir qız gəlməyib?
- İndi, bax elə bu dəqiqə bir oğlan tələsə-tələsə getdi o tərəfə.

Atası Ülkərə qəhvəyirəngli yun parçadan şalvar, pencək, bir də papaq tikdirmişdi. Həmin paltar əynində idi. Gözətçi qaranlıqda elə bilib ki, gedən oğlandır. Milislər cəld deyilən tərəfə üz tutublar. Ancaq Ülkəri sağ tapmayıblar...

Onun ölüm kağızında yazılıb ki, dənizdə batdı. Ancaq belə olmayıb. Mənə dedilər ki, Ülkər özünü dənizə atmaq istəyəndə ürəyi partlayıb. Atasının vəfatından iyirmi dəqiqə sonra Ülkər gözlərini bu həyata yummuşdu. Böyük faciəydi. Yadlar belə göz yaşlarını saxlaya bilmirdilər. Gör mən, Ülkər kimi bir qızı əlindən çıxmış ana necə tab gətirirdim bu dərdə. Biz onu "Vağzalı" sədaları altında gəlin köçürmək arzusundaykən, cənazəsi çıxırdı ata evindən. Bacım oğlu Fuada dedim ki, musiqiçiləri gətir. Onlara tapşır ki, pilləkənlərdən düşəndə "Vağzalı" çalsınlar. Həyətdə isə Əliağanın sevdiyi musiqini çalsınlar.

Əliağa tək köçsəydi bu həyatdan, Fəxri Xiyabanda dəfn olunacaqdı. Amma indi özünü onun yolunda fəda eləyən qızından ayırmaq günah olardı. Fevralın 13-də onları bir yerdə dəfn etdilər.

Yas mərasimlərində özümü təmkinli aparırdım, hamı mənim dözümümə heyrətlənirdi. Ancaq heç kim bilmirdi ki, içimdə uçulub-dağılmışam. Həmişə Əliağayla, Ülkərlə bir yerdə çıxardım evdən. Qızımsız, həyat yoldaşımsız uzun illər dünyanı özümə zindan etdim. Qolumun biri, elə bil, fırlanıb əyri qalmışdı, qulağım eşitmirdi. Oğluma da demirdim. Ağrılarımı, acılarımı hamıdan gizlədirdim. Bir gün qulağımın eşitmədiyini necə oldusa bacıma dedim. Məni məcbur etdi ki, həkimə gedək. Yazıçıların poliklinikasına getmədim, çünki ora həmişə Əliağayla gedərdim. "26-lar bağı"nın (indiki Sahil bağı - red.) yanındakı poliklinikaya getdik. Həkimlər müalicə etdilər. Qəlbimdəki yara yeri isə heç zaman sağalmadı. Elə bilirdim, Əliağasız, Ülkərsiz zaman dayanıb. Onlarsız açılan sabahların, qaralan axşamların, gəlib-keçən illərin mənim üçün mənası qalmadı.

İllərsonra Yazıçılar Birliyinə - Əliağanın xatirə gecəsinə getdim. Bir nəfər yaşa dolmuş, saçlarına ağ düşmüş kişi mənə yaxınlaşıb özünü nişan verdi: "Şəhla xanım, mən Arifəm (Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu nəzərdə tutulur - red.), qızınız Ülkərin tələbə yoldaşı". Fikrim uzaqlara uçdu. Həmişə Ülkərin ardınca universitetə getdiyim günləri, onun tələbə yoldaşları arasından Arifi xatırladım. Sanki yer-göy başıma dolandı. Bu illər nə zaman gəlib-keçmişdi, İlahi. Ülkərin tay-tuşları da artıq yaşa dolmuşdular. Mən isə elə bilirdim, onlar hələ də gəncdirlər. Ülkərim kimi...


DOSTLARINLA PAYLAŞ:

oyunlar