Dünya Gənclər Festivalı başlayır
15 Oktyabr 2011 Şənbə 01:09
Ceyhun Osmanlı: “Festivalın hər iki ildən bir Azərbaycanda keçirilməsinə nail olacağıq”.
Bu gün Gəngcədə Dünya Gənclər Festivalı başlayır. Bir həftə davam edəcək festivalın sonunda Gəncə bəyannaməsi qəbul olunacaq.

“Dünya Gənclər Festivalının hər iki ildən bir Azərbaycanda keçirilməsinə nail olacağıq”. Bunu “İrəli” İctimai Birliyinin (İB) sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı AzərTAc-a müsahibəsində deyib. O, beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb və qeyd edib ki, festivalın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət-ənənələrini, zəngin tarixini təbliğ etmək, dünyaya sülh və birlik mesajını verməkdən ibarətdir.

C.Osmanlı bildirib ki, 50 ölkədən 100-ə yaxın gənc liderin iştirak etdiyi layihə “Azərbaycanı tanı” devizi altında keçirilir: “Festivalın açılış mərasimi Gəncə şəhərində olacaq. Festival boyu açıq havada Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş qala-konsert, festival iştirakçılarının təmsil etdikləri ölkələrin mədəniyyət gecələri, həmçinin müxtəlif mədəni-əyləncəli proqramlar təşkil olunacaq. Belə bir beynəlxalq tədbirin regionlarımızda təşkil edilməsi bizi çox sevindirir”.

“Beynəlxalq tədbirin davam edəcəyi günlərdə Qəbələyə, Şəkiyə, Şəmkirə, Tovuza və başqa rayonlara səfərlər təşkil olunacaq”, - deyən İB-nin sədri festival zamanı səkkiz mövzuda fərqli panellərdə müzakirələrin aparılacağını diqqətə çatdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar