Çingiz Abdullayev Rumıniyanın Tudor Argezi mükafatına layiq görülüb
24 May 2011 Çərşənbə Axşamı 13:50
Mayın 19-22-də Rumıniyanın Qorj vilayətində 31-ci Beynəlxalq Tudor Argezi Ədəbiyyat Festivalı keçirilib. Çingiz Abdullayev Rumıniyanın Tudor Argezi mükafatına layiq görülüb.
Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, rumın ədəbiyyatının ən böyük klassiklərindən hesab olunan şair Tudor Argezinin (1880-1967) xatirəsinə edilən festival bu ölkə Yazıçılar Birliyinin himayəsi altında təşkil olunur.
Builki festivalda Azərbaycanla yanaşı, Bolqarıstan, Türkiyə, Almaniya, Yunanıstan, Serbiya nümayəndələri də iştirak ediblər. Mayın 22-də şairin Tırqu Karbuneşt şəhərində yerləşən ev muzeyində keçirilən laureatların qala mərasimi zamanı Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Pen-Klub”un rəhbəri Çingiz Abdullayev ədəbiyyat sahəsindəki uğurları, eləcə də Rumıniya-Azərbaycan mədəniyyət əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə ölkənin görkəmli mədəniyyət xadimlərinin daxil olduğu Rumıniya Yazıçılar Birliyinin Direktorlar Şurası və Qorj Vilayət Şurasının birgə qərarı əsasında Tudor Argezi mükafatına layiq görülüb. Bundan başqa, mərasim zamanı Azərbaycan yazıçısına onun Tırqu Karbuneşt şəhərinin fəxri sakini seçilməsini təsdiq edən sənəd təqdim olunub və portreti Tudor Argezinin ev muzeyindəki laureatlar lövhəsinə vurulub. APA
DOSTLARINLA PAYLAŞ: