Cəmil Əmirov: “İndi danışan çoxdur, iş görən isə az”
12 Avqust 2010 Cümə Axşamı 14:50
Caz ustası, bəstəkar, əməkdar incəsənət xadimi Cəmil Əmirov ilə müsahibə.
Bir zamanlar televiziya efirindən düşməyən estrada-simfonik orkestri, ən çox da onun tərkibində fəaliyyət göstərən solistlər ansamblının çıxışları yəqin ki, çoxlarının yadındadır. Caz-estrada janrının demək olar ki, bütün istiqamətlərində yaradıcılıq axtarışları aparan bu ansambl təkcə musiqi sənətində deyil, eyni zamanda kino sənətində də öz novatorluğu ilə seçilməyə başladı. Bu gün “solistlər” yoxdur, daha doğrusu pərakəndədir. Onun üzvlərinin bir qismi əcnəbi ölkələrdə, bir neçəsi elə Azərbaycanda fəaliyyət göstərir. Ansamblın rəhbəri isə qeyri-adi gedişi ilə hər kəsi sarsıtmış Rafiq Babayev idi. Niyə novator kəlməsini işlətdim? Axı caz bir janr olaraq Azərbaycanda mövcud idi: Tofiq Quliyev, Rauf Hacıyev, Tofiq Bakıxanov... Azərbaycan milli kinosunda da caz üslubunda qurulmuş musiqiləri müşahidə etmək mümkün idi. Bəs bu gün Azərbaycan kinosunun musiqi tərtibatında vəziyyət necədir? Niyə caz üslubunda musiqilər yazılmır? Bəzən mövzu tələb edəndə belə... Bütün suallara və suallardan doğan şübhələrə son qoymaq üçün onları elə vaxtilə Solistlər ansamblının fəal üzvü olmuş, tanınmış bəstəkar, cazmen Əməkdar incəsənət xadimi Cəmil Əmirovla araşdırmağa çalışdım. Söhbət əsnasında Azərbaycan cazının bugünkü vəziyyətinə də toxunduq.
Azərbaycan kinosuna cazın gəlişi sizcə hansı zərurətdən doğmuşdu?
- Bilirsiniz, bu ümumiyyətlə caza olan maraqdan irəli gəlirdi. Azərbaycanda caza maraq ötən əsrin əvvəllərindən yaranmışdı. Sovet hakimiyyətinin qurulmasına qədər Bakıda müəyyən caz-bəndlər fəaliyyət göstərib. Sovet hakimiyyətinin qurulmasından sonra yenidən caza bir həvəs oyandı. Bu da təsadüfi deyildi. Moskvada Çosov, Dunayevski kimi şöhrətli sənətkarların təsiri də burada rol oynayırdı. Onlar cazı milli kinoya gətirdilər. Məsələn, “Volqa, volqa” və digərləri. Bu əslində amerikasayağı idi, amma, Dunayevski onu rus variantında hazırlamışdı. Bakıda bəs nə baş verirdi? İlk orkestrlər, caz-bəndlər, daha sonra Tofiq Quliyevin idarəsi ilə caz orkestrin yaranması. Burada Rauf Hacıyev, Niyazi və digərlərinin də əməyini vurğulamaq istərdim. Sonra yenə bir müddətdən sonra Vaqif Mustafazadə və Rafiq Babayev. Bizim nəsil cazmenlərdən danışmayacağam.
Niyə?
- Sadəcə istəmirəm. Kino musiqisinin 80-ci illərdə ən parlaq nümayəndəsi Rafiq Babayev olub. Mən deyərdim ki, caz musiqisini Azərbaycan kinosuna gətirən o oldu. Yəni 23-dən artıq bədii filmə yazılan musiqi ona məxsus idi. Bizim ansamblın yaranmasına qədər də o, kino musiqisi ilə məşğul idi. Bizim ansambl yaranandan sonra bir çox Azərbaycan bəstəkarlarının kino musiqilərinin yazılışı həyata keçirildi. Eyni zamanda konkret bu istiqamət üzrə kinoya musiqi yazan bəstəkarlar meydana gəldi.
Sizin ansamblın ifasında yazılan kino musiqilərinin fərqli cəhəti nədə idi? Elə başlayaq iş prosesindən.
- Ən böyük fərqli cəhət caz istiqamətinin olmasında idi. Kinoda bəstəkar əsəri yazdıqdan sonra o parteturaya köçürülür, daha sonra səslərə. Musiqiçilər məhz notlar əsasında həmin əsəri ifa edirlər. Bizim ansamblda isə kino musiqisinə improviziasiya bir yenilik olaraq daxil oldu. Bəstəkarlar artıq partitura ilə deyil, mövzularla gəlirdilər. Mövzu və konkret harmoniya ilə. Qalan nə varsa hamısı musiqinin yazılışı prosesində yaranırdı. Soundtreklər də məhz belə yaranırdı.
Səhv etmirəmsə, o dövrdə tənqidlərlə də üzləşirdiniz. Hər halda buna qədər kino musiqilər simfonik orkestrin ifasında yazılırdı. Caz musiqisi və simfonik musiqi arasındakı ziddiyyət nədən irəli gəlirdi?
- Bu müəyyən dövrdə belə idi. Bilirsiniz, təkcə bizdə deyil, bütün dünyada bir tendensiya mövcud idi. Filmlərin əksəriyyəti simfonik musiqinin müşayiəti ilə yazılıb. Dünyanın ən məşhur filmlərinin soundtrekləri də klassik istiqamətdə yazılıb. Caz üslubunda yazılan musiqilərə az rast gəlmək olar. Bizdə isə yenilik həm də yeni musiqi alətlərinin kinoda səslənməsi ilə izah edilirdi.
Kino musiqidə harmoniya necə izah olunur?
- Kino musiqisi təsviri müşayiət edən bir musiqi olduğundan o, hərəkətə harmonik şəkildə təsir göstərməlidir. Harmoniyada improvizənin nəticəsində yaranırdı. Bilirsiniz, cazın əsl ləzzəti ondadır ki, mövzudan improvizəyə doğru gedirsən.
Rejissorlarla iş prosesində improvizəli kino musiqisi narazılıq yaratmırdı ki?
- Əlbəttə yaradırdı, razı qalanlar da olurdu, narazı olanlarda. Bu təbii bir prosesdir. Rejissorlar deməzdim ki, konkret qarşımıza caz musiqisi yaratmaq məqsədi qoyurdular. Onlar sadəcə etibar edirdilər, vəssalam. Mənim əsas istiqamətim etno-caz olduğundan bəstəkarı olduğum filmlərdə də bu öz əksini tapıb.
Dahi rejissorlardan biri deyib ki, əgər kino musiqidən kənarda öz həyatını yaşayırsa, deməli o heç də kino üçün yazılmayıb. Amma, bir çox bəstəkarların, eyni zamanda sizin də kino musiqiləriniz sonradan sanki müstəqil həyatlarını yaşadı...
- Bilirsiniz, bu musiqinin gücündən irəli gəlir. Hansısa əcnəbi filmin soundtrekindən bir parça dinləyəndə belə, dərhal o filmin kadrları yada düşür. Musiqi filmdən kənar yaşaya bilər. Məsələn, Fikrət Əmirovun “Şeyx Sənan” faciəsi üçün yazdığı “Kor ərəbin mahnısı” əsəri bu gün də öz müstəqil taleyini yaşayır. Bu normal bir haldır.
Sizcə hər bəstəkar kino üçün musiqi yaza bilər?
- Xeyr. Bu, Allah vergisidir. Onu duymaq, dərk etmək lazımdır. Diplomla vergi arasında fərq böyükdür. Kinoya hər bəstəkar musiqi yaza bilməz. Dünyada kino musiqi ilə məşğul olan bir sıra bəstəkarlar var. Bir qismi müzikl yazır, digər qismi simfonik musiqi yazır. Mən bununla bağlı öz fikrimdə qalıram.
Kinoprodüser Vaqif Əsədullayev kinoda mahnının ifa olunmasına tərəfdar deyil. O söyləyir ki, bu addım təsvirə yamaq vurmaq deməkdir. Siz bu barədə necə düşünürsünüz?
- Ola bilər ki, mahnı birdən-birə daxil olsun. Bu şübhəli məqamdır. Amma, harmonik mahnı davamçı kimi çıxış edirsə, niyə də olmasın. Eklektika formasında olsa, təbii ki qəbul etmirəm.
Hərdən düşünürəm ki, 80-ci illər istər Azərbaycan kino musiqisi, istərsə də bu musiqinin tam oxşarı olan müstəqil caz sənətimizdə yaranan bum elə o illərdə də qaldı. O irəli getmədi...
- Niyə ki?! O dövrdə sovet hakimiyyətinin çökməsi baş verirdi. Bütün sahələrdə də bum müşahidə olunurdu. O zaman bomba partladısa, indi artıq biz inkişafı görürük. İndi informasiya çoxluğu dövründə yaşayırıq.
Rafiq Babayev çıxışlarının birində deyirdi ki, Azərbaycanda caza maraq azalıb. Bu indi də belədirmi?
- Caz, çox elitar sənətdir. Və marağın azalması bu tək bizdə deyil, hər yerdə eyni prosesi müşahidə etmək olar. Bu normal haldır. Azərbaycanda sosial təbəqə dəyişib. O illərdə caza qulaq asan tamaşaçının bir qismi dünyasını, digər qismi isə ölkəsini dəyişdi. İndiki dinləyici tamam fərqlidir.
Amma, bu gün cazla bağlı müəyyən tədbirlər keçirilir. Bunları kifayət qədər saymaq olar?
- Bunlar çox lazımlı işlərdir. Məsələn, yaxın aylarda caz festivalı keçiriləcək. Musiqiçilər gələcək, biz dinləyəcəyik, onlar dinləyəcək.
Son dövrdə lentə alınan Azərbaycan filmlərinə baxmısınızmı?
- Çox yox, nadir hallarda.
Niyə, sizcə bu filmlərdə caz üslubuna rast gəlmirik, bəlkə bu da marağın azalmasının nəticəsidir?
- Yəqin ki, dramaturji tələbat rejissor yozumundan irəli gəlir. Bunu qınamaq, buna tənqidi yanaşmaq düzgün deyil. Mən burada problem görmürəm. Azərbaycan kinosunun musiqidən öndə bir sıra problemləri var. Mən belə düşünürəm. 80-ci illərdə bir tendensiya vardı, dəb idi. Caz üslubunun kinoda irəliləməsi. O illərdən xatirələr qaldığından biz də bu barədə söhbətləşirik. Həmin illərdə kinonun ümumi səviyyəsi yüksək idi. Köhnə filmlərə baxırsan, yorulmursan. Mən hər dəfə baxanda yeni bir şey tapıram. Hər şey səviyyədən, fikirdən asılıdır. Şükürlər olsun ki, bizim filmlərdə dahi Üzeyir bəydən başlamış musiqilər var. Sintezator da önəmlidir, amma, onu zövqlə, harmonik şəkildə tətbiq etmək lazımdır.
Azərbaycan kinosunda muzikl janrında olan filmlərin yaranmasına ehtiyac varmı?
- Bu məcburi deyil. Siz hansı hind filmini musiqisiz təsəvvür edə bilərsiniz? Azərbaycanda da bu janrda filmlər çəkilib: “O olmasın bu olsun”, “Arşın mal alan”, “Qayınana”. Rusiyada da nadir hallarda rast gəlmək olar. Belə filmlər həm də xalqın mədəni imkanlarından doğa bilər. Mən yenə də deyirəm, səviyyə əsas amildir.
Səviyyə kəlməsini tez-tez işlədirsiniz. Niyə görə son illər səviyyəsiz musiqilərə qarşı həmkarlarının mübarizəsində, çıxışlarında Cəmil Əmirovu görmürük?
- Yaradıcı insan danışmaq əvəzinə yaradıcılıqla məşğul olmalıdır. Nə bilim, məqalə yazım, televizorda çıxış edim. Buna münasibətim mənfidir. İndi danışan çoxdur, iş görən az. Mən öz sözümü işimlə deməliyəm. Mən yaradıclıqla məşğulam, fikrimi də dəyişməyəcəm. Mənim üçün əsas amil vaxtdır.
Sizcə səviyyəsiz musiqiləri təkcə bizdə deyil, əcnəbi ölkələrdə, yaxud elə Amerikanın özündə də müşahidi etmək mümkümndürmü?
- Deyə bilmərəm. Mən bu barədə fikirləşməmişəm. Yəqin ki, bu təbii proseslərin nəticəsidir.
Bəs mahnı janrını niyə sonradan davam etdirmədiniz, axı onları dinləyicilər sevirdi...
- Bəli bir müddət mən bu janrda heç nə yaratmadım, amma, indi fikrim var ki, onları remiks olaraq yenidən hazırlayım.
Müğənnilər necə müraciət edir?
- Əlbəttə ki, edənlər olur, amma, onlar da gözləyir, mən də gözləyirəm. Düzünü desəm, biz də caz-estrada üslubunda oxuyan müğənni yoxdur. Bayaq özünüz dediniz ki, caza maraq azalıb. Odur ki, çətinlik var.
Bəlkə nəsil yetişmir?! Bizdə caz necə tədris olunur?
- Hansısa bir təhsil ocağı olmalıdır. Gənclər gəlib, burada təhsil almalıdırlar. Amma, təəssüf ki, caz tədris olunmur. Bu tədris ocağı fərqli olmalıdır. Caz klassik musiqi və folklordan çıxıb. Bunlardan biri olmasaydı, cazdan danışmaq da yersiz idi. Bizdə istedadlı cavanlar var və onlara düzgün istiqamət vermək lazımdır. Dünyanın bir çox ölkələrində bu mövcuddur. Bizdə Azərbaycan cazı formalaşıb. Bayaq adlarını çəkdiyimiz sənətkarların simasında. Deməli məktəbə də ehtiyac var. İnanıram ki, belə məktəblər olacaq.
Bəs yeni layihələriniz barədə nə deyə bilərsiniz?
İki albom üzərində çalışıram, yarım ilə bitirmək fikrindəyəm. Bu ilin oktyabrında keçiriləcək caz festivalına hazırlaşıram.
Bəs kino sahəsində necə? Özünüzü milli kino prosesində yenidən görmək istərdinizmi?
- Düzünü desəm, böyük məmnuniyyətlə kino musiqisinə qayıdardım. Mən kino musiqisini çox sevirəm. O ki, qaldı mənim məşğul olduğum istiqamətə, hər şey filmdən, vəziyyətdən, tapşırıqdan asılıdır. Musiqi təsviri yüz faiz tamamlayır. Etno caz üslubu da ola bilər, klassik musiqi də. Hələ ki, kino musiqi üçün dəvətlər yoxdur, amma, bir bəstəkar olaraq çox istəyərdim. Yəqin ki, hələ ki, görmürlər...
Söhbətimizin sonu məncə bədbin notlarla bitsə də, bəstəkarın söylədiyi “Azərbaycan cazı formalaşıb” kəlməsi bədbinliyə qapılmağa əsas vermir. Çünki sözün əsl mənasında Vaxt hər şeyi elə vaxtlı-vaxtında yoluna qoymaq bacarığına malikdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: