Caravan sərgisində Azərbaycan xalçaları fars mədəniyyət nümunələri kimi təqdim olunub
01 Dekabr 2011 Cümə Axşamı 04:52
Noyabrın 30-da Kanadanın Toronto şəhərində yerləşən Corc Braun Kollecində “Caravan” adlı sərgi keçirilib.
 Bu barədə APA-ya tədbir iştirakçısı və Azərbaycan stendinin təşkilatçısı Kanada yaşayan soydaşımız Atilla Aztürk məlumat verib. Onun sözlərinə görə, bu il dünyanın 20-dən çox ölkəsinin qatıldığı tədbirdə ilk dəfə olaraq Azərbaycan da təmsil olunub: “Sərgidə iştirak edən ölkələrin hər birinə öz milli mədəniyyət nümunələrini nümayiş etdirmək üçün bir pavilyon ayrılıb. Azərbaycan və Türkiyə eyni pavilyonda sərgi təşkil ediblər. Pavilyonun girişində asılan Türkiyə bayrağının üzərinə “Azərbaycan, Türkiyə və Güney Azərbaycan” sözlərini yazmışdıq”. Atilla Aztürk onu da əlavə edib ki, dörd saat davam edən sərgidə Azərbaycan milli geyimləri, mətbəxi, xalçaları və digər milli mədəniyyət nümunələri nümayiş olunub: “Sərgiyə baxmaq üçün çox ölkədən tələbələr qatılmışdı. Bizim stendlərimizlə 1500-dən çox iştirakçı maraqlanıb, milli geyimlərimiz, mətbəximiz ilə tanış olub. Çalışırdıq ki, qonaqlara ölkəmizlə bağlı mümkün qədər çox məlumat verək”. “Caravan”dan razı qaldığını bildirən Atilla Aztürk məyus olduğu hadisə ilə bağlı da açıqlama verib: “Sərgidə İran da iştirak edib. Onlar Azərbaycan xalçalarını fars xalçaları kimi təqdim ediblər. Buna çox üzüldük və sərgi təşkilatçılarına etirazımızı bildirdik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar