Can Bonomo: Yaxın zamanlarda Azərbaycana gələcəyəm
01 Fevral 2012 Çərşənbə 20:02
Türkiyənin “Eurovision-2012” təmsilçisi Can Bonomo ad gününü Bakıda qeyd etmək niyyətindədir.
“Həqiqətən “Eurovision”da Türkiyə adından çıxış etmək mənim üçün də böyük sürpriz oldu. Bu müddətdə yalnız bir albomum işıq üzü görüb və bunun üzərindən hələ heç bir il keçməyib. Amma TRT “Eurovision 2012”də mənim təmsilçiliyimə qərar verdi. TRT-nin bu qərarını çox cəsur addım kimi qiymətləndirirəm. Daha öncə “Eurovision”da Türkiyəni təmsil etmək kimi xəyalım yox idi. Amma hər halda bu hadisə ürəyimcə oldu və Türkiyəyə uğur gətirəcəyimi düşünürəm. Türkiyəni ən yaxşı şəkildə təmsil etmək üçün bütün bacarığımdan istifadə edəcəyəm”. APA-nın məlumatına görə, bu sözləri eurovision.az saytına müsahibəsində Türkiyənin builki müsabiqə təmsilçisi Can Bonomo deyib.
O bildirib ki, ifasında daha çox alaturka və rok elementlərindən eyni vaxtda istifadə edir: “Buna innovativ musiqi deyilir. Güman edirəm ki, elə “Eurovision”da da Türkiyəni öz üslubumuzdakı musiqi ilə təmsil edəcəyik. Bakı səhnəsində ifa edəcəyimiz mahnı fevralın ortalarında məlum olacaq. Ümid edirəm ki, seçiləcək mahnı Türkiyəyə və mənə uğur gətirəcək. Doğum günüm mayın 16-dadır. Həmin tarixdə Bakıda olmaq ehtimalı çoxdur. Təbii ki, ad günümü Bakıda qeyd etmək çox yaxşı olacaq”.Ötən il Azərbaycanın çox uğurlu mahnı və performansla birinciliyi qazandığını deyən Can Bonomo, Bakıdakı çıxışının bəyəniləcəyinə ümid etdiyini vurğulayıb: “Buradan Azərbaycandakı dostlarımıza salamlarımı çatdırıram. Yaxın zamanlarda Bakıya gələcəyəm. Azərbaycanın bizi çox yüksək səviyyədə qəbul edəcəyinə əminik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar