Bu gün rejissor Rasim Ocaqovun doğum günüdür
22 Noyabr 2010 Bazar Ertəsi 06:05
Rejissor 1933-cü ildə Azərbaycanın Şəki şəhərində anadan olub
Bu gün Azərbaycanın görkəmli rejissoru Rasim Ocaqovun ad günüdür. R. Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nun kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu-rejissor işləyib. Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatı, respublikanın xalq artisti olub.

Rasim Ocaqov Azərbaycan xalqının yaddaşında rejissor, operator, ssenari müəllifi, bədii rəhbər, ikinci operator kimi qalıb. Filmlərdə və arxiv kadrlarda iştirak edən Ocaqov Azərbaycan kino rejissoru və operatoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı, və Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980) olub.

Rejissorun tammetrajlı filmləri: • “Tütək Səsi” (1975) • “Qatır Məmməd” (1974) • “Ad Günü” (1977) • “İstintaq” (1979) • “Bağlı Qapı” (1981) • “Park” (1984) • “Özgə Ömür” (1987) • “Ölsəm Bağışla” (1989) • “Qətldən Yeddi Gün Sonra” (1991) • “Təhminə” (1993) • “Həm Ziyarət, Həm Ticarət” (1995) • “Otel Otağı” (1998)

Bundan başqa Rasim Ocaqov 70-dən çox filmin çəkilişində bilavasitə iştirak edib. Qeyd edək ki, rejissor 2006-cı il iyul ayının 11-də Bakıda vəfat edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar