Bu gün iki Milli qəhrəmanımızın ad günüdür
08 Oktyabr 2011 Şənbə 10:28
Elşad Hüseynov və Kamil Nəsibovun xatirəsi yad edilir
Bu gün Milli Qəhrəmanlar Elşad Hüseynov və Kamil Nəsibovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, Elşad Eynulla oğlu Hüseynov 1960-cı il oktyabrın 8-də Masallı rayonu Xıl kəndində anadan olub. O, 1991-ci ildən polis (milis) əməkdaşı kimi cəbhə bölgələrində döyüşlərdə iştirak edib, Füzuli, Tərtər, Marağa, Cuvarlı, Marquşevan, Ağbulaq, Fərrux və digər istiqamətlərdə rəşadətlə vuruşub, düşmənin xüsusi nifrətini qazanıb, 1992-ci il iyunun 15-də Fərrux yüksəkliyi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də ona Milli Qəhrəman adı verilib. Masallı rayonu Xıl kəndində dəfn olunub. Həmin kənddə büstü qoyulub. Masallı şəhərində adına küçə var.

Kamil Balədə oğlu Nəsibov 1946-cı il oktyabrın 8-də Laçın rayonu Bozlu kəndində anadan olub. O, Laçın rayonunda özünümüdafiə dəstəsi yaradıb, Sadınlar, Çağazur, Malıbəy, Cicimli, Qazıdərə, Fərəcan, Xanalılar və digər kəndlərin müdafiəsində xüsusi qəhrəmanlıq göstərib, 1992-ci il iyunun 29-da Qonaqgörməz yüksəkliyi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1993-cü il fevralın 5-də Milli Qəhrəman adı verilib. Ağcabədi rayonunda dəfn edilib. Doğulduğu kəndin Mədəniyyət evi onun adını daşıyır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar