Bu gün Fidan Qasımovanın ad günüdür
17 İyun 2011 Cümə 06:44
Fidan Qasımova Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir.
Fidan Qasımova - Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti, SSRİ xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı.

Qasımova Fidan Əkrəm qızı 17 iyun 1947-ci ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Konservatoriyası və Moskva Konservatoriyasının aspiranturasında təhsil alıb. İsveçrə və Niderlandda keçirilən beynəlxalq müsabiqələrin iştirakçısı, musiqiçilərin C.Viotti adına müsabiqənin laureatıdır. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir. 1974 ildən Azərbaycan Opera və Balet Teatrının solistidir.

Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mikaela ("Karmen", J.Bize), Marqarita ("Faust", Ş.Quno), Mimi, Çio-Çio-san ("Bohema", "Çio-Çio-san", C.Puççini), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Sevil ("Sevil", F.Əmirov) və s. rollarının məharətli ifaçısıdır.

Repertuarına Azərb. (Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi), rus (M.Qlinka, P.Çaykovski, S.Raxmaninov), Qərbi Avropa (A.Stradella, İ.S.Bax, G.F.Hendel və b.) bəstəkarlarının kamera-vokal əsərləri, eləcə də Azərb. xalq mahnıları ("Laçın", "Qubanın ağ alması", "Girdim yarın bağçasına", "Evləri var xana-xana" ve s.) daxildir.

1974 ildən Azərb. Dövlət Konservatoriyasında dərs deyir. 1992 ildən İstanbul Dövlət Universiteti Konservatoriyasının professorudur. Çexoslovakiya, Almaniya, Danimarka, Portuqaliya, Belçika, Rumıniya, Hollandiya, Türkiyə və s. kimi xarici ölkələrdə qastrol səfərlərində olub. "Torpaq. Dəniz. Od. Səma" adlı Azərbaycan filmində çəkilib. Azərbaycanın Şöhrət ordeni ilə təltif edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar