Bu gün Əliağa Vahidin ad günüdür
18 Fevral 2010 Cümə Axşamı 06:35
Əliağa Vahid təxəllüsünü ona hazırcavablığına görə Mirzə Əbdülxalıq Yusif verib
İsgəndərov Əliağa Məmmədqulu oğlu (Əliağa Vahid) 18 fevral 1894-cü ildə anadan olub. İbtidai təhsilini mollaxanada alıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazıb. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.

Vahid təxəllüsünü ona hazırcavablığına görə Mirzə Əbdülxalıq Yusif verib. 1914-1915-ci illərdən şeirlərini çap etdirməyə başlayıb. O, əsasən qəzəlxan şair kimi tanınıb. Tənqid-təbliğ Teatrında onun satirik əsərləri tamaşaya qoyulub.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şer: “Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s. yazıb, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edib. “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanları kəskin satira atəşinə tutulub. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə (“Döyüş qəzəlləri”, 1943; “Qəzəllər”, 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və b.-nın qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

Əməkdar incəsənət xadimi olan Əliağa Vahid 30 sentyabr 1965-ci ildə vəfat edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar