Bilal Əliyevə "Xalq artisti" fəxri adı verilib
02 İyul 2009 Cümə Axşamı 21:15
Azərbaycan prezidenti bu gün müvafiq sərəncam imzalayıb

 

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə müğənni Bilal Şahşirin oğlu Əliyevə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı verilib.

Fəxri ad Bilal Əliyevə Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinə görə verilib.

Bilal Əliyev 1982-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunun «Xanəndə» fakültəsinə daxil olub, 1986-cı ildə texnikumu müvəffəqiyyətlə bitirib. Əmək fəaliyyətinə həmin ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı vəzifəsi ilə başlayıb.

Müğənni 1993-cü ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı kimi fəaliyyət göstərir. O, Türkiyənin Ankara, İstanbul, Kırıkkale və digər şəhərlərində keçirilən festivallarda, Avstriyanın Vyana şəhərində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukraynanın Kiyev şəhərində keçirilən «Azərbaycan Mədəniyyəti Günləri» və «Azərbaycan Musiqisi Gecələri»ndə çıxış edib.

Hal-hazırda Bilal Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3 kurs tələbəsidir.

2000-ci ilin oktyabr ayında müğənni Azərbaycan prezidentinin fərmanı ilə «Əməkdar Artist» fəxri adına layiq görülüb./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar