Beynalxalq Novruz Festivalı Azərbaycanda-2011
17 Mart 2011 Cümə Axşamı 14:49
Tədbir 15-22 mart tarixlərində keçiriləcək
AEGEE-Bakı (Avropa Tələbələr Forumu- Bakı İctimai Birliyi) tərəfindən “Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2011” adlı beynəlxalq tədbir təşkil ediləcək. 15-22 mart tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirin əsas məqsədi dünya gənclərini xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, eyni zamanda mühüm əhəmiyyət daşıyan mədəniyyətlərarası gənclər mübadiləsini inkişaf etdirməkdir. Bu barədə məlumat ANS PRESS-ə nazirliyin mətbuat xidmətindən verilib.
Layihədə dünyanın müxtəlif ölkələrindən 30 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər.
Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda (“dözümlülük”, “yerli adət və ənənələr və qlobalizasiya”, “müasir dünyada mədəniyyət”, “musiqi özünü ifadə etmə üsulu kimi” və s.) müzakirələr etmək şansı qazanacaqlar. Bu müzakirələr vasitəsilə iştirakçılar digər xalqların, həmçinin azərbaycanlı gənclərin fikirləri və mövqeləri ilə tanış olmaqla, qarşılıqlı anlaşmaya və dünyada sülhün yayılmasına töhvə vermək imkanı əldə etmiş olacaqlar.
Xatırladaq ki, AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsində 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 17000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa (www.aegee.org) təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. AEGEE-Bakı 2004-cü ildən fəaliyyətə başlamış və bu günə qədər müxtəlif layihələrə 500-dən artıq yerli tələbəni cəlb edib. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla gənclərimiz arasında Avropa dəyərlərini təşviq etməkdir.
DOSTLARINLA PAYLAŞ: