Belçikanın tanınmış musiqiçisi Bakıda konsert verib
22 İyul 2010 Cümə Axşamı 01:10
Konsertdən əldə ediləcək vəsait uşaq hüquqları üzrə “qaynar xətt” xidmətinin hesabına köçürüləcək.
Belçikanın tanınmış fleytaçısı Kristian Plouviyer bu ölkənin milli bayramı münasibətilə Beynəlxalq Muğam Mərkəzində geniş konsert proqramı ilə çıxış edib. Mərasimin əvvəlində Azərbaycanın və Belçika Krallığının Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Belçikanın Azərbaycandakı səfiri Filippe Jottard artıq 179-cu ildir ki, ölkənin milli bayramı - Kralın andiçmə gününün təntənəli şəkildə qeyd olunduğunu bildirib. O, Belçika və Azərbaycan arasında iqtisadi, siyasi, mədəni əlaqələrdən danışan səfir əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Sənaye və energetika naziri Natiq Əliyev əlamətdar gün münasibətilə Belçika xalqını təbrik etmişdir. Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu xatırladan nazir, regional əhəmiyyətli layihələrin həyata keçirilməsində dövlətlərimizin əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.
Sonra Belçikanın Azərbaycandakı səfirliyinin dəvəti ilə ölkəmizə gəlmiş tanınmış fleytaçı Kristian Plouviyer geniş konsert proqramı ilə çıxış edib.
Konsertdən əldə ediləcək vəsait uşaq hüquqları üzrə “qaynar xətt” xidmətinin hesabına köçürüləcək.
Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: