Belçikalı musiqiçi: “Muğam xüsusi bir musiqi növüdür və çox gözəldir”
21 İyul 2010 Çərşənbə 15:50
Belçikanın məşhur musiqiçisi, fleytaçı Kristian Plavyenin (Christian Plouvier) APA-ya müsahibəsi.
- Azərbaycana səfərinizdə məqsəd nədir? Yəqin bu, Azərbaycana ilk gəlişinizdir.
- Bəli, ilk dəfədir Azərbaycandayam. Məni Belçikanın Azərbaycandakı səfirliyi iyulun 21-də, Belçikanın Müstəqillik Günündə bir neçə əsər ifa etmək üçün dəvət edib. İyulun 22-də isə xeyriyyə konsertinə qatılacağam. Kifayət qədər rəngarəng proqram olacaq və yapon, klassik Avropa musiqisi, Argentina tanqosu ilə yanaşı, Fikrət Əmirovun 6 kompozisiyasını ifa edəcəyəm. Hesab edirəm ki, biz musiqiçi və incəsənət adamlarının bəxti gətirib, çünki musiqi vasitəsilə cəmiyyətə dəstək verə, kimsəsizlərə, ehtiyacı olanlara kömək edə bilirik. Mən bir neçə il Afrikada yaşamışam. İnsanların əzablarını, xəstəliklərini, özlərinə dərman ala bilməmələrini gördükdə özünü günahkar sayırsan. Ona görə də mən məmnuniyyətlə xeyriyyə konsertləri verirəm.
Cümə günü iki master-klassda iştirak edəcəyəm, onlardan biri Konservatoriyada olacaq və orada Azərbaycan milli musiqi alətləri ilə tanış olacağam.
- Bakı haqqında ilk təəssüratlarınız necədir?
- Azərbaycanın neft çıxarılan ölkə olduğunu eşitsəm də, ətraflı məlumata malik deyildim. Vaxtilə Türkiyədə yaşayarkən Azərbaycana gəlməyi planlaşdırmışdıq, lakin alınmamışdı. Bakı fəal surətdə inkişaf edən şəhər təsiri bağışlayır. Çoxlu yaşıllıq, ağac da var və bu, mənim çox xoşuma gəlir.
- Özünüz haqqında nə deyə bilərsiniz? Musiqiyə marağınız nə vaxt yaranıb?
- Musiqi ilə ilk tanışlığım skaut düşərgəsində tonqalın ətrafında oturub gitara çalarkən olub. Əvvəlcə mən məhz gitara çalmağı öyrəndim. Sonra atam mənə musiqi məktəbinə getməyi məsləhət gördü. Biz ora getdikdə gitara sinfində yer olmadığını gördük. Gitara sinifi çox populyar idi və hər kəs bu alətdə çalmağı öyrənmək istəyirdi. Məktəbdə boş yer təkcə fleyta sinifində idi. Mən də bu sinifə getməli oldum. Fleytanın səsini ilk dəfə eşidərkən bu alətə vuruldum. 16 yaşımda yay kurslarına getdim və məşhur fleyta ifaçısı Jan Pyer Rompal ilə tanış oldum. O, fleytada bir nömrə idi və bu aləti dahiyanə ifa edirdi. Mənim bəxtim gətirdi və onun təcrübəsindən yararlana bildim. Sonra Belçika Milli Opera Orkestrində çalışmağa başladım. Fleyta çalmağa 12 yaşımda başladım və 40 ildir bu sənəti davam etdirirəm.
- Daha çox hansı musiqiləri ifa edirsiniz - klassik, yoxsa müasir əsərləri?
- Daha çox klassik. Lakin yeni bir ölkəyə getdikdə həmişə yerli musiqiçilərlə tanış olmağa, milli musiqiyə qulaq asmağa çalışıram. Bakıda keçiriləcək konsertdə yerli ifaçılarla muğam ifa etməyə çalışacağam. Bu, mənim üçün böyük sınaq olacaq. Bura gəlməzdən əvvəl bir neçə muğam kompozisiyasına qulaq asdım, internetdən bu barədə məlumatlar götürdüm. Sizin çox yaxşı muğam ifaçılarınız var. Muğam xüsusi bir musiqi növüdür və çox gözəldir.
- Hansı Azərbaycan bəstəkarlarını tanıyırsınız?
- Fikrət Əmirov, Arif Məlikov.
- Azərbaycanda cazı çox sevirlər. Siz Azərbaycan caz ifaçılarını tanıyırsınızmı?
- Əlbəttə, Əzizə Mustafazadə. Mən onun ifasına bir neçə il əvvəl qulaq asmışam. Kimsə mənə onun diskini verdi və günlərlə avtomobildə onu dinlədim. O, çox istedadlı və gözəl ifaçıdır.
- Bakı təəssüratlarınızdan sonrakı yaradıcılığınızda istifadə edəcəksinizmi?
- Bəli. İstənilən ölkəyə səyahət mənim işimi zənginləşdirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: