Barselonada gənc azərbaycanlı rəssamların sərgisi açılıb
27 May 2011 Cümə 14:56
Barselonada gənc azərbaycanlı rəssamların sərgisi açılıb


Bakı – APA. Mayın 22-30-da İspaniyanın Barselona şəhərində gənc azərbaycanlı rəssamların sərgisi açılıb. Azərbaycanın İspaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş sərgi 1779-cu ildə tikilmiş və hazırda Barselonanın ən tanınmış turizm məkanlarından biri olan “Castillo Montjuic” Sarayında təşkil olunub. Sərginin keçiriləcəyi bir həftə ərzində 50 min turistin həmin sərgini ziyarət edəcəyi gözlənilir.

Mayın 24-də Azərbaycan mədəniyyətinin İspaniyada təbliğinə, ölkənin tanıdılmasına xidmət edən sərginin açılışı keçirilib. Bu məqsədlə Barselonanın yüksək səviyyəli rəsmiləri, ictimaiyyət və media nümayəndələri, İspaniyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar həmin tədbirə dəvət edilib.

Azərbaycanın İspaniyadakı səfiri A. Əfəndiyev sərginin açılışında çıxış edib. Daha sonra söz alan Barselona meriyasının beynəlxalq əlaqələr üzrə müşaviri İqnasi Cardelus Azərbaycanı müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar təbrik edərək belə bir sərginin Barselonada təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Qeyd edək ki, rəsmlərin bir hissəsi Madridə aparılaraq mayın 27-də Respublika Günü münasibətilə veriləcək rəsmi ziyafət zamanı ictimaiyyətə təqdim olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar